17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanda xalq hərəkatının geniş vüsət aldığı, milli azadlıq ideyalarının gücləndiyi və müstəqillik uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyduğu tarixi gün kimi qeyd olunur.
1988-ci ildə başlayan hadisələr Azərbaycan xalqının milli özünüdərk prosesində və dövlət müstəqilliyinin bərpasına gedən yolda mühüm rol oynayıb.
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının milli azadlıq mübarizəsi və dövlət müstəqilliyinin bərpası yolunda atdığı ən mühüm tarixi addımlardan biridir.
Onun sözlərinə görə, 1988-ci ilin noyabrında Bakıda başlayan və qısa müddətdə geniş xalq hərəkatına çevrilən mitinqlər Azərbaycan cəmiyyətində milli oyanışın, azadlıq düşüncəsinin və milli birliyin güclənməsinin bariz nümunəsi idi:
“Həmin hadisələr göstərdi ki, Azərbaycan xalqı öz taleyini müstəqil müəyyənləşdirmək, milli maraqlarını qorumaq və suveren dövlət qurmaq əzmindədir. 1988-ci ildə başlanan xalq hərəkatının ən mühüm nəticələrindən biri milli özünüdərkin yeni mərhələyə yüksəlməsi oldu. İnsanlar artıq yalnız ayrı-ayrı problemlərə etiraz etmirdilər, bütövlükdə Azərbaycanın gələcəyi, ərazi bütövlüyü, milli kimliyi və dövlətçilik hüququ uğrunda mübarizə aparırdılar. Meydanlara toplaşan yüz minlərlə insanın nümayiş etdirdiyi həmrəylik cəmiyyətdə müstəqillik ideyasının daha geniş yayılmasına və siyasi proseslərin istiqamətinin dəyişməsinə ciddi təsir göstərdi”.
Deputat hesab edir ki, 17 Noyabrın əhəmiyyəti yalnız tarixi hadisə kimi qeyd olunması ilə məhdudlaşmır: “Bu gün Azərbaycan xalqının azadlıq iradəsini, milli birliyini və dövlət müstəqilliyinə aparan mübarizə yolunu xatırladır. 1988-ci ildə başlayan milli dirçəliş prosesi sonrakı illərdə müstəqilliyimizin bərpası ilə nəticələndi. Bu baxımdan Milli Dirçəliş Günü müasir Azərbaycan dövlətçiliyinin ideoloji və tarixi təməllərindən biri kimi daim böyük əhəmiyyət daşıyacaq”.