Həmsədrlər yenə də ədalətsiz mövqe sərgilədilər

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şefer (ABŞ) birgə bəyanat yayıblar.

Musavat.com-untəşkilatın saytına istinadən verdiyi xəbərə görə, həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmaya əsasən, tərəflərin öhdəliklərini tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırıb.

Həmsədrlər mülki itkilərin bütün hallarda qəbuledilməz olduğunu bir daha vurğulayıb.

Həmsədrlər tərəfləri meyitlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıblar və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət ediblər.

Həmsədrlər qeyd ediblər ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyirlər.