Ermənistanda insan hüquqlarının pozulması yeni deyil

Arzuxan Əlizadə: "Bunların kökündə dayanan başlıca amil cəmiyyətin bütün təbəqələrində insan hüquqlarının pozulmasıdır”

Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ən çox şikayət olunan 10 ölkədən biridir. Bu haqda AİHM-in yanvarın 25-də açıqlanan illik hesabatında bildirilib. Hesabatın mətni məhkəmənin saytında yayımlanıb. Qeyd olunub ki, ötən il Ermənistandan Avropa İnsan Haqları Məhkəməsinə 356 şikayət daxil olub. Ümumilikdə isə Ermənistan əhalisinin sayına görə 2017-ci ildə hər 10 min nəfərə 1,19 şikayət düşür.

Ötən il AİHM 109 iddianı Ermənistana qarşı yolverilməz hesab edib. 44 şikayət barədə hökumətə göstəriş verilib və 12 iş üzrə qətnamə çıxarılıb.

Hazırda məhkəmədə Ermənistandan daxil olan 1819 ərizənin baxılması gözlənir. İndiyədək Ermənistan üzrə Avropa İnsan Haqları Məhkəməsi 87 qərar çıxarıb.

Görünən odur ki, totalitar hakimiyyətin getdikcə gücləndiyi Ermənistanda insan haqlarının pozulması daha geniş vüsət almağa başlayıb. Hakimiyyət ona qarşı bütün etirazları güc, təzyiq, həbslərlə susdurmağa çalışır. Bunun nəticəsidir ki, siyasi baxışlarına, hakimiyyətə qarşı səsləndirdiyi tənqidi fikirlərə görə həbsə atılanların sayı durmadan artır. Daha bir problem isə həbsdə insanların hüquqlarının kobud şəkildə pozulması, onların müxtəlif zorakılıqlara, təhqirlərə məruz qalmasıdır.

Digər tərəfdən, məhkumların saxlanma şəraiti də olduqca bərbad vəziyyətdədir. Bununla yanaşı, Ermənistan həbsxanalarında işgəncə hallarının olması barədə də tez-tez mətbuatda yazılar dərc olunur.

Bütün bunların fonunda, Ermənistanın AİHM-ə ən çox şikayət edilən 10 ölkədən biri olmasına ekspertlər necə yanaşırlar?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bütün bunlar Ermənistanda insan haqlarının kobud şəkildə pozulmasının əyani göstəricisidir: "Ermənistanda insan hüquqlarının pozulması yeni deyil. Zaman-zaman belə hallar baş verib. Ancaq Qarabağ dalğasında ölkədə hakimiyyəti qamarlayan hazırkı rejim dönəmində bu, daha kəskin formada özünü göstərib. Ona görə ki, Sarkisyan rejimi üçün heç bir baryer yoxdur. 2008-ci ilin martında ölkədə keçirilən seçkilər zamanı bu bir daha bütün dünyaya bəlli oldu. Etiraz edənlər güllələndi. Erməni hüquq müdafiəçiləri dəfələrlə həbsxanaların doluluğu və vaxtında tibbi yardım göstərilmədiyi ilə bağlı narahatlıq bildirsələr də, buna məhəl qoyan yoxdur. Məhbuslar yer olmadığından, növbə ilə yatmağa məcbur olduqları haqda məlumatlar var. Bununla belə, keçmiş məhbuslar hüquq-müdafiə təşkilatlarına bildirirlər ki, həbsxanalarda antisanitariya hökm sürür, yemək paketlərində tarakanlar gəzir və s. İnsan hüquqlarının kobud şəkildə pozulduğu məkanlardan biri isə ordudur. Burada baş verən pozuntular hərbçi itkilərinin sayını da davamlı şəkildə çoxaldır. Belə məlumatların ictimaiyyətdən gizlədilməsi üçün hökumət qabaqlayıcı addımlar atır. Bunun nəticəsidir ki, Ermənistanın Apelyasiya Məhkəməsi silahlı qüvvələrdə baş verən fövqəladə hallar və hadisələr barədə məlumatın Müdafiə Nazirliyi tərəfindən təqdim edilməməsini dəstəkləyib. Bunların kökündə dayanan başlıca amil cəmiyyətin bütün təbəqələrində insan hüquqlarının pozulmasıdır. O baxımdan Ermənistanın AİHM-ə ən çox şikayət edilən 10 ölkədən biri olması təəccüblü deyil”.