Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov Milli Məclisdəki çıxışında Qərbi Azərbaycan məsələsinə diqqət çəkib.
Musavat.com-un məlumatına görə, Ə.Ələkbərov bildirib:“Hər kəsin yadındadır ki, 2022-ci il dekabrın 24-də cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasındakı tarixi çıxışında dövlətimizin və xalqımızın Vətən müharibəsindəqazandığımız möhtəşəm Zəfərdən sonrakı dövr üçün yeni hədəfini açıqladı və tarixi torpaqlarımıza – Qərbi Azərbaycana qayıdışımız uğrunda mübarizənin yeni mərhələsinin startını verdi, bildirdi ki, bu Qayıdış beynəlxalq hüquqa söykənməlidir, qaçqınlarımız dinc yolla, ləyaqətli şəkildə və təhlükəsizliklərinin təmin olunması şəraitində mütləq öz evlərinə qayıtmalıdırlar. Ötən bir neçə il ərzində cənab Prezident ölkədaxili və xarici auditoriyalardakı çıxışlarında bu məsələni 70 dəfəyə yaxın gündəmə gətirməklə məsələnin prioritetliyini hər kəsə bir daha xatırlatdı”.
Deputatın sözlərinə görə, məsələnin prioritetliyi təkcə onda deyil ki, Qarabağ müharibəsinin tərkib hissəsi kimi doğma ocaqlarından qovulmuş insanlar artıq 40 ilə yaxındır ki, qaçqın həyatı yaşayırlar və nə vaxt doğma yurdlarına qayıdacaqlarını səbirsizliklə gözləyirlər:
“Təkcə onda deyil ki, bu qayıdış Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın beynəlxalq hüquqa söykənən haqqıdır, həm də ondadır ki, Ermənistan-Azərbaycan müharibəsi bitsə də, Ermənistan-Azərbaycan münaqişəsini hələ də bitmiş saya bilmərik. Cənab Prezident İlham Əliyev bölgəyə əbədi sülhün gəlməsi naminə müharibədən dərhal sonra sülh təşəbbüsü ilə çıxış edərək, məğlub və cinayətkar Ermənistana sülh əlini uzatsa da, qarşı tərəf öz riyakar siyasətindən hələ də əl çəkməyib, ən müxtəlif manevrlərlə sülh sazişi bağlamaqdan yayınır, işğal altında olan anklav ərazilərimizi geri qaytarmağı uzadır, sosial media üzərindən qondarma “Böyük Ermənistan” mifinin təbliğini və Azərbaycana ərazi iddialarını daha da gücləndirir, 300 min nəfər Qərbi Azərbaycan qaçqının nəinki geriyə qayıtmaq hüququnu tanımaq istəmir, üstəlik, bütün beynəlxalq sənədlərə rəğmən bu məsələni gündəlikdən çıxarmağa çalışır. Bütün bunlar sübut edir ki, Ermənistan Azərbaycanla apardığı sülh danışıqlarında qətiyyən səmimi deyil. Ermənilərin bu günlərdə İrəvandakı dini-mədəni irsimizin nadir nümunəsi olan Göy məscidlə bağlı atdıqları çirkin addım bunu bir daha sübut elədi.
Ona görə də Qərbi Azərbaycana qayıdış məsələsi bu gün həm də Azərbaycan dövlətinin və Azərbaycan xalqının gələcək təhlükəsizliyi məsələsidir. Bu gün bu qayıdış olmasa, gec-tez biz erməni təcavüzü ilə yenə üz-üzə qalacağıq və yenə də minlərlə Azərbaycan övladı bu təcavüzün qurbanı olacaq. Dayanıqlı sülhün şərti birgəyaşayışdır. Birgəyaşayışın şərti isə Qərbi Azərbaycan qaçqınlarının geriyə qayıdışıdır. Bu gün Qərbi Azərbaycan qaçqınları buna hazırdır. Lakin bunun üçün bəzi zəruri addımlar da atılmalıdır. İlk növbədə bu qayıdışın qanunvericilik bazası yaradılmalı, ilk addım olaraq ata-baba yurdlarına qayıtmaq istəyən insanların qaçqın statusuna yenidən baxılmalı, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğunlaşdırılmaqla onların hüquq və vəzifələri bir daha dəqiqləşdirilməlidir.
Biz geri qaytaracağımız insanların sosial-siyasi statusunu qabaqcadan müəyyən etməliyik. Qanunvericilik aktlarında müxtəlif həssas qrupların sırasına, məcburi köçkünlərin adları harada keçirsə, orada qaçqınların da adı daxil edilməlidir. Mən demirəm bütün Qərbi Azərbaycan qaçqınlarına güzəştlər tətbiq edilsin, amma sosial müdafiəyə ehtiyacı olanlar nəzərə alınmalıdır. Qərbi Azərbaycana qayıdış məsələsi dövlətin strateji hədəflərindən, prioritetlərindən olduğu üçün, elə hesab edirəm ki, gələcəkdə büdcə prioritetləri sırasında da öz haqq etdiyi yerini tapmalıdır”.