Müşahidələr onu deməyə əsas verir ki...

Ekspertlər hesab edir ki, ABŞ, Fransa və İranın Ermənistanı davamlı şəkildə silahlandırması mümkün deyil, çünki...
“Ermənistan ordusunun silahlara ehtiyacı var və ölkə rəhbərliyi onları müxtəlif mənbələrdən əldə etmək üçün tədbirlər görür”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Ordunun bizim istək və davranışımızdan asılı olmayaraq, əsl ehtiyacı silaha olan ehtiyacdır. Bu sahənin daim doldurulmasına lüzum var. Bütün digər ehtiyacları Ermənistan Müdafiə Nazirliyi həll edir. Maliyyələşdirmə ilə bağlı isə heç bir problem yoxdur”, - deyə yoxsul ölkənin parlamentinin sədri iddialı şəkildə bildirib.

Onun sözlərinə görə, silahların alınması ilə bağlı müxtəlif tədbirlər görülür: “Həm də biz bir istiqamətdən silah almaqla kifayətlənmirik”.

Yəni diversifikasiya məsələsi. Bəs, görəsən, ac-yalavac Ermənistanın müasir, bahalı silahlar və hərbi sistemlər almağa, işğalçı ordunu təzədən qurmağa vəsaiti haradandır? İkinci yandan, tutaq ki, ABŞ, İsrail ona müasir silahlar satarmı?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli belə bir ordunun külli miqdarda vəsaitlə qurula biləcəyindən söz açdı: “Təəssüf ki, erməni ordusunun qurulması ilə bağlı bir neçə mərhələ var. Biz Rusiyanın verdiyi silahları 12-14 sentyabr tarixlərindəki erməni təxribatında bir daha gördük. Bu çərçivədə digər vacib silahlar da var idi. Amma Ermənistana verilən silahlar müharibə aparmaq üçün böyük ölçüdə uğurlu deyil. Erməni ordusunun yenidən qurulması üçün külli miqdarda vəsaitə ehtiyac var. Amma bu da bir həqiqətdir ki, 30 il ərzində vəsaiti olmadığı halda Ermənistan silahlandırılırdı. Ermənilərin maliyyə problemlərinin olduğunu mən də istisna edirəm. Həqiqətən də bu problemləri yoxdur. Çünki lobbiləri var, xaricdə çoxlu sayda milyarderləri fəaliyyət göstərir. Nəticədə balanslaşdırılma həyata keçirə bilirlər. Amma dünyanın ən yaxşı silahları Türkiyə və İsraildədir, Amerikadadır. Ermənistan çalışsa da, qarşıdakı 15-20 ildə belə bir paralelliyi həyata keçirə bilməyəcək”.

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramovun proqnozları da xüsusi diqqət çəkir: “Alen Simonyanın məlum bəyanatı Nenso Pelosinin Ermənistana səfəri zamanı "biz Ermənistana hər cür dəstək verməyə hazırıq" açıqlamasından sonraya təsadüf edir. Başqa sözlə desək, Ermənistanı Rusiyadan qoparmağı qarşısına məqsəd qoyan ABŞ hər vəchlə onları inandırmağa çalışır ki, Rusiya olmadan da təhlükəsizliyinizi təmin edə bilərsiz.

Ümumiyyətlə, qeyd edim ki, Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində baş vermiş toqquşmaların fonunda istər beynəlxalq, istərsə də regional güclərin hərəkətə keçdiyi göz önündədir. Müşahidələr onu deməyə əsas verir ki, elə təxribatlarda da əsas məqsəd məhz regionda marağı olan ayrı-ayrı oyunçuların aktivləşməsinə nail olmaqdan ibarət olub. 16 iyulda Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin rəhbərliyi altında nümayəndə heyətinin qəfildən İrəvana səfər etməsi, bunun ardınca sentyabrın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin regiona səfərinə məhz Ermənistandan start verməsi və bunun ardınca heç bir həftə keçməmiş ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin xüsusi missiya ilə Ermənistana gəlməsi onu deməyə əsas verir ki, ABŞ özünün Cənubi Qafqaz siyasətinə dəyişikliklər etmək ərəfəsindədir. Baş verən toqquşmalar və münasibətlərin gərginləşməsi isə bunun üçün əsas fürsətdir.

Simonyanın ordunun gücləndirilməsi, yeni silah və texnikaların alınması üçün maliyyələşdirmə ilə bağlı isə heç bir problem yoxdur deməsi onu deməyə əsas verir ki, ABŞ-la Ermənistan arasında bu istiqamətdə hansısa razılaşma olub. Lakin Simonyanın bu bəyanatı səsləndirərkən təkcə ABŞ-ı nəzərdə tutduğunu düşünmürəm. Son bir neçə müddətdir ki, İranın da bu istiqamətdə Ermənistana yardım etməsi ilə bağlı məlumatlar gəlməkdədir. Hətta İranın erməni hərbçilərinə PUA-dan istifadə ilə bağlı təlimlər keçdiyi də rəsmi şəkildə etiraf olunub. Eyni dərəcədə Fransa da silah və texnika baxımından Ermənistana dəstək verə bilər.

Amma nə ABŞ, nə Fransa, nə də İranın Ermənistanı davamlı şəkildə silahlandırması mümkündür. Adıçəkilən dövlətlər birdəfəlik yardım olaraq Ermənistana nəsə verə bilər, amma onlardan heç biri zamanında Rusiyanın etdiyi kimi milyardlarla dollar dəyərində olan silah-sursatı pulsuz verməz. Ordusu demək olar ki, məhv edilmiş, iqtisadiyyatı tənəzzül yaşayan Ermənistanın isə öz maliyyəsi hesabına silah alması mümkün deyil. Bunu Ermənistan özü də kifayət qədər yaxşı dərk edir və bu baxımdan da Simonyanın açıqlaması Azərbaycanın son həyata keçirdiyi cavab əməliyyatından sonra Ermnistan ictiamiyyətində hökm sürən bədbinliyi aradan qaldırmağa hesablanıb". “Yeni Müsavat”