AMİP iqtidara xəbərdarlıq etdi

AMİP rayon təşkilatları sədrlərinin iştirakı ilə Azərbaycan Milli İstiqlal Partiyası Siyasi Şurasının növbəti genişləndirilmiş iclası keçirilmişdir. Partiyaın mətbuat xidmətindən "Millət"ə daxil olan məlumata görə iclasın gündəliyinə 1990-cı il "20 Yanvar” şəhidlərinin növbəti anım tədbirinə hazırlıq, AMİP-in yaranmasının 25 illiyi münasibətilə keçiriləcək tədbirlər planının hazırlanması, 2016-cı il ərzində hökümətin yeritdiyi iqtisadi siyasət və istehlak mallarında müşahidə olunan qiymət artımı, yaranmış vəziyyətdən çıxış yolları və bir sıra digər cari məsələlər daxil edilərək müzakirə olunmuşdur.

Siyasi Şura qısa müddət ərzində AMİP Mərkəzi Aparatı tərəfindən yubiley münasibəti ilə "AMİP-25” adı altında keçiriləcək Tədbirlər Planının işlənib hazırlanması və təsdiq edilməsi üçün Siyasi Şuranın növbəti iclasına təqdim edilməsi barədə qərar qəbul edib.

Ölkədə istehlak məhsullarının günbəgün bahalaşmasını və hökümətin yeritdiyi iqtisadi siyasəti müzakirə edən AMİP Siyasi Şurası, vəziyyətin getdikcə daha təhlükəli hal aldığından narahatlığını ifadə edib. Siyasi Şura hesab edir ki, hökumətdə pul-kredit siyasətinə məsul olan şəxslər dərhal tutduqları vəzifələrdən uzaqlaşdırılmalı və cəzalandırılmalıdırlar. Bahalaşmadan daha çox əziyyət çəkən sosial təbəqənin, əhalinin aztəminatlı hissəsinin hüquqlarının qorunması, xırda və orta sahibkarlığın sıradan çıxmaması üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Hökumət eyni zamanda azad ticarətin inkişafına real şərait yaratmalı, ölkəyə sərmayə qoyuluşuna əngəllər törədən halların aradan qaldırılması istiqamətində ciddi addımlar atmalıdır. AMİP Siyasi Şura  bəyan edir ki, tezliklə ciddi iqtisadi islahatlar aparılmayacağı təqdirdə törənəcək ağır fəsadlardan qaçmaq mümkün olmayacaq və bunun məsuliyyəti tam olaraq indiki hökümətin üzərində olacaqdır.

Sonda Siyasi Şura "20 Yanvar” şəhidlərimizin anım mərasimində iştirak və şəhidlər xiyabanının mütəşəkkil qaydada ziyarət edilməsi üçün AMİP rayon təşkilatlarına və partiyanın digər strukturlarına tapşırıqlar verib.