Bu gün Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən tədbirdə hüquq müdafiəçisi Fərhad İsfəndiyar oğlu Musayev "Ləyaqət” medalı ilə təltif olunub. GAXA-nın məlumatına görə, tədbirdə gürcü və azərbaycanlı ziyalılar, parlementin keçmiş deputatları, Azərbaycan səfirliyinin əməkdaşları, QHT nümayəndələri, Tiflis şəhər meriyasının rəsmisi, jurnalistlər, Tiflisdə yaşayan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə çıxış edən ziyalılar F. Musayevin hüquq işçisi kimi hansı vəzifədə olur-olsun şərəflə, vicdan və məsuliyyətlə çalışdığını qeyd ediblər.
Gürcüstan prezidentinin məsul əməkdaşı Lado Onoprişvili GAXA-ya açıqlamasında Fərhad Musayevin multikulturalizmə şamil edilən insan olduğunu bildirib: "Bu gün biz prezidentin imzaladığı sərəncamla hüquq müdafiəçisi Fərhad Musayevə "Ləyaqət” medalını təqdim etdik. Onun haqqında danışan bütün ziyalıların fikirləri müsbət oldu. F. Musayevə medal verilməmişdən əvvəl mən daxili işlər nazirliyinə zəng etdim və onun necə bir insan və hüquq müdafiəçisi olduğunu soruşdum. Nazirlik onun ədalətli və məsuliyyətli hüquq müdafəçisi olduğunu dedilər. Sonra onunla tanış olanda bunun şahidi oldum. Nazirlik rəsmiləri də bildirdilər ki, F. Musayev hər cür mükafata layiqdir. Biz prezident aparatının məsul əməkdaşları olaraq Gürcüstanda yaşayan və ləyaqətlə çalışan insanların fəaliyyətini həmişə qiymətləndirməyə çalışacağıq. Prezident Salome Zurabişvili də məhz belə insanların əməyini qiymətləndirir və onlardan biri də Fərhad Musayevdir",- deyə, prezident aparatının məsul əməkdaşı vurğulayıb.
"Mən harada azərbaycanlı əhalisinin gürcü cəmiyyətinə inteqrasiyasına, işlə təmin olunmasına, milli dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə çalışmışam. Bu, hüquqşünas kimi həmişə mənim qarşımda duran vəzifə olub”. GAXA-nın məlumatına görə, bu sözləri açıqlamasında Fərhad Musayev bildirib. 70 yaşlı peşəkar hüquq işçisi hazırda Gürcüstanın Vəkillər Assosiasiyasının üzvü, Gürcüstan Ombudsmanı yanında Milli Azlıqlar Şurasının üzvü və Gürcüstan Azərbaycanlılarının İslahatlara, İnkişafa Dəstək İttifaqının prezidentidir.
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili peşəkar hüquq müdafiəçisi Fərhad İsfəndiyar oğlu Musayevi gürcü və Azərbaycan xalqı arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində şəxsi fəaliyyətinə və məhsuldar ictimai işinə görə və həmçinin, Gürcüstan Azərbaycanlılarının İslahatlara, İnkişafa Dəstək İttifaqının fəaliyyətində göstərdiyi xüsusi xdmətlərə görə "Ləyaqət” medalı ilə təltif edib.
Bu gün keçirilən tədbirdə müdalı F. Musayevə prezident aparatının məsul əməkdaşı Lado Onoprişvili təqdim edib.
F. Musayev mükafat üçün prezident S. Zurabişviliyə və tədbir iştirakçılarına iştəşəkkür edib. GAXA-ge