Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir

Elşən Mustafayev: "30 ildən sonra bu yalanı həzm etdirmək elə də asan deyil”

Erməni politoloq Qrant Məlik-Şahnazaryan öz ölkəsinin KİV-lərinə verdiyi müsahibədə bildirib ki, onların əlində 1990-cı ildə Bakıda baş tutan "erməni talanı” ilə bağlı heç bir rəsmi sənəd yoxdur.

Politoloq bildirib ki, guya 1990-cı il 13-19 yanvar arasında ermənilərə qarşı baş verən hadisələrin təşkilatçısı Azərbaycanın həmin zamankı kommunist rəhbərliyi olub və "yaşananlar” 1988-ci ildəki Sumqayıt hadisələrinin davamı olub: "Təəssüflər olsun ki, bizim əlimizdə həmin hadisələrlə bağlı hər hansı rəsmi dəlil yoxdur. Üstündən 30 il keçəndən sonra biz həmin hadisələrlə bağlı yeni faktların axtarışına çıxmaq istəyirik. Bizə bəlli olmayan səbəblərə görə Ermənistan rəhbərliyi hələ də həmin hadisələrə siyasi qiymət verməyib”.

Göründüyü kimi, saxtakarlıq üzrə ixtisaslaşmış erməni təbliğat maşını növbəti tarixi saxtakarlığı rəsmiləşdirmək üçün dəlil və sübut axtarışına çıxıb. Əslində, bu, guya ermənilərin 1990-cı ildə Bakıda kütləvi qırğına məruz qalmalarını "sübut” etmək üçün saxta sənəd axtarışına artıq start verdikləri anlamına gəlir.

AMİP beynəlxalq katibi Elşən Mustafayev qəzetimizə bildirdi ki, bu saxta tələb yalnız erməni politoloqun dilindən sələnməyib: "Ermənistanın yeni parlamenti formalaşan kimi, onlar elə ilk iclaslarından guya 1990-cı ilin 13-19 yanvar tarixlərində Bakıda baş vermiş "erməni talanını” müzakirəyə çıxarmaq niyyətində olduqlarını bildirdilər. Ermənilərin bunu məhz 20 Yanvar ərəfəsində dilə gətirməsi təsadüfi deyil. Hamı bilir ki, həmin tarixdə məhz biz soyqırıma məruz qalmışıq. Uzun illərdir Azərbaycan həmin hadisələrlə bağlı aktiv təbliğat aparır. Bunun birinci səbəbi onunla bağlıdır ki, ermənilər həmin təbliğata guya alternativ bir mövzu çıxarmaq istəyirlər. Dünyaya sübut etmək istəyirlər ki, guya həmin tarixlərdə azərbaycanlıların özü erməniləri talan edib və ruslar onlara köməyə gəlib.

Məlumdur ki, Qarabağ münaqişəsi getdikcə regional xarakterini itirir və qlobal problemə çevrilməyə başlayır. Olduqca geostrateji bir bölgədə yerləşən münaqişənin regiona təhlükə yaratmasında isə informasiyanın xüsusi rolu var. Qarabağ münaqişəsinin özünəməxsus informasiya bazasının olduğunu nəzərə alsaq, Ermənistan tərəfi bu bazadan daim öz xeyrinə istifadə etməyə çalışır. Bu baxımdan zaman-zaman Ermənistanın qondarma ittihamları gündəmə gəlir. Hətta Ermənistanın yeni hökuməti də bu üsuldan vaz keçə bilmir.

Ermənistanın yeni parlament sədri Ararat Mirzoyan bildirib ki, 1990-cı il 13-19 yanvar tarixlərində 250 mindən artıq erməni əhalinin yaşadığı Bakı şəhərində ermənilərə qarşı etnik talan baş verib. Göründüyü kimi, Ermənistanın təbliğat maşını yeni yalanı həzm etdirmək üçün hərəkətə keçib. Buna start verildisə, təbii ki, saxta sənəd və dəlillərin toplanması istiqamətində də işlər görəcəklər. Bunun ciddi nəticə verəcəyi inandırıcı deyil. Çünki 30 ildən sonra bu yalanı həzm etdirmək elə də asan deyil. Ancaq yenə də ayıq-sayıq olmalıyıq”.