İğtişaşlar Tramp əleyhinə olan güclər tərəfindən idarə olunur

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkənin yarıdan çoxunu, böyük şəhərlərini əhatə etdi. İğtişaşlar ölkənin iri şəhərlərinə də yayılıb. Etiraz edən insanlara qarşı güc strukturlarının sərt müdaxilə etməsi, prezident Donald Trampın "Lazım olsa, ordunu da küçəyə çıxararam” bəyanatı isə ictimai narazılığı bir qədər də artırıb. Amerikada noyabr ayında prezident seçkilərinin olacağını nəzərə alsaq son hadisələrin prezident seçkilərində Trampın mövqeyinə necə təsir edəcəyi sualı aktuallaşır. Onun rəqibi Co Bayden öldürülən Floydun ailəsinə baş çəkib. Belə görünür ki, bu hadisə seçkilərdə tərəflərdən ən azı birinin əlinə fürsət verib.

Bu barədə "Yeni Müsavat”a şərhində AMİP beynəlxalq əlaqələr katibi, politoloq Elşən Mustafayev bildirdi ki, ABŞ-dakı son hadisələr sözsüz ki, noyabrda keçirilməsi gözlənilən seçkilərə təsir göstərəcək. Amma hansı namizədin şanslarına təsir göstərəcəyi hələ tam dəqiq deyil. Bəllidir ki, Demokratlar partiyası seçki öncəsi Trampla müqayisədə aşağı olan şanslarını yüksəltmək məqsədilə bu hadisədən istifadəyə çalışacaqlar: "Eyni zamanda şayiələr də gəzir ki, iğtişaşlar Tramp əleyhinə olan güclər tərəfindən idarə olunur. Lakin ortada fakt olmadığından bu məsələnin üstündə dayanmaq istəməzdim. Amma Co Bayden namizəd kimi Floydun ailəsinə baş çəkməsini bu səpkidən olan cəhdlərdən biri kimi dəyərləndirərdim. Baxaq görək hadisələrin bu həddə qədər inkişafı namizədlərin şanslarına necə təsir edə bilər. Müşahidələrimə görə hadisələrin ilk günlərində qaradərili vətəndaşlar və bir çox ağ dərililər həmrəy şəkildə olaya kəskin reaksiyalar verməyə başlamışdı. Sonradan dinc etirazların iğtişaşlara çevrilməsi, ticarət obyektlərinin qarət edilməsi və ağ dərili vətəndaşların hədəf kimi seçilərək döyülməsi, hətta məlumatlara görə bir çoxlarının öldürülməsi etirazlara münasibəti kökündən dəyişməyə başlayıb. Artıq məsələ irqi ayrıseçkilik çərçivəsindən çıxıb cinayətkar qrupların məqsədlərinə xidmət etməyə başlayıb. O səbəbdəndir ki, etirazların ilk günlərindən səmimi olaraq küçələrə çıxan insanların xeyli hissəsi evlərinə çəkilib. Əvəzində ABŞ-ın bir çox ştatlarında ağdərili vətəndaşlar özlərinə qarşı ayrıseçkilik, həmçinin həyati təhlükə olduğunu bildirməklə Trampdan sərt tədbirlər tələb etməyə başlayıblar. Belə bir ortamda namizədləri müqayisə edək. Trampdan narazı qüvvələr əsasən qaradərili insanlardır. Onların əksəriyyəti isə ənənəvi olaraq proqramlarında sosial yardım paketləri bol olan demokratlara səs veriblər. Təbii ki, bundan sonra da verəcəklər. Deməli, bu istiqamətdə Tramp hələ ki, heç nə itirmir, Bayden də demək olar ki qazanmır. Ancaq ağ dərili seçicilərin mövqelərində baş verəcək dəyişikliyin effekti daha böyük görünür. Belə ki, bayaq dediyim kimi onlar hadisələrin ilk vaxtlarında irqi ayrı-seçkilik əleyhinə şüarlarla qatılırdılarsa, sonradan hadisələrin özlərinin həyatlarına təhlükə törətdiyini görüb sərt tədbirlərin dəstəkçisinə çevrildilər. Məhz burada Trampın hadisələri necə cilovlayacağından asılı olaraq ağ dərili demokrat seçiçilərin xeyli hissəsinin demokratların mövqeyinə etiraz olaraq Trampa səs verə biləcəklərini mütəxəssislər söyləməyə başlayıblar”.

ABŞ-ın iki tarixi müttəfiqi onun rəqibləri ilə əməkdaşlıq edir

Politoloq qeyd etdi ki, artıq bir çoxları ABŞ-da hər gün qara dərili insanlar tərəfindən ağların öldürülməsi faktlarını dilə gətirib etiraz edirlər və bir nəfərin ölümünə verilən təpkinin niyə onlarla digərlərinin öldürülməsinə verilmədiyinə etiraz edirlər: "Beləliklə, düşünürəm ki, hadisələrin uzanması, bir çox yerlərdə açıq cinayətlərə yol açması Floydun ölümünü arxa plana atıb. Artıq mübahisələr, müzakirələr tamam başqa xətlə gedir. Nə qədər ürəkaçan olmasa da deməyə məcburuq ki, hər iki tərəfdə rasist meyllər üzə çıxıb. Hesab edirəm yaxın vaxtlarda ABŞ-da etirazlar dalğası tam səngiyəcək. Amma onun yaratdığı fəsadlar səbəbindən seçicilərin cinah dəyişməsi mütləq olacaq. Yaxın aylarda Tramp ciddi səhvlər buraxmasa yuxarıda dediyim səbəblərdən vaxtilə demokratlara səs vermiş seçicilərin hesabına səslərini artırıb liderliyini bərkidə bilər”.

Etibar SEYİDAĞA,
"Yeni Müsavat”