İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkiləri təkcə baş nazir Benyamin Netanyahunun siyasi taleyini deyil, ölkənin gələcək təhlükəsizlik strategiyasını və Yaxın Şərqdəki proseslərin istiqamətini də müəyyənləşdirəcək. 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra başlayan müharibələr, İranla qarşıdurma, Qəzzadakı vəziyyət və hökumətin təhlükəsizlik siyasəti seçki kampaniyasının əsas mövzularına çevrilib.
Uzun illərdir İsrail siyasətinin əsas fiqurlarından olan Netanyahu bu dəfə həm təhlükəsizlik sahəsindəki qərarlarına görə tənqidlər, həm də daxili siyasi narazılıqlar fonunda seçicilərin qarşısına çıxır. Digər tərəfdən, müxalifətin hakimiyyət dəyişikliyinə nail olmaq imkanları yalnız seçki nəticələrindən deyil, parlamentdə çoxluq formalaşdırmaq qabiliyyətindən də asılı olacaq. İsrailin koalisiya sistemində kiçik partiyaların mövqeyi belə hökumətin taleyinə təsir göstərə bilər. Seçkilərin nəticəsi İranla münasibətlərə, Qəzza və Livan istiqamətində hərbi-siyasi qərarlara, eləcə də ABŞ-la strateji əməkdaşlığa təsirsiz ötüşməyəcək. Donald Trampın Netanyahunu açıq şəkildə dəstəkləməsi də Vaşinqtonun bu seçkiyə münasibətini gündəmə gətirir. Bununla belə, seçki nəticələrinin ölkənin siyasətində hansı dəyişikliklərə səbəb olacağını indidən qəti şəkildə söyləmək mümkün deyil.
İsraildə seçkilər Netanyahunun hakimiyyətdə qalması ilə nəticələnsə, Yaxın Şərqdə mövcud təhlükəsizlik siyasəti davam edəcək? Mümkün hakimiyyət dəyişikliyi regionda yeni siyasi mərhələnin başlanğıcına çevriləcək?
Politoloq Əli Orucov Musavat.com-a deyib ki, İsrail Knessetinə 27 oktyabrda keçiriləcək seçkilər həm ölkə, həm də region üçün böyük əhəmiyyət daşıyır və sonrakı proseslərə də öz ciddi təsirini göstərəcək:
"Tramp Benyamin Netanyahunu açıq şəkildə dəstəkləsə də, onun yenidən qalib olaraq hakimiyyətdə qalması elə də asan görünmür. Ötən seçkilərdə də Netanyahunun partiyası 120 yerlik Knessetdən 36-sını qazanaraq təkbaşına hökumət qura bilməmişdi. İsrailin region ölkələri ilə müharibəyə başlaması, Fələstində aparılan qanlı hərbi əməliyyatlar Təl-Əvivin beynəlxalq imicinə sarsıdıcı zərbə vurub və hətta öz müttəfiqlərinin qınağına tuş gəlib. Qərb dövlətləri Netanyahunun apardığı müharibələrdən narahat və narazıdır. Onun barəsində həm daxildə, həm də beynəlxalq müstəvidə ciddi ittihamlar mövcuddur. İran müharibəsi zamanı aydın oldu ki, İsrailin hava məkanı heç də şişirdildiyi kimi etibarlı qorunmur və xeyli itkilərə səbəb oldu. Seçki prosesində də əsas müzakirə və diqqət ayrılan məsələ milli təhlükəsizlik və bunun fonunda bahalaşma, sosial iqtisadi durumdur. Son rəy sorğularına görə, seçkilərdə iştirak edən qüvvələrin heç biri hökuməti qurmaq üçün lazım olan 61 mandat qazana bilmir. Seçkidə mübarizə aparan 38 siyasi partiya və namizədlər arasında 11-nin 3.25-lik seçki baryerini aşa biləcəyi proqnozlaşdırılır. Keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalif "Yaşar" (Yashar) partiyası sorğularda irəliyə keçərək Netanyahunun "Likud" partiyası ilə başabaş mübarizə aparır. Heç bir bloka daxil olmayan ərəb partiyalarının təxminən 14-15 mandat əldə etmək şansları var. Digər kiçik fraksiyalar seçkidən sonra hökumətin qurulmasında "kilid" rolunu oynaya bilər. Ona görə də çox gərgin mübarizə gedir. Əgər Netanyahu uduzarsa və hökumət formalaşdıra bilməsə, onun haqqında İsraildə başladılan cinayət işi davam etdiriləcək və məsuliyyətə cəlb olunması aktuallaşacaq. Eyni zamanda Beynəlxalq Cinayət Məhkəməsində onun haqqında çıxardığı həbs qərarının icra olunması istiqamətində də işlər sürətləndiriləcək. 27 oktyabrda keçiriləcək parlament seçkiləri Netanyahunun təkcə hakimiyyət məsələsini deyil, onun şəxsi karyerası üçün də həlledici hal olacaq. Onun dostu və müttəfiqi Tramp hətta bir az da qabağa gedərək Netanyaunun seçilməyəcəyi təqdirdə İranla müharibənin çətinləşəcəyi barədə fikirlər də səsləndirib. Fikrimcə, sağçı Netanyahunun apardığı siyasət həm ölkə daxilində, həm də dünya ictimaiyyətində mənfi çalarlar yaradıb və onun hakimiyyətdən getməsi regionda sülh axtarışlarını sürətləndirə bilər. Çünkı onun koalisiyası da ifrat sağçılardan və millətçilərdən ibarət olduğundan xarici siyasətində, təhlükəsizlik və müdafiə məsələlərində radikal kurs izənilirdi. Həmin kursun davamı Təl-Əvivin beynəlxalq izolyasiyasına apara, sülhün və təhlükəsizliyin dalana dirənməsinə gətirib çıxara bilər".