Trampın hakimiyyətə gəlməsi ABŞ-in ritorikasını əhəmiyyətli dərəcədə dəyişib


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycanda səfərdədir. Müşavirin səfəri ölkəmiz üçün yüksək dəyərləndirilir. Eyni zamanda, ABŞ-Azərbaycan əlaqələrinin gələcək baxımından inkişafında Boltonun Bakıya gəlişinin mühüm rol oynayacağı vurğulanır.

Siyasətçilərə və media rəhbərlərinə "Boltonla görüşsəydiniz hansı sualları verərdiniz” sualını ünvanladıq.

AMİP S iyasi Şura üzvüƏli Orucov: "ABŞ prezidentinin müşaviri artıq Bakıdadır. Danışıqların detalları barədə məlumat verilməsə də, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri ilə görüşüb. Trampın hakimiyyətə gəlməsi ABŞ-in ritorikasını əhəmiyyətli dərəcədə dəyişib. Ağ Ev rəhbəri diplomatiyanı deyil, sərt ifadə tonunu seçib, hər şeyə biznes kimi yanaşır. Hətta müəyyən qədər reketçilik də müşahidə edilir. Demokratiya və insan haqları, qarşılıqlı maraqlara və hörmətə söykənən xarici siyasət, indi hədələmə, şantaj, təhdid etmə və s ki mi qeyri-məqbul üsullar önə çıxmaqdadır. Mənim Boltona sual vermək imkanım olsaydı soruşmaq istərdim ki, ABŞ nədən BMT-nin 5 daimi üzvündən biri və ATƏT Minsk Qrupunun 3 həmsədrlərindən biri kimi bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycana təcavüzlə bağlı qəbul etdiyi qətnamələrə, BMT Nizamnaməsinin tələblərinə niyə hörmət etmir? Nədən separatizm və terrorçular rəsmi səviyyədə hər cür dəstək alır? Yaxud da demokratiyanın beşiyi sayılan bir ölkə nə vaxtadək iqtisadi, maliyyə maraqlarını demokratiyadan, insan hüquq və azadlığından üstün tutaraq avtoritar rejimlərlə sıx əməkdaşlıq edəcək? Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq hüquq normalarına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz töhfəsini versin, yaxud da çəkilib getsin, öz başımızın çarəsinə baxaq. Sülhpərvər mütərəqqi dünya ABŞ-dan müsbət mənada çox şeylər gözləyir”.

AĞ Partiya başqanı Tural Abbaslı Boltona bu sualı ünvanlayardı: "Sualım o olardı: Dünyada onsuzda hökm sürən gərginliyi artırmaqda Amerikanın və Pentaqonun niyyəti nədir? Bu qədər radikal, cığal və davakar siyasəti Trampa məsləhət görməklə insanlığa və dünyaya nə vermək istəyirsiniz? Digər tərəfdən, görüşə bilsəydim təbii ki, ilk növbədə Qarabağ probleminin ədalətli həlli istiqamətində Amerikanın ata biləcəkləri addımlara dair məsələləri müzakirə edərdim. Həmçinin onu inandırmağa çalışardım ki, bu məsələdə Amerikanın ədalətli mövqe tutması onun regiondakı maraqlarına daha çox cavab verir.

Ermənistanın Amerikadakı lobbilərinin təsiri altında Azərbaycana qarşı qurulan yanlış və ziyanlı mövqeni dəyişməyə cəhd edərdim. Azərbaycanın iqtisadi və siyasi cəhətdən daha güclü və sözün həqiqi mənasında müstəqil dövlətə çevrilməsinin Amerikaya istər Rusiya, istərsə də İran qarşısında daha əlverişli mövqedə dayanmasına xidmət edəcəyini anladardım. Təbii ki, eyni zamanda Amerikanın qardaş Türkiyəyə qarşı tutduğu yanlış siyasi kursu da müzakirə edərdim”.

"Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov Amerikanın dünyada özünü demokratiya və insan haqlarının qoruyucusu kimi təqdim etdiyini bildirdi: "ABŞ həm də ATƏT Minsk qrupunun həmsədridir. Boltonla görüşmək imkanım olsaydı, ilk olaraq ona sual verərdim ki, Azərbaycanda kütləvi şəkildə insanların hüquqları pozulur, bir milyon iki yüz min qaçqın istədiyi yerdə yaşamaq hüququndan, bələdiyyə seçkilərində iştirak hüququndan məhrum olub; indiyə qədər dövlətimiz tərəfindən bunların sosial həyatı yaxşılaşdırılsa da, mənzil şəraitləri düzəldilsə də, çətinliklər hələ də qalır, söhbət insan haqlarından gedirsə, ABŞ bu insanların hüquqlarını indiyə qədər qorumur? Amerika dünyada baş verən ədalətsizliklərlə bağlı sanksiyalar tətbiq edir, belə hesab edir ki, terrorun qarşısı mütləq alınmalıdır, biz də buna şərikik. Niyə erməni terrorizmin qarşısı alınmır? Digər sualım bu olardı ki, indiyə qədər ATƏT-in Minsk qrupunun həmsədri kimi BMT qərarlarının yerinə yetirilməsinə Amerika nə üçün nail ola bilməyib? ABŞ supergüc olduğu üçün ondan umacaqlarımız çoxdur. Tramp hər zaman Azərbaycanla əməkdaşlığa hazır olduğunu bildirib. Bunu cənab prezidentə yazdığı məktublarda göstərib. Biz də daim əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Bunun Əfqanıstan və digər məsələlərdə göstərmişik. Mənə maraqlı idi ki, Bolton bu məsələlə necə cavab verəcəkdi”./Yeni Müsavat/