Ölkəmizin tam hüququ var ki, öz ərazilərini azad eləsin

"Azərbaycan Ordusu çoxdan bu prosesə hazırlıq aparırdı. Əməliyyatlara vaxtında başlanılıb. Hazırlıqlar yaxşı olub ki, nəticələr ürəkaçandır. Proseslər bu cür də davam etməlidir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov deyib.

O, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı qarşıdurmanın perspektivinin necə olacağını da şərh edib: "Ürəyimizdən keçən perspektiv odur ki, işğal olunmuş ərazilər azad olunsun. İstənilən müharibə axırda sülhlə başa çatır. Arzu edirik ki, bu proses də sülhlə başa çatsın”.

Beynəlxalq təşkilatların atəşkəsi dayandırmaq çağırışına münasibət bildirən Etibar Məmmədov deyib ki, beynəlxalq qurumlar çağırış edəndə öz dırnaqarası vəzifələrini yerinə yetirirlər: "Azərbaycanın ərazisi işğal olunub və ölkəmizin tam hüququ var ki, öz ərazilərini azad eləsin”.

Ermənistan Prezidenti Serj Sərkisyanın güzəştə getməyə hazır olduğu barədə bəyanatına gəlincə, Etibar Məmmədov deyib: "Sərkisyanın güzəşti bir şey ola bilər ki, işğal olunmuş bütün əraziləri boşaltsın”.