Vətənə və Millətə olan borc

AMİP lideri - Etibar Səlidar oğlu Məmmədov

2 aprel 1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.

Orta təhsilini Bakı şəhəri 20 saylı orta məktəbdə almışdır.

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur. 1973-cü ildə tələbə olduğu dövrdə siyasi fəaliyyətinə görə Universitetdən xaric edilmiş, bir il sonra yenidən Universitetə bərpa olunmuşdur.

Ali təhsil aldıqdan sonra Baki Dövlət Universitetində pedoqoji fəaliyyətə başlamışdır. 1987-ci ildə "Çarizm və Zaqafqaziya müsəlman silki” mövzusunda müdafiə etmiş və elmi dərəcə almışdır. Tarix elmləri üzrə fəlsəfə doktorudur.

Etibar Məmmədov 1988-ci ildə Azərbaycanda vüsət alan azadlıq hərəkatına qoşulmuş, hərəkatın "radikal” qanadına rəhbərlik etmiş və qısa müddətdən sonra milli azadlıq hərakatının liderinə çevrilmişdir. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından və rəhbərlərindən biri olmaqla, Xalq hərəkatı zamanı Sovet imperiyası əleyhinə keçirilən çoxsaylı etiraz aksiyalarının təşkilatçısı olmuşdur.

1990-cı ilin 20 yanvarında müstəqillik və azadlıq tələb edən xalqın cəzalandırılması məqsədilə Sovet qoşunlarının Azərbaycanın paytaxtı Bakı şəhərinə hücumuna və nəticədə 100-dən artıq dinc vətəndaşın ölümünə, yüzlərlə insanın yaralanmasına etirazını bildirən xalqın səsini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə gizli yolla birbaşa Sovet imperiyasının paytaxtı olan Moskva şəhərinə getmiş və Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xarici ölkələrdən akkreditə olunmuş jurnalistlər qarşısında mətbuat konfransı keçirərək baş verənləri bütün dünyaya çatdırmışdır. Mətbuat konfransının keçirildiyi gundən növbəti gunə keçən gecə, 1990-cı il yanvarın 26-da Sovet KQB-si daimi nümayəndəliyin binasına basqın etmiş və Etibar Məmmədovu həbs etmişdir. Həbsdən sonra 9 ay Lefortovo həbsxanasında istintaq altında saxlanılmışdır.

Xalqın Etibar Məmmədova azadlıq tələbi ilə keçirdiyi çoxsaylı mitinqlərin və azad olunması üçün toplanmış 1,5 milyon imzanın nəticəsi olaraq 1990-cı ilin noyabrında Bakıda keçirilən məhkəmənin qərarı ilə həbsdən azad olunmuşdur. Elə həmin il keçirilən seçkilərdə mandat qazanmış və Azərbaycan Ali Məclisinin deputatı seçilmişdir. 1991-1995 və 1995-2000-ci illərdə Azərbaycan Parlamentinin üzvü olmuşdur.

Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının həmmüəllifidir.

Azərbaycanın digər dövlətlər tərəfindən tanıdılması missiyasını öz üzərinə götürən Parlament nümayəndə heyətinin rəhbəri olaraq məhz onun Türkiyə və Pakistana səfərlərinin nəticəsində həmin dövlətlər tərəfindən ilk olaraq Azərbaycanın dövlət müstəqilliyi tanınmışdır.

1991-ci ildə Xalq Cəbhəsindən ayrılaraq partiya quruculuğu fəaliyyətinə başlamış və Azərbaycan Milli İstiqlal Partiyasının yaradılmasını elan etmişdir. Partiyanın 1992-ci il 3-4 iyul tarixlərində keçirilən ilk qurultayında AMİP (Azərbaycan Milli İstiqlal Partiyası) Sədri seçilmişdir. AMİP Azərbaycanda qeydiyyatdan keçmiş ilk siyasi partiyadır.

2004-cü ldə Partiya sədrliyindən istefa etmişdir. Partiyanın 2005-ci il Qurultayında AMİP lideri elan olunmuşdur.

2006-cı ildən etibarən İranda yaşayan 30 milyondan çox Azərbaycanlının hüquqlarının müdafiəsi ilə bağlı yaradılmış "Güney Azərbaycan beynəlxalq forumu” nun sədri kimi də fəaliyyət göstərir.

1998 və 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd olmuşdur.

2005-ci ildə "Güney Azərbaycan Beynəlxalq Forumu”nu yaradaraq Güney Azərbaycanda vüsət alan Milli Oyanış Hərəkatına dəstək vermişdi.

2005-ci ildən etibarən artıq 3-cü dəfədir ki, dünyanın 70-dən çox dövlətinin 100-dən artıq sağ mərkəz yönümlü partiyasının birliyi olan nüfuzlu Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini seçilir.

Ailəlidir. 3 övladı var.

Qısa tərcümeyi-haldan da göründüyü kimi çağdaş Azərbaycan tarixində Etibar Məmmədovun xidmətləri və fəaliyyəti sayəsində əlamətdar və tarixi günlərin sayı daha da çoxalmışdı. Hansılar ki, həmin günlər tarixi səlnaməmizə qızıl hərflərlə həkk olunub və şanlı səhifələrdir.

Etibar bəy bəlağətli cümlələri, onun haqqında təmtəraqlı danışmağı və tərifləri sevmir. Başqları kimi hansısa təltiflər və göstərdiyi misilsiz xidmətlərin müqabilində təmənna da ummayıb. Bütün bunların hamısını bir vətəndaş və Vətən övladının borcu kimi qəbul edir.

Doğrudur, Etibar Məmmədov Azərbaycana müstəqillik qazandırıb, müstəqil dövlət kimi dünyada tanıdıb, ərazi bütövlüyünün qorumnası üçün hər cür fədakarlıqlar göstərib, xalqının azadlığı uğrunda öz azadlığından keçib, ölkədə çoxpartiyalı siyasi sistemə keçidin əsasını qoyub, siyasi və ictimai fikir tarixinə yeniliklər gətirib və s. Bununla belə Etibar bəyin Vətənə və Millətə olan müqəddəs borcunu hələ tam ödəmədiyi düşüncəsindəyəm.

Bu borc Azərbaycan dövlətinin siyasi rəhbəri kimi ölkəni demokratik, yüksək inkişaf edən, bütövləşdirən, güclü və qüdrətli bir dövlətə çevirmək borcudur. Dünyanın müxtəlif güşələrinə səpələnən, əziyyətlərə, zülmlərə qatlaşan, mübarizələrdən yorulmayan, ürəklərində və şüurlarında illərlə O Taylı, Bu Taylı Azərbaycanımızın qovuşmasını və üçrəngli bayrağımızı planetimizin hər bir guşəsində sayğı duruşuna məcbur edəcək bir dövlətin rəhbəri olmaq borcu. Arzu edərdik ki, Uca Tanrı Etibar Məmmədova bu borcu da yerinə yetirmək ömrü və fürsəti versin.

Etibar bəy, doğum gününüzü təbrik edirik!