Ukraynada davam edən müharibə fonunda Kiyevin ən böyük narahatlıqlarından biri də hava hücumundan müdafiə imkanlarının zəifləməsidir. Prezident Vladimir Zelenskinin son açıqlaması göstərir ki, Qərbdən hərbi dəstəyin həcmi əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə azalıb. Bu isə həm Ukraynanın müdafiə qabiliyyəti, həm də müharibənin gələcək gedişi ilə bağlı yeni suallar yaradıb.
Hava hücumundan müdafiə raketlərinin azalması Kiyevin döyüş imkanlarına necə təsir göstərəcək? ABŞ-ın prioritetlərini Yaxın Şərqə yönəltməsi Ukrayna siyasətində dönüş nöqtəsi hesab oluna bilərmi?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a bildirdi ki, Ukraynanın son dövrlər Rusiyaya qarşı hava hücumlarını intensivləşdirməsi və miqyasını genişləndirməsi Kiyevin xeyrinə nisbi üstünlük qazandırsa da, bu müharibənin gedişində ciddi dönüş yaratmayıb: “Ukraynanın hava məkanının etibarlı və effektiv müdafiə edilməməsi Rusiyanın havada tam sərbəst hərəkətinə imkan verir. Dəfələrlə bu məsələ Qərb müttəfiqlərinin diqqətinə çatdırılsa da, hava hücumundan müdafiə sistemləri tələb olunsa da, ortada hələ ki, müsbət nəticələr yoxdur. ABŞ-ın İranla müharibəsi Vaşinqtonun diqqətini bu bölgəyə fokusladı və Ukrayna arxa plana keçdi. Doğrudur, Kiyevə maliyyə dəstəyinin ayrılması barədə razılığa gəlindi və 2 il ərzində 140 milyard dollar həcmində silah və digər vasitələrin ayrılması nəzərdə tutuldu. Lakin bu məbləğ əvvəlki illərlə müqayisədə azdır. Digər mühüm detal Ukraynanın öz hərbi sənaye kompleksinin inkişaf etdirilməsidir ki, bu işlər də görülməkdədir.
ABŞ Körfəzdə və İsraildə müdafiəni gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini ora yerləşdirib. Hətta Qərbi Avropadakı Patriot sistemlərini də çıxararaq Yaxın Şərqə daşıyıb. İsrailin Dəmir Qübbə sistemlərinin Ukrayna yerləşdirilməsi barədə danışıqlar aparılsa da son anda Təl Əviv həmin kompleksin Rusiyanın yaxud İranın əlinə keçə biləcəyini bəhanə gətirərək bundan imtina etdi”.
Politoloqun sözlərinə görə, İran-ABŞ gərginliyi Qərbi məcbur etdi ki, öz müdafiə məsələlərini özü həll etsin: “Bu və ya digər amillər Kiyevə dəstəyin azaldılmasına gətirib çıxardı. Həmçinin Ukraynadakı korrupsiya halları, ayrılan vəsaitin bəzən təyinatı üzrə xərclənməməsi də tərəddüdləri artırıb. Ancaq bununla belə Qərb yaxşı dərk edir ki, Ukrayna Rusiyadan qorunmaq üçün vazkeçilməz qaladır”.