Ermənistanda hər zaman idxalın həcmi ixracdan yüksək olub

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərlə bağlı hesabat verilib. Məlum olub ki, 2017-ci ilin 11 ayında ondan əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard ABŞ dolları təşkil edib, əmtəə ixracı isə 19 faiz artaraq 14 milyard ABŞ dollarını üstələyib.

Məmnunedici hal kimi, qeyri-neft əmtəə ixracının 24 faiz artmasını xüsusi qeyd etmək lazımdır. Bütövlükdə, ticarət hesabında 6 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb və nəticədə dövlətin məcmu valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,5 milyard ABŞ dolları və ya 13,3 faiz artıb.

Prezident İlham Əliyev sözügedən məsələ ilə bağlı çıxışında bir sıra məqamlara toxunub: "İdxal təqribən cəmi 1 faiz artmışdır və bu da təbiidir. Çünki, ilk növbədə, Azərbaycan öz daxili tələbatını daha böyük həcmdə daxili istehsal hesabına təmin edir, digər tərəfdən vətəndaşların alıcılıq qabiliyyəti artır. Beləliklə, idxalın sabit səviyyədə qalması hesab edirəm ki, çox böyük nəticəmizdir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır. İqtisadçılar yaxşı bilirlər ki, bu, çox gözəl göstəricidir. Əminəm ki, bu il və bundan sonrakı illərdə bizim saldomuz həmişə müsbət olacaq. Hesab edirəm ki, fərq daha da böyük olacaq”.

Müqayisə üçün qeyd edək ki, Ermənistan xarici ticarətində ötən ili 31 faiz mənfi saldo artımı ilə başa vurub. Yəni adıçəkilən ölkədə idxalın həcmi ixracı xeyli üstələyir.

Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Ermənistanda hər zaman idxalın həcmi ixracdan yüksək olub: "Bunun da bir sıra səbəbləri var. Məsələ ondadır ki, işğalçı ölkənin iqtisadiyyatı bərbad vəziyyətdədir. Fatiki olaraq ölkə kreditlər və xarici ianələr hesabına vəziyyətdən çıxır. Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı olmasının başlıca səbəbi onların yeritdiyi işğalçılıq siyasəti ilə birbaşa bağlıdır. Məsələ ondadır ki, bu səbəbdən Ermənistanın Azərbaycan və Türkiyə ilə olan sərhədləri bağlıdır. Dənizə çıxışı olmayan Ermənistan yalnız Gürcüstan və İranla əlaqələrə malikdir ki, bu da ölkə iqtisadiyyatının inkişafı üçün yetərli deyil. Ermənistan iqtisadiyyatında xarici sərmayələrin rolu çox azdır. Çünki ölkə iqtisadiyyatı xarici sərmayədarlar üçün əlverişli deyil. Bütün bunlar əlbəttə ki, iqtisadi-sosial vəziyyəti daha da pisləşdirir, ölkədən miqrasiyanı gücləndirir. Belə olan halda, Ermənistanda hələ bir neçə il idxalın səviyyəsi ixracdan yüksək olacaq”.