Tramp Nazarbayevdən 7 milyard dollar qopardı

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Birləşmiş Ştatlara rəsmi səfərinin gedişində bir neçə milyard dollarlıq sazişlər imzalanıb.

AzərTAc xəbər verir ki, yanvarın 16-da ABŞ prezidenti Donald Trampla görüşü zamanı Nazarbayev Qazaxıstanın bu ölkədən 7,5 milyard dollarlıq məhsul almağa hazır olduğunu bildirib. Tramp isə öz növbəsində Qazaxıstana ixracatın Birləşmiş Ştatlara iş yerlərini artırmaqda yardım edəcəyini vurğulayıb.

Qazaxıstan liderinin mətbuat xidməti səfər çərçivəsində 20-dən çox sazişin imzalandığı barədə məlumat yayıb.

Xarici KİV-lərdə yer alan xəbərlərə görə, liderlərin görüşündə iqtisadi sazişlərlə yanaşı, siyasi məsələlər, o cümlədən müasir beynəlxalq böhranlar fonunda Moskva və Vaşinqtonun münasibətlərində yaranan problemlər ətrafında fikir mübadiləsi aparılıb.

"Şimali Koreya problemini yalnız Çin, ABŞ və Rusiya birlikdə həll edə bilər. Bununla bağlı, qonşu ölkə olaraq, bizi Rusiya və ABŞ arasında sıfır səviyyəsinə enən siyasi münasibətlər narahat edir”, - deyə Nazarbayev bildirib.

Nursultan Nazarbayev və Donald Tramp ikitərəfli əlaqələri də müzakirə ediblər. "Qazaxıstan ölkəyə səfər edən Amerika vətəndaşları üçün vizasız rejim tətbiq edib və cavab reaksiyasına ümid bəsləyir”, - Nazarbayev amerikalı həmkarı ilə danışıqların yekununda belə deyib.

***13:21

ABŞ-da səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev Eğ Evdə prezident Donald Trampla görüşüb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, prezidentlər iki ölkə arasında əlaqələri, təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Nazarbayev və Tramp bundan əlavə dünyanın gündəmində olan vacib məqamlara toxunublar.

Qeyd edək ki, Qazaxıstan prezidenti səfəri çərçivəsində BMT Təhlükəsizlik Şurasının iclasında da iştirak edəcək.

Onu da qeyd edək ki, Tramp Nazarbayevi ABŞ-a sentyabrın əvvəlində telefonla danışarkən dəvət etmişdi. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə olmuşdu.