Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində Ermənistanın minalanmış sahələrlə bağlı yeni təxribatlarından danışıb:
“Biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə yerli qurumlar tərəfindən bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma - hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər”.
Maraqlıdır, niyə ATƏT-in Minsk Qrupu Ermənistanı sülh razılaşmasından irəli gələn addımları atmağa vadar etmir? Söhbət minalanmış ərazilərlə bağlı xəritənin Azərbaycana verilməsindən gedir.
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ərazilərin minalardan təmizlənməsi olduqca önəmli məsələdir: “Təbiidir ki, Qarabağda minaları biz yox, ermənilər basdırıb. Bu baxımdan da, həmin sxem onlardadır. Uzun müddət döyüş hazırlığı ilə məşğul olan mühəndis qoşunları bu istiqamətdə addımlar atır. Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək məqsədilə yüksək peşəkarlıq göstərərək əzmlə vətənə fayda verirlər. Hazırda Azərbaycan Ordusunun bölmələri işğaldan azad edilən ərazilərdə yerləşdirilib. Digər bölmələr kimi, mühəndis bölükləri də bu ərazilərdə tapşırıqlarını icra edirlər. Dağıdılmış ərazilərin bərpası, yeni yolların çəkilməsi, mina və digər maneələrdən təmizlənməsi üçün mühəndis qoşunları əlindən gələni edir. Mühəndis qoşunlarımızın bölmələrinin hərbi qulluqçuları, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə birlikdə işğaldan azad olunan ərazilərimizin mina və partlamamış digər sursatlardan təmizlənməsini davam etdirirlər. Bu barədə rəsmi məlumatlar da verilib. Ancaq biz görürük ki, minalanmış ərazilər həddən artıq çoxdur. Hətta müharibə başa çatandan sonra bir neçə hərbçimiz və mülki vətəndaşımız da minaya düşərək həlak olub. Ancaq ATƏT-in Minsk Qrupu həmsədrləri bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib. Tez-tez status məsələsini gündəmə gətirən həmsədrlər, yaxşı olar ki, bölgədə təhlükəsizliyin təmini üçün addım atsınlar. Prezidentin bu açıqlamasından sonra onlar mütləq mənada minalanmış ərazilərlə bağlı xəritəni Ermənistandan tələb etməlidir. 30 ilə yaxın bir müddətdə ciddi uğura imza ata bilməyən bu format, yaxşı olar ki, heç olmasa belə texniki məsələlərlə bağlı obyektiv mövqe tutsun”.
Ekspertin sözlərinə görə, bu cür xəritəni Ermənistandan tələb etmək Minsk Qrupu həmsədrlərinin mandatına tam uyğundur.
Millət