Müxalifətdən Cəmil Həsənliyə layiqli cavab

"Kirli siyasi keçmişindən və satqın mahiyyətindən başqalarını aşağılamaqla xilas olmağa çalışır...”
Milli Şuranın onlayn toplantısından növbəti videogörüntü yayılıb. Videogörüntüdə Milli Şura rəhbərləri hakimiyyətin dialoq təklifini müzakirə edir və ironik rəylər bildirirlər. Bundan başqa, sədr Cəmil Həsənli hakimiyyətlə dialoqa gedənləri "tryapka” adlandırır: "Hökumət bizi dialoqa getməmək üstündə vurur. İndi dialoqa gedənlər elə ”tryapka"ya çevrilib ki, o "tryapka” ilə heç ayaqqabı da silmək olmaz".

Onun bu təhqiramiz sözünə Milli Şuranın digər başbilənləri də gülür, fikrinə şərik olduqlarını bildirirlər. Rahim Hacıyev isə deyir ki, "Azərbaycan cəmiyyəti iddialıdır, lakin insanları intizamsız, çox danışan və məsuliyyətsizdir”. Onların danışığına reaksiya verən Gültəkin Hacıbəyli "Oy, nə gözəl xarakterizə ediblər, nə gözəl xarakteristikadı” - deyərək qəhqəhə ilə gülür.

Qeyd edək ki, bundan əvvəl də Cəmil Həsənli və digərləri öz siyasi rəqiblərinin ünvanına aşağılayıcı fikirlər səsləndirmiş, ayrı-ayrı partiya və ictimai-siyasi şəxsləri təhqir etmişdilər. Onların bu fitnəkarlıqları cavabsız da qalmamışdı və siyasi arenanın müxalifətə aid cinahında qalmaqala, söz-söhbətə səbəb olmuşdu.

Yeni videokadrlar göstərir ki, Milli Şura öz siyasi xəttinə sadiqdir və özündən başqa hər kəsi aşağılamaq, təhqir etmək yolu tutub.


ADP sədr Sərdar Cəlaloğlu "Yeni Müsavat”a bildirdi ki, hakimiyyətlə dialoqa gedən müxalifət partiyalarını "tryapka” adlandırmaq "tryapka”lıqdan da betərdir: "Hakimiyyətlə dialoqda iştirak cındırlıq deyil. Bizi cındır adlandırırsa, görün onun özü nədir. ”Tryapka" adı belə birisi üçün çoxdur. O, cındırdan da aşağı səviyyəli hərəkət edib. "Tryapkalılığın” nümunəsini Cəmil Həsənli son 20 ildə dəfələrlə ortaya qoyub. Bu adam iki dəfə hakimiyyətdən deputat mandatı payı alıb. Sonra ona mandat verənlərə də xəyanət edib. Korrupsioner olması məhkəmə qərarı ilə sübuta yetirilən adamların müdafiəçisi olub. Cəmil Həsənli həmişə oyunlarda iştirak edib və həmişə də şəxsi mənfəətini güdüb. Dəfələrlə satqınlıq edib. Eləmədiyi qələt qalmayıb. Buna görə utanıb yerə girmir. Adını da alim qoyub. Bu adam heç vaxt əslində siyasətçi olmayıb və indi də siyasətçi deyil. O, neçə ildir siyasətdə, sadəcə, təlxək rolunu oynayır. Elmli alimdir, lakin siyasətçi deyil. Çünki o cür siyasətçi olmur. İstənilən müxalifət partiyası həmin təhqirə görə Cəmil Həsənliyə qarşı hüquqi dava aça bilər. Biz, sadəcə, məsələni bu müstəviyə çəkmək istəmirik. Biz onun Azərbaycanın tarixini öyrənmək baxımından xidmətlərini nəzərə alıb güzəşt edirik. Gültəkin Hacıbəylinin Cəmil Həsənliyə züy tutmasına gəlincə, Gültəkinin hansı prinsiplərlə deputat olduğunu Azərbaycanda hamı bilir. Görünür, o özü yaxşı bilir "tryapkalıq” nə deməkdir. Mən şəxsən bilmirəm insan necə "tryapka” ola bilər. Amma o, "tryapka” nə olduğunu bilir. Başına gəlib axı".


AXP sədri Pənah Hüseyn isə məsələyə bu cür reaksiya verdi: "Mən bu barədə bir müddət öncə Milli Şuranın əvvəlki videokonfransı yayılan zaman elə sizin qəzetə müsahibəmdə şərhimi vermişəm. Ona görə də əlavəm yoxdur”.

AMİP-in sədr əvəzi Arzuxan Əlizadə isə bildirdi ki, son bir ay ərzində bir neçə dəfə özünü "milli” adlandıran, reallıqda isə millilikdən kənar olan bir qrup "siyasətçi”nin videotoplantılarının görüntüləri həmin adamların özünün ifşası olub: "Bu görüntülər orada iştirak edən həmin adamların hansı səviyyədə, əxlaqda və düşüncədə olduğunu çılpaqlığı ilə ortaya qoyub. Əslində az-çox siyasətlə məşğul olanlar ora toplaşanlar barədə kifayət qədər məlumatlı idilər, bu görüntülərin yayılması ilə daha geniş auditoriyaya da bunların kimliyi məlum oldu. Baxın, o qrupda toplaşanların bir neçəsi vaxtilə elə bu hakimiyyət tərəfindən ”xüsusi" formada "qiymətləndirilən”, ardıcıl olaraq deputat təyin edilən, hətta ölkəni bəzi beynəlxalq təşkilatlarda təmsil edənlərdir. Bu adamların o zaman hakimiyyəti boğazdan yuxarı hansı ifrat formada müdafiə etmələri də hələ yaddan çıxmayıb. Bunlar o vaxt da əslində mövqelərindən istifadə edərək sıravi vətəndaşa yuxarıdan aşağı baxırdılar. Təmsilçilikləri bitəndən sonra isə indi də özlərinə xaricdən ağalar tapıb bu dəfə də onlara qulluq etməkdədirlər. Hətta bu "milli şuraçılar” milli dəyərlərimizə zidd olan təşkilatlara və şəxslərə yarınmağı da özlərinə ar bilmirlər, yeri gələndə onların da ayaqları altına sərilməyə və üzr diləməyə hazırdırlar, necə ki, elə bugünlərdə bunu da elədilər. O videokonfransda Azərbaycan cəmiyyəti haqqında səsləndirdikləri fikirlər əslində elə bunların insanımız haqqında hansı düşüncədə olduğunun göstəricisidir. Qəhqəhə çəkən isə daha çox həmin ortamda danışdığı yersiz lətifə ilə yadda qalacaq, məncə. Bu adamlara heç olmasa bundan sonra abırlarına qısılıb sakit oturmağı tövsiyə edirəm. Çünki danışdıqca daha da batacaqlar".

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə "Trend”ə bildirib ki, "Milli Şura” adlanan qurumun növbəti məzhəkə-videokonfransı bura toplaşan insanların hansı intellektual və mədəni səviyyəyə malik olduqlarını, siyasi rəqiblərinə qarşı arqumentlərinin ən yaxşı halda, kobud ləhcə ilə ifadə olunan təhqir və aşağılayıcı "jarqon” sözlərdən uzağa getmədiyini nümayiş etdirdi: "Yalnız təfəkkürü xaricdən ötürülən siyasi ifrazatlardan ibarət olanlar demokratiyanın, sivil siyasi münasibətlərin əsas amillərindən biri olan siyasi dialoqa üstünlük verənləri ”ayaqqabı əskisi" ilə müqayisə edə bilərlər. Görünür, deputat seçilmək üçün AMİP-dən AXCP-yə gələn, daha sonra, yenə də deputat kürsüsünü qorumaq üçün AXCP-dən gedən, kitablarında mövcud hakimiyyətin ünvanına saysız-hesabsız təriflər yağdıran, kürsüsünü itirdikdən sonra isə yenidən radikal müxalifətçiyə çevrilən Cəmil Həsənli siyasi təfəkküründən və əxlaqından çoxsaylı ayaqqabı izlərini hələ də təmizləyə bilməyib. Kirli siyasi keçmişinin və satqın mahiyyətinin yaratdığı komplekslərdən başqalarını aşağılamaqla xilas olmağa çalışır". "Yeni Müsavat”