İsa Qəmbər tarixi faktların təhrif edir

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr müavini Əli Orucov Müsavat Partiyasının başqanı İsa Qəmbərin “BBC”-yə müsahibəsində səsləndirdiyi fikirlərə etiraz edib. O, İsa Qəmbərin Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranma məqsədi və Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesi ilə bağlı fikirlərini tənqid edib. O, İsa Qəmbərin müsahibəsində tarixi faktların təhrif olunduğunu iddia edib.

Versus.az xəbər verir ki, Əli Orucovun sözlərinə görə, AXC yarananda Azərbaycanın müstəqilliyi təşkilatın qarşıya qoyduğu əsas tələb olmayıb. 

O vurğulayıb ki ki, İsa Qəmbərin də daxil olduğu siyasi çevrələr SSRİ-nin demokratik dövlətə çevriləcəyinə inanır və onun saxlanılmasını müdafiə edirdilər:

"Bu qrupun nümayəndələri liberallar adlandırılırdı. Etibar Məmmədov və onun tərəfdarları isə radikallar kimi təqdim olunur, Azərbaycanın müstəqilliyini tələb edirdilər".

Əli Orucov Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması və qəbulunda iştirak edən şəxslərin adlarının çəkilməməsinə də etiraz edib. O, bu sənədin müəlliflərinin tanınmış hüquqşünas Fuad Ağayev və deputat Etibar Məmmədov olduğunu bildirib. AMİP yetkilisinin sözlərinə görə, sənəd ilk dəfə 16 oktyabr 1991-ci ildə sıfırıncı sayı işıq üzü görən “Millət” qəzetində dərc olunub. Həmin Aktı isə parlamentdə mərhum Hacıbaba Əzimov oxuyub.

Əli Orucov qeyd edib ki, tarixi proseslərdən danışarkən konkret faktlara və həmin dövrdə baş verən hadisələrə istinad etmək lazımdır. Onun fikrincə, xalq tarixi sənədləri birbaşa hazırlamasa da, belə sənədlərin meydana gəlməsinə zəmin yaradan ictimai-siyasi mühiti formalaşdırır. O, Əbülfəz Elçibəyin də sözügedən sənədin hazırlanması və qəbulunda iştirakının olmadığını iddia edib.