Son günlər bir qrup gəncin sovet bayrağını Azərbaycan küçələrində qaldırması cəmiyyətimizdə haqlı narazılıq doğurdu. Bu cəhd, sadəcə bir nostalji oyunu deyil, milli yaddaşımıza və müstəqilliyimizin müqəddəs rəmzinə qarşı açıq hörmətsizlikdir. Azərbaycan xalqı yaxşı bilir ki, bu qırmızı bayraq azadlığımızı əlindən alan, milli kimliyimizi boğan, minlərlə ziyalımızı repressiyalara məruz qoyan bir imperiyanın simvoludur.
Güc strukturlarımızın dərhal müdaxiləsi və sovet bayrağının yığışdırılması dövlətin prinsipial mövqeyini göstərdi. Çünki Azərbaycan Respublikasının Konstitusiyası açıq şəkildə bildirir, bu torpaqda yeganə bayraq üçrəngli milli bayrağımızdır. O bayraq müstəqilliyimizin, azadlığımızın və gələcəyimizin rəmzidir.
Azərbaycan xalqı sovet dövründə milli dövlətçiliyə xəyanət edənlərin adlarını yaxşı tanıyır, Əliheydər Qarayev, Çingiz İldırım, Qəzənfər Musabəyov, Həmid Sultanov… Onların simaları tarixdə xəyanətkar kimi qalıb. Bu gün həmin xəyanətkarların ideoloji mirasını diriltmək cəhdləri Azərbaycan cəmiyyətində yer tapa bilməz. İnqilab öz balalarını necə yediyi kimi, bu xəyanətkarların da adı tarixdə silinməz bir ləkə kimi qalıb.
1991-ci ildə bərpa olunan müstəqilliyimiz son 34 ildə möhkəmlənib, Qarabağın azadlığı ilə daha da güclənib. Azərbaycan xalqı artıq geri dönüşü olmayan bir yoldadır. Bu müstəqillik dönməzdir – heç bir bayraq, heç bir ideologiya, heç bir təxribat bu gerçəyi dəyişdirə bilməz.
Azərbaycanın müstəqilliyi və üçrəngli bayrağı qırmızı cizgidir – onu keçmək mümkün deyil. Sovet bayrağını qaldırmaq istəyənlər bilməlidirlər: bu cür cəhdlər xalqın azadlığına, şəhidlərin ruhuna və dövlətimizin gələcəyinə qarşı yönəlmişdir. Cəmiyyətimizin mövqeyi qəti və sərtdir, Azərbaycan yalnız müstəqil, yalnız üçrəngli bayrağı altında var olacaq.
Afsəddin Nəbiyev