Sülh çağırışları edən siyasətçi bunu öz əməllərində göstərməlidir.

Hakim Mülki Müqavilə Partiyasından prezidentliyə namizəd Vaaqn Xaçatryan Ermənistan ictimai televiziyasına müsahibəsində deyib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalıdır.

O, qeyd edib ki, rəsmi İrəvan ilə Bakı razılığa gələcək, məsələ həllini tapacaq. Xaçatryan qonşularla müharibə, hətta mübahisə etməyi təsəvvür edə bilmir: “Hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür. Ermənistan vətəndaşları anlamalıdırlar ki, sülh həyat və inkişaf üçün yeganə variantdır. Hətta biz çox güclü olsaq da, sülhə can atmalıyıq, başqaları ilə münasibətlərdə bunu əldə rəhbər tutmalıyıq”.

Bununla belə o, müxalifətin "Ermənistanı sülhə məcbur edirlər" tezisini köhnəlmiş adlandırıb.

O da məlumdur ki, Ermənistanın əvvəlki prezidenti Armen Sarkisyan revanşist “Qarabağ klanı”na yaxın olan bir siyasi fiqur idi. Çünki məhz onların dəstəyi ilə prezident seçildi. Ancaq çox keçmədi ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Bu səbəbdən A.Sarkisyanla Nikol Paşinyan arasında tez-tez kəskin fikir ayrılıqları yaşanırdə. Bu da ölkə hakimiyyətinin vahid mövqedən çıxış etməsinə imkan vermirdi.

Maraqlıdır, V.Xaçaturyanın açıqlamaları fonunda bundan sonra Ermənistanda hakimiyyətin vahid komanda olaraq bir mövqedən çıxış etməsi Azərbaycanla sülh sazişinin imzalanmasına, dayanıqlı sabitliyə təkan verə bilərmi?

“Bu baxımdan prezidentliyə namizəd Vaaqn Xaçatryanın nə dərəcədə səmimi olduğunu demək çətindir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, erməni liderlərin səmimiyyətinə inanmaq çətindir: “Erməni siyasi liderlərin  müxtəlif vaxtlarda sülh çağırışları, siyasi münasibətlərdə praktiki olaraq ikili  standartlarla müşayiət olunur. Bir tərəfdən sülh çağırışları edirlər, digər tərəfdən müxtəlif təxribatlara əl atmaları   onların sülh çağırışlarında səmimi olmadıqlarını göstərir. Sülh çağırışları edən siyasətçi bunu öz əməllərində göstərməlidir. Ancaq çox təəssüf ki, ermənilər dünya ictimaiyyətinə özlərini sülh carçısı kimi göstərərək, reallıqda bunun əksini edirlər. Günümüzə qədər bu mənfi tendensiyaları müşahidə etməkdəyik. Bu baxımdan prezidentliyə namizəd Vaaqn Xaçatryanın nə dərəcədə səmimi olduğunu demək çətindir. Bəzi hallarda erməni siyasətçilər bu prosesin cəmiyyətin müxtəlif tələblərindən gəldiyini açıq şəkildə etiraf edirlər. Buradan belə nəticəyə gəlmək olur ki, hələ də Ermənistanda revanşist qüvvələr ciddi çəkiyə malikdir. Belə hallar tərəqqipərvər qüvvələri narahat etməlidir. Biz bunu da görmürük. Bir çox beynəlxalq təşkilatların və dövlətlərin ikili yanaşmaları  haqqında danışdığımız mövzuya bir başa öz təsirini göstərir. Erməni siyasətçiləri sülh çağırışları etməklə yanaşı birinci növbədə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyaraq sülh sazişinə hazır olduqlarını bəyan etməlidirlər. Azərbaycan ərazisində yaşayan ermənilərin, Azərbaycan yurisdiksiyasına tabe olduqlarını bütün dünyaya bəyan etsinlər. O zaman sülh haqqında etdikləri çağırışlara etimad göstərə bilərik”.

Sədr müavinin fikrincə, Ermənistan prezidentliyinə namizəd sülh şəraitində yaşamaqdan başqa alternativin olmadığını dilə gətirir: “Düşünürəm ki, bu çağırış onların düşdüyü mövcud reallıqlarla bağlıdır. Ermənistan dərin böhran içərisindədir. Bu cəmiyyət bir az özünə  gəldikdən sonra heç kim zəmanət verə bilməz ki, onlar öz təxribatçı hərəkətlərinindən əl çəkəcəklər. Ona görə də Azərbaycan dövləti hər zaman barıtı quru saxlamalı, ordumuzun döyüş hazırlığını hər zaman diqqətdə saxlamalıdır. Necə ki bu proses indi də çox yüksək səviyyədə həyata keçirilir. Necə deyərlər :"Sülh istəyirsənsə müharibəyə hazır ol". Bu şüarı Azərbaycan dövləti və xalqımız heç vaxt unutmamalıdır. Yaxın və uzaq tariximiz bütün bunları   hər zaman diqqətdə saxlamağı diqtə edir”.

Sədr müavini onu da əlavə etdi ki, real sülhü Azərbaycan prezidenti ermənilərə dəfələrlə təklif edib, şərtlərimizi yerinə yetirsinlər, o zaman bölgədə əmin amanlıq olacaq.  /Bakı Xəbər/

Millət