Klinik psixoloq Rövşən Nəcəfovdan "Roblox" xəbərdarlığı: “Uşaq evdə eşidilmirsə, onu rəqəmsal dünya eşidir”

Son illərdə uşaqların rəqəmsal platformalara marağının artması valideynlər qarşısında yeni məsuliyyətlər yaradıb. Xüsusilə uşaqlar arasında geniş yayılan onlayn oyunlar artıq yalnız əyləncə vasitəsi kimi deyil, onların davranış və psixologiyasına təsir göstərə bilən mühit kimi qiymətləndirilir. Bu baxımdan valideyn nəzarəti və uşaqlarla düzgün ünsiyyətin qurulması mühüm əhəmiyyət daşıyır. Mütəxəssislər hesab edirlər ki, uşağın rəqəmsal dünyadan tamamilə uzaqlaşdırılması deyil, bu mühitdə təhlükəsiz davranış bacarıqlarının formalaşdırılması əsas məqsəd olmalıdır.

 

Bu barədə Millet.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, "Roblox" artıq uşaqlar üçün sadəcə əyləncə məsələsi kimi qiymətləndirilə bilməz. Onun sözlərinə görə, uşaq oyun oynayarkən yalnız vaxt keçirməməli, eyni zamanda yaşına uyğun şəkildə düşünməli, öyrənməli və inkişaf etməlidir.

O qeyd edib ki, valideyn uşağın hansı oyunu oynadığını, kimlərlə ünsiyyət qurduğunu və həmin oyunun uşağın psixologiyasına nə verdiyini bilməlidir. Mütəxəssis vurğulayıb ki, rəqəmsal dünyanın müsbət tərəfləri ilə yanaşı, ciddi riskləri də mövcuddur: “Texnologiya dəyişdikcə uşağın qarşılaşdığı risklər də dəyişir. Amma əsas məsələ yalnız oyunu qadağan etmək deyil. Uşağın ailədə özünü təhlükəsiz hiss etməsidir. Evdə sağlam psixoloji mühit yoxdursa, uşaq suallarının cavabını valideyndən deyil, internetdən axtarır. Cavabın kim tərəfindən, hansı məqsədlə verildiyini valideyn artıq idarə edə bilmir”.

Rövşən Nəcəfovun sözlərinə görə, uşağı rəqəmsal dünyadan tamamilə uzaqlaşdırmaq mümkün deyil və müəyyən risklər hər zaman mövcud olacaq: “Valideynin vəzifəsi riski sıfırlamaq deyil, uşağı risk qarşısında tək qoymamaqdır. Uşaq evdə eşidilmirsə, onu rəqəmsal dünya eşidir. Ən təhlükəli məqam da məhz budur”.

Psixoterapevt əlavə edib ki, uşaqda oyun asılılığı yaranırsa, oyundan uzaq qalmaqda ciddi çətinlik çəkirsə və düşüncə və davranışlarında yaşına uyğun olmayan dəyişikliklər müşahidə edilirsə, bu hallarda psixi sağlamlıq mütəxəssisinə müraciət olunmalıdır.