“Şarl Mişelin status, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ”.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılıb: “Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bu hamısı sənədlərdir, özü də qanuni şəkildə ləğv edib”.
Bundan sonra nə üçün Dağlıq Qarabağ sözündən istifadə olunduğunu izah edən Prezident İlham Əliyev deyib: “Münaqişəyə görə. Beynəlxalq sənədlərdə də, ondan sonra danışıqlar masasında da, mən şəxsən özüm dəfələrlə Dağlıq Qarabağ sözünü işlətmişəm münaqişə ilə bağlı, ərazi ilə bağlı yox. Onu da bildirməliyəm ki, hər dəfə münaqişə ilə bağlı mən hansısa məsələyə toxunanda həmişə deyirdim Ermənistan-Azərbaycan Dağlıq Qarabağ. Heç vaxt Ermənistan-Azərbaycan demədən Dağlıq Qarabağ münaqişəsi sözünü işlətməmişəm. Bunun da səbəbi var, elə-belə deyil. Müharibə başa çatandan, münaqişə öz həllini tapandan sonra, əlbəttə, Dağlıq Qarabağdan danışmaq yersizdir. Ona görə mən demişəm ki, Azərbaycanda belə bir ərazi vahidi yoxdur. Əgər bu söz kiminsə xoşuna gəlirsə, mən etiraz etmirəm, getsinlər öz ölkələrində Dağlıq Qarabağ adlı bir vilayət yaratsınlar, yaxud da ki, bir rayon adlandırsınlar, ya cümhuriyyət yaratsınlar, onların işidir. Yəni, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin”.
Görünən odur ki, artıq bir sıra Avropa rəsmiləri də statusdan danışmağın yersiz olduğunu anlayırlar.
“Bu mərhələdə Ermənistanın üzərinə daha böyük məsuliyyət düşür”
Məsələyə münasibət bildirən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, nəinki Şarl Mişel, digər Avropa rəsmiləri də stats məsələsini unutmalıdılar: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Dağlıq Qarabağ adlı bir qurum mövcud deyil”. Status da artıq yoxdur. Bütün bu məsələlər dövlətimizin öz daxili işi hesab olunur. Xarici diplomatlar da bunu bilməmiş deyil. Bu gün baxsaq görərik ki, istənilən dövlətin daxilinda belə problemlər mövcuddur. Ona görə də bu məsələlərə diplomatlar peşəkarcasına yanaşmalıdır. Və bu, belə də olmalıdır. Nəinki Şarl Mişel, istənilən diplomat, siyasət adamı status barədə danışmağın yersiz olduğunu anlamalıdır. Şarl Mişel praqmatik siyasətçiyə xas olan mövqe sərgilədiyi üçün bu, müsbət qiymətə layiqdir. Biz necə heç bir dövlətin daxili işinə qarışmadığımız kimi, onlar da bizim daxili işlərimizə qarışmamalıdır. Bu mərhələdə Ermənistanın üzərinə daha böyük məsuliyyət düşür. Onlar indi hay küy salırlar ki, Azərbaycan tərəfi Ermənistana ərazi iddiaları irəli sürür. Azərbaycan dövləti və rəhbərimiz heç vaxt belə bir iddia irəli sürməyib. Prezident İlham Əliyev BMT Baş Məslisinin 1948 - ci il 10 dekabr Ümumdünya İnsan Haqları Bəyannaməsinə əsas tutaraq çıxışlar edir ki, hər kəs öz ölkəsi daxil olmaqla istənilən ölkədə təhlükəsiz yaşamaq hüququna sahibdir. Baxın biz Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış ərazisində ermənilərin dinc yaşayışını təmin edirik. Onlar da bundan nəticə çıxararaq Qərbi Azərbaycandan qovumuş yüz minlərlə həmvətənlərizin öz doğma torpaqlarında dinc yaşayışını təmin etməlidirlər”. Sədr müavini hesab edir ki, bu etimadı Ermənistan özü yaratmalıdır. Yarada bilməyəcəksə, o zaman bir dövlət kimi mövcud olması sual altında qalacaq.
Vidadi ORDAHALLI