Müəllim adı -
Müəllimlik məsləyi …
“Müəllim cəmiyyətin görünməyən təməl daşlarını döşəyən memardır, üzərində millət formalaşır.” -
Müəllim adı müqəddəs, müəllimlik isə təsadüfi peşə deyil, insan üzərində aparılan ən ağır və ən məsuliyyətli yaradılış prosesidir. Onun xammalı insandır, hələ formalaşmamış düşüncə, qarışıq dəyərlər və natamam şüur. Müəllim bu xammalı səbrlə emal edir, ağıl ilə cilalayır, dəyərlə formalaşdırır və nəticədə yalnız bilikli yox, adam olan bir şəxsiyyət ortaya çıxarır. Burada səhv bağışlanmır, çünki material canlıdır və gələcək daşıyır.
Müəllimlik, eləcə də sənət deyil, bir tale işidir. İnsanın düşüncəsinə toxunmaq, xarakterinə istiqamət vermək, vicdanına məsuliyyət yükləmək hər məsləyin işi deyil. Müəllim bilik ötürmür sadəcə, insanı yoğurur, ruhu cilalayır, sualı cavabdan daha dəyərli etməyi öyrədir. Zaman dəyişir, texnologiya sürətlənir, amma müəllimin missiyası dəyişmir: insana özünü dərk etdirmək və ona həyat yolu göstərmək.
Beləcə, əsl müəllim məlumat ötürmür, xarakter inşa edir, yaddaşı yox, şüuru böyüdür; qorxunu yox, cəsarəti bəsləyir; itaəti yox, məsuliyyətli azadlığı öyrədir, səs yox, məna yaradır. Onun izi lövhədə deyil, insanın davranışında, qərarında və vicdanın səsi ilə talelərdə əks olunur.
Son söz:
Bəli, hər yetişən sağlam fikir, hər formalaşan ləyaqətli insan müəllimin səssiz zəhmətinin bəhrəsidir. Odur ki, müəllim cəmiyyətin gələcəyini müdrikliklə yoğuran, səbr ilə inşa edən ən təvazökar memardır.
Əflatun MƏMMƏDOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi