Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT)
təşəbbüsü ilə keçiriləcək və bir sıra ictimai xadimlər, Qarabağ
döyüşçülərinin təşkilat komitəsində təmsil olunduğu "Qarabağ mitinqi”nə
icazə verib.
Mitinq sentyabrın 29-da saat 15.00-dan 17.00-dək Yasamal rayonu ərazisində, "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda keçiriləcək.
Təşkilatçılar
bəyan ediblər ki, 29 sentyabr "Qarabağ mitinqi” ideyası Azərbaycan
ictimaiyyətinin ölkə daxilində, habelə xaricdə yaşayan ən geniş
təbəqələri tərəfindən müdafiə olunur və mitinqdə iştirak edəcəkləri
barədə minlərlə insanın çağrışları KİV- də, sosial şəbəkələrdə, əhali
arsındakı canlı müzakirələrdə səslənib.
Modern.az Azərbaycan siyasi arenasında fəaliyyət göstərən partiyaların mitinqdə iştirak edib-etməyəcəyi barədə sorğu keçirib. Görəsən, siyasi partiya rəhbərləri "Qarabağ mitinqi”ndə iştirak etməyi zəruri hesab edirmi?
İlk olaraq,Ümid Partiyasının sədri İqbal Ağazadə
ilə həmsöhbət olduq. Partiya sədri rayon təşkilatlarını, bütün
Azərbaycan üzrə tərəfdarlarını və üzvlərini mitinqlə bağlı səfərbər
etdiklərini vurğulayıb:
"Çalışırıq ki, sabah Qarabağın
adına layiq mitinq baş tutsun. Ən azı beynəlxalq təşkilatlar və
Ermənistan görməlidir ki, Azərbaycanla hədə-qorxu, güc dili ilə danışmaq
olmaz. Bu xalq istənilən an hakimiyyətin, müxalifətin yaxud sadə bir
insanın Qarabağ çağırışı ilə ayağa qalxa bilər. Qarabağ məsələsi tək
iqtidarın və müxalifətin yox, bütün Azərbaycanın problemidir. Güman
edirəm ki, Azərbaycan vətəndaşları, ürəyi Qarabağla döyünən insanlar
mitinqdə səsini ucaldacaqlar.
"Qarabağ mitinqi”nin təbliğ olunmasında jurnalistlərin də üzərinə böyük yük düşür. Onlar çağırış edib, təbliğat aparmalı, ən sonda hər biri meydanda olmalıdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir Rüstəmxanlı da "Qarabağ mitinqi”nin qatı tərəfdarlarındandır. O xatırladıb ki, bir müddət əvvəl partiya Dünya Azərbaycanlıları konqresi adından "Qarabağ forumu” keçirdi:
"Həmin formda da qərara aldıq ki, Qarabağ məsələsi ümummilli problemdir. Ona görə, mitinqdə mütləq iştirak edəcəyik. Burada iqtidar, müxalifət söhbəti olmamalıdır. Hər birimiz "Qarabağ” deyə-deyə hakimiyyətə gəlmişik. Qarabağla bağlı yenidən millətin, xalqın səsini ucaltmaq mütləqdir”.
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) isə "Qarabağ mitinqi”ndə iştirakla bağlı konkret qərar verməsə də, mitinqdə təmsil olunacaq.
AMİP Mərkəzi Şurasının üzvüƏli Orucluhesab edir ki, mitinqdə iştirak hər insanın içindən gələn Qarabağ sevgisi, vətənə olan borcudur:
""Qarabağ mitinqi”ndə iştirakla bağlı təşkilatçılar tərəfindən bizə müraciət olunmadı. Ona görə, partiya daxilində mitinqdə iştirak etmək məsələsi müzakirəyə çıxarılmadı. Lakin bununla əlaqədar xüsusi qərar verilməsinə ehtiyac da yoxdur. Fərdi şəkildə bütün partiya üzvləri iştirak edə bilərlər.
Mən özüm də, partiya rəhbərliyi də sıravi Azərbaycan vətəndaşı kimi mitinqdə iştirak edəcəyik. Çox istərdik ki, mitinq izdihamlı, möhtəşəm alınsın, xalqın səsi bütün dünyaya yayılsın”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev də "Qarabağ mitinqi”ni zəruri hesab edir. Onun sözlərinə görə, belə mitinqin keçirilməsi daxili auditoriya və beynəlxalq ictimaiyyət üçün mühüm əhəmiyyətlidir:
"Bu, insanların milli duyğularının oyanması baxımından vacibdir. Qarabağ məsələsində iqtidar, müxalifət məsələsi yoxdur. Hər kəs sərbəst şəkildə mitinqdə istifadə edə bilər”.
"Qarabağ mitinqi”ndə iştirak edəcək siyasi partiyalar sırasında Müasir Müsavat Partiyası da var. Partiyanın sədri Hafiz Hacıyev artıq bununla bağlı qərar verildiyini diqqətə çatdırıb:
"Sabahkı
mitinqdə iştirak edəcəyik. Bütün partiya rayon təşkilatlarına göstəriş
vermişik, təbliğat işlərinə davam edirik. Qarabağ artıq namus
məsələsidir, Azərbaycan dərdidir. Burada iqtidar, müxalifət ayrılığı
müzakirə mövzusu deyil. Mən Yeni Azərbaycan Partiyasını (YAP) da
mitinqdə iştirak üçün dəvət etmişəm. Hər kəs meydanda olmalı, Qarabağla
bağlı səsini ucaltmalıdır. Biz bununla Ali Baş Komandana yardım edirik. O
isə beynəlxalq təşkilatlar qarşısında çıxış edərək vurğulayır ki,
xalqım məndən Qarabağı azad etməyi tələb edir”.
H. Hacıyev ona mitinqdə çıxış etməyi təklif etdiklərini də söyləyib:
"Lakin çıxış etməyəcəyəm. Amma bütün fəallarımız, partiya üzvləri "Qarabağ mitinqi”ndə olacaq”.
Maraqlıdır ki, bəzi partiyalar sabah baş tutacaq "Qarabağ mitinqi”ni əhəmiyyətli hesab etmirlər.
Məsələn, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mitinqin keçirilməsini məqsədəuyğun hesab etmir:
"Qarabağı ancaq silahla azad edə bilərik. Mitinq keçirməklə işğal altındakı torpaqlarımızı azad etməyə bir addım da yaxınlaşa bilmərik. Hökumətin bu istiqamətdə ciddi fəaliyyətə keçməsinə çalışmalıyıq. Partiya tərəfdarlarına, üzvlərimizə tapşırıq vermişik ki, mütləq "Qarabağ mitinqi”ndə iştirak etsinlər. Halbuki, özümüz bu mitinqi faydalılıq, yararlılıq baxımından yetərli hesab etmirik”.
S. Cəlaloğlu vurğulayıb ki, ADP mitinqdə təşkilatçı deyil, sadəcə müşahidəçidir:
"Fikrimizi orada da bildirdik ki, mitinq vacib deyil. Hər halda əhalinin, azərbaycanlıların Dağlıq Qarabağ məsələsinə münasibəti bu mitinqlə üzə çıxacaq. Ümid edirik, gözlənilən nəticə əldə ediləcək”.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də "Qarabağ mitinqi”nə qatılmayacaq:
"Mitinqdə iştirak etmək fikrində deyiləm. Düşünürəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini mitinqlə deyil, dövləti, xarici siyasəti, hərbi gücü və iqtisadiyyatı gücləndirməklə həll edə bilərik. Ona görə, "Qarabağ mitinqi”ndə səs ucaltmağı lazım bilmirəm.
Bütün bunlara rəğmən, partiya üzvlərinə mitinqdə iştirakla bağlı bağlı məhdudiyyət yoxdur. Kim istəyirsə, fərdi şəkildə "Qarabağ mitinqi”nə qatıla bilər”.