Neft ucuzlaşmaqda davam edir

İran üzərindən Qərb sanksiyalarının qaldırıldığı ərəfədə neftin bir barelinin qiyməti 28 dollardan aşağı düşüb.

Brent markalı xam neftin bir barelinin qiyməti 27,67 dollar olub. Bu, 2003-cü ildən bəri ən aşağı qiymətdir.

ABŞ xam neftinin qiyməti də 29 dollardan aşağı düşüb və bir bareli 28,86 dollar olub.
İran üzərindən sanksiyaların qaldırılması o deməkdir ki, hər gün yarım milyon barel daha artıq neft istehsal edilə bilər, analitiklər deyir.

"Qiymətin enməsi İran üzərindən Qərb sanksiyalarının qaldırılması ilə bağlıdır. Bu, o deməkdir ki, İran xam neftinin daxil olması ilə bazarda neft bolluğu yaranacaq”, Phillip Futures şirkətinin analitiki Daniel Ang bildirib.

İran üzərindən sanksiyalar bazar günü qaldırılıb. Beynəlxalq nüvə nəzarətini həyata keçirən İAEA təşkilatı İranın nüvə proqramı ilə bağlı öhdəliklərinə əməl etdiyini bildirib.

İran dünyada neft ehtiyatları ilə zəngin dördüncü ölkədir, - ABŞ Enerji Məlumat Agentliyi hesab edir.

Analitiklər bildirir ki, İran artıq öz neftini satmağa hazırdır.

"Hazırda İranın böyük neft ehtiyatı var. Onlar istəsələr bu nefti satmaq imkanındadırlar və bu, neftlə təchizatı çox sürətlə artıracaq”, CMC Market baş analitiki Ric Spooner bildirib.

Neft qiymətlərinin aşağı düşməsi əsasən ABŞ neftinin bazara axını ilə bağlıdır.

Eyni zamanda Çin və Avropada iqtisadi artımın yavaşıması ilə əlaqədar tələbat da azalıb.
Adətən OPEC qiymətlərə dəstək vermək üçün istehsalı azaldardı. Lakin Səudiyyə Ərəbistanının dominantlıq etdiyi qrup bu dəfə təchizatı azaltmaqdan imtina edib.

Analitiklərin fikrincə, növbəti iki il ərzində təchizat tələbatı üstələməkdə davam edəcək və nəticədə qiymətlər aşağı qalacaq (BBC).