"Ölkədaxili problemlərin ölkədən kənarda müzakirə olunmasının əleyhinəyəm"

Xəbər verdiyimiz kimi, AMİP sədri Yusif Bağırzadə, AMİP Baş katibi Arzuxan Əlizadə və AMİP Beynəlxalq Əlaqələr katibi Elşən Mustafayevdən ibarət AMİP nümayəndə heyəti Avropa Xalq Partiyası (EPP) rəhbərliyinin dəvəti ilə 22-28 mart tarixlərində Brüsseldə işgüzar səfərdə olub.Səfər barədə ətraflı məlumat almaq üçün AMP Baş katibi Arzuxan Əlizadəyə müraciət etdik.

-Arzuxan bəy, Avropaya səfəriniz nə ilə bağlı idi?

-Bildiyiniz kimi Azərbaycan Milli İstiqlal Partiyası yarandığı dövrdən etibarən beynəlxalq əlaqələrə xüsusi önəm verib və bu gün mübaliğəsiz demək olar ki, AMİP ölkədə fəaliyyət göstərən siyasi təşkilatlarla müqayisə olunmayacaq dərəcədə əhatəli beynəlxalq əlaqələrə malik partiyadır. Partiya 1999-ci ildən dünyanın 80-ə yaxın ölkəsindən 100-ə qədər sağ mərkəz yönümlü siyasi partiyanı özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının (İDU) tam hüquqlu üzvüdür. AMİP Lideri Etibar Məmmədov 2005-ci ildən etibarən 3 dəfə ardıcıl olaraq seçilməklə bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini postunu tutur. Partiya BDİ çərçivəsində bir sıra ölkələrin aparıcı siyasi təşkilatları ilə əməkdaşlıq edir. Bu əlaqələrin davamı olaraq artıq 7 ildir ki, AMİP Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) ilə də əməkdaşlıq edir. Ötən müddət ərzində Partiya rəsmiləri AXP-nin Marseldə, Buxarestdə və Dublində keçirilən Qurultaylarında iştirak ediblər. Son 3 il ərzində əlaqələrimiz daha intensiv xarakter alıb. Bu illər ərzində AXP-nin mərhum Prezidenti Vilfrid Martens və sabiq Beynəlxalq Əlaqələr katibi Nikolas Breyk Bakıya səfərləri zamanı AMİP rəhbərliyi ilə görüşlər keçiriblər. Eyni zamanda son üç il ərzində biz də AXP rəhbərliyi ilə görüş məqsədilə Brüsselə səfərlər etmişik və bu dəfəki sayca üçüncü səfərimiz əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli idi.

-Brüssel səfərində kimlərlə görüşdünüz və səfərin nəticələrini necə görürsünüz?

-Ilk əvvəl onu deyim ki, bu dəfəki səfərimiz bilavasitə AXP rəhbərliyinin rəsmi dəvəti əsasında reallaşdı. Ötən il Dublin Konqresində AXP-yə yeni sədr seçilib və faktiki olraq yeni rəhbərlik formalaşıb. Bu səfərimiz həm də bir növ yeni rəhbərliklə ilk rəsmi görüş idi. Səfərdə AMİP-i sədr Yusif Bağırzadə, Beynəlxalq Əlaqələr katibi Elşən Mustafayev və mən təmsil edirdik. Səfərin ilk günü biz AXP Baş Qərərgahında Avropa Xalq Partiyasının Prezidenti cənab Jozef Doulla, növbəti gün isə AXP Baş katibi cənab Antonio Lopez-İsturislə görüşdük. Görüşlərdə AXP tərəfindən AXP Baş katibinin müavini cənab Kristian Kremer, AXP Xarici Əlaqələr katibi cənab Patrik Voller, AXP-nin Siyasi məsələlər üzrə müşaviri xanım Qalina Fomençenko və AXP rəhbərliyində təmsil olunan digər şəxslər iştirak edirdilər. İkitərəfli görüşlər zamanı 7 ildən artıq tarixi olan AMİP-AXP münasibətləri yüksək qiymətləndirildi və bu münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu vurğulandı. Eyni zamanda məxsusi olaraq AMİP-in AXP-yə üzvlük məsələsi və digər ikitərəfli maraq doğuran məsələlər də müzakirə olundu.

Məlumat üçün bildirim ki, qonşularımız Gürcüstan və Ermənistanın hər birindən iki siyasi partiya AXP-yə müşahidəçi üzv qismində qəbul olunublar. Avropa üçün əhəmiyyətliliyinə, iqtisadi potensialına, karbohidrogen ehtiyatlarına və bir sıra digər önəm daşıyan xüsusiyyətlərinə görə regionun aparıcı dövləti olmasına baxmayaraq Azərbaycandan heç bir siyasi təşkilat AXP-də rəsmi təmsil olunmur, bu isə heç şübhəsiz bizi narahat etməyə bilməz. Biz bu məsələni xüsusi olaraq AXP rəhbərliyinin diqqətinə çatdırdıq. Bir epizodu xatırlatmaq istəyirəm. Iki il əvvəl biz AXP-nin Buxarest Konqresində iştirak edirdik. Konqresə qonşularımızın siyasi təşkilatlarından da nümayəndələr qatılmışdılar. Qurultayın sonuncu günü Gürcüstan təmsilçisi olaraq o zamankı prezident Mixail Saakaşvili, Ermənistandan isə Serj Sarkisyan çıxış etdilər. Sarkisyan özlərinə xas olan məkrlə fürsətdən istifadə edərək çıxışını Ramil Səfərovun Azərbaycana təhvil verilməsi məsələsi üzərində qurdu və Qurultayda iştirak edən Macarıstan Baş nazirinə iradlarını bildirdi. Təəssüf ki, biz və Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə qonaq statusu ilə iştirak etdiyimizə görə tribunadan söz demək imkanından məhrum idik. Əlbəttə ki, yerdən münasibət bildirsək də, bu tribunadan fikir bildirmək effektini verə bilməz. Ona görə də biz siyasət mənsubları çalışmalıyıq ki, mümkün qədər çox beynəlxalq qurumda təmsil olunaq və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəmizi verək. Onu da deyim ki, bu dəfəki görüşümüzdə mən AXP-nin yeni rəhbərliyinin bizim yaxın zamanlarda rəsmi statusla AXP-yə üzv olmağımızda maraqlı olduğu qənaətinə gəldim. Yeni Azərbaycan Partiyası da AXP ilə əlaqələrə malikdir və AXP rəsmiləri Azərbaycanı AXP-də AMİP-lə yanaşı hakim partiya olaraq YAP-ın da təmsil etməsində maraqlı görünürlər. Sadəcə bəzi kriteriyalar var ki, onlara cavab verilməlidir və yalnız bundan sonra üzvlük rəsmiləşə bilər. Hər halda görüşlərimizin yekunu olaraq mənim gəldiyim qənaət budur.

-Avropada Azərbaycana münasibət dəyişibmi?

-Bu suala birmənalı cavab vermək çətindir. Hər halda reallıq budur ki, artıq Azərbaycan Avropa üçün maraq kəsb edən dövlətə çevrilib. Azərbaycanın yerləşdiyi geosiyasi məkan, ölkənin karbohidrogen ehtiyatları, enerji layihələrinin realizə olunmasında qarşılıqlı maraqlar, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və bir sıra digər amillər ölkəmizə xüsusi maraq yaradıb. Heç şübhəsiz ki, bütün bunlar həm dostlarımızın, həm də düşmənlərimizin sayını əhəmiyyətli dərəcədə artırıb. Səfər çərçivəsində bizim AXP rəsmiləri ilə yanaşı bir sıra Avropa siyasətçiləri ilə də mühüm görüşlərimiz oldu. Yeri gəlmişkən deyim ki, biz Avropa Parlamentində Avropa Xalq Partiyası qrupunu təmsil edən bir sıra parlamentarilərlə, o cümlədən, Avropa Parlamentinin İsveçdən olan üzvü cənab Günnar Hökmarkla, AP-nin Xorvatiyadan olan üzvü cənab Andrej Plenkoviçlə, AP-nin Rumıniyadan olan üzvü, AXP Xarici Əlaqələr Komitəsinin vitse-prezidenti cənab Kristian Dan Preda ilə və Avropa Parlamentinin digər üzvləri ilə görüşlər keçirdik. Bundan əlavə Vilfrid Martins adına Avropa Araşdırmalar Mərkəzinin direktoru cənab Tomi Huhtanenlə, Avropa İttifaqı Qonşuluq və Genişləndirmə siyasəti komissarı Johannes Hahnın müşaviri xanım Hanna Jahnsla, Avropa Parlamentinin Şərq Tərəfdaşlığı Təşkilatının Xarici Əlaqələr Komitəsində Azərbaycan, Ermənistan və Belorus üzrə Qrup rəhbəri cənab Khris Kendalla da görüşdük. Bütün bu görüşlərdə sadaladığım məsələlərlə yanaşı Avropa-Azərbaycan münasibətləri, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun Ermənistan tərəfindən işğalı, Azərbaycanda insan haqlarının vəziyyəti, Kütləvi İnformasiya Vasitələri və sərbəst toplaşma azadlığı ilə əlaqədar mövcud durum, karbohidrogen ehtiyatları və enerji daşıyıcıları ilə əlaqədar Azərbaycanın yürütdüyü siyasət, eləcə də reqiondakı hazırki vəziyyət və bir sıra digər məsələlərə toxunuldu.

Biz bütün görüşlərdə əsas diqqəti torpaqlarımızın 20 ildən artıq müddət ərzində işğal altında olması faktına yönəltdik. Bu bəlkə də birmənalı qarşılanmaya bilər, amma mən ölkədaxili problemlərin ölkədən kənarda müzakirə olunmasının əleyhinəyəm. Bu bizim iç problemlərimizdir və bu problemləri biz özümüz çözməliyik. Heç kəs bizim əvəzimizə Azərbaycanda demokratik mühit formalaşdırmayacaq və sizi inandırıram ki, heç bunda maraqlı da deyillər. Əksinə biz Qərb siyasətçilərinin ölkəmizə münasibətlərinin yaxşıya doğru dəyişməsinə çalışmalıyıq. Onlar bilməlidirlər ki, biz müstəqilliyimizi əldə etdiyimiz kimi öz torpaqlarımızı da azad etməyə, eləcə də ölkədə demokratik mühit formalaşdırmağa qadirik. Sadəcə buna mane olan beynəlxalq güclərə və onların havadarlarına qarşı mübarizədə bu siyasətçilərin dəstəyinə ehtiyacımız vardır. Biz bir çox məsələlərdə Azərbaycana qarşı yürüdülən ikistandartlılığa son qoyulmasını onlardan tələb etməli və dostlarımızın bu məsələdə bizə yardım etmələrinə nail olmalıyıq. Bir məlum həqiqəti dərk etməliyik ki, ölkədaxili məsələlərlə bağlı kənarda nə qədər şikayətlənəcəyiksə bir o qədər özümüzə ziyan edəcəyik. Çünki, həmin o şikayət etdiyimiz qurumlar nəticə etibarı ilə bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər və nəticədə uduzan tərəf yenə də biz oluruq.

-Səfəri necə qiymətləndirirsiniz?

-Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, AMİP yarandığı gündən beynəlxalq əlaqələri özünün əsas prioritetlərindən biri olaraq qəbul edib. Biz sağ mərkəz yönümlü partiya olmaqla adət-ənənədə və əxlaqda mühafizəkarlığa üstünlük verən siyasi təşkilatıq. Eyni zamanda hesab edirik ki, əsrlər boyu oturuşmuş demokratik dəyərlərə malik olan Qərb dünyası ilə müqayisədə müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanın həmin dəyərləri əxz etməsinə yardımçı olmalıyıq. Əlbəttə ki, yaxşını qəbul edib pisini atmaq şərtilə. Bu mənada Avropaya səfərlərin edilməsi və qərb siyasətçiləri ilə müntəzəm əlaqələrin qurulması, müxtəlif beynəlxalq qurumlarda təmsilçilik bütövlükdə ölkəmiz üçün olduqca faydalıdır.