“Zəngilanın dirçəlişi Azərbaycanın Qələbəsinin və quruculuq əzminin təcəssümüdür” – Arzuxan Əlizadə

“Zəngilanın dirçəlişi Azərbaycanın Qələbəsinin və quruculuq əzminin təcəssümüdür” – Arzuxan Əlizadə
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü elan edilib.

Bu qərar, Zəngilanın tarixinə, Qələbəsinə və gələcək inkişafına verilən yüksək dəyərin ifadəsidir. Bu gün Zəngilan yenidən qurulma dövrünü yaşayır. “Böyük Qayıdış” proqramı çərçivəsində zəngilanlılar doğma yurdlarına qayıdır. 2026-cı il oktyabrın 1-nə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, Ağalı kəndində 234 ailə, Məmmədbəyli kəndində isə 179 ailə məskunlaşıb. Ağalı ağıllı kəndi müasir Azərbaycanın inkişaf potensialının gözəl nümunəsidir.

Burada “yaşıl” enerji texnologiyaları, günəş panelləri, Arximed turbini tipli su elektrik stansiyası, yüksəksürətli internet, tele-səhiyyə və elektron xidmətlər tətbiq edilib. Bu, Zəngilanın yalnız bərpa olunmadığını, həm də gələcəyin ağıllı, rahat və dayanıqlı yaşayış məkanına çevrildiyini göstərir. Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı təsdiq edilib. Şəhərdə yeni yaşayış kompleksləri, sosial obyektlər, yol-kommunikasiya infrastrukturu inşa olunur. 2026-cı ildə Zəngilan şəhərində 104 mənzilli ilk yaşayış kompleksinin açılışı baş tutub. Zəngilan Beynəlxalq Hava Limanı, Horadiz–Zəngilan–Ağbənd dəmir yolu və avtomobil yolu layihələri bu torpağı regionun mühüm nəqliyyat qovşağına çevirir. Zəngəzur dəhlizi Azərbaycanın bölgədəki nəqliyyat, iqtisadi və strateji rolunu daha da gücləndirəcək.

Eyni zamanda “Dost Aqropark”, turizm layihələri, hotel və istirahət kompleksləri Zəngilanın iqtisadi gələcəyini formalaşdırır. Bu layihələr yeni iş yerləri yaradır, gənclərə perspektiv açır və Zəngilanı müasir, firavan bir regiona çevirir. Zəngilan şəhəri günü münasibətilə bütün zəngilanlıları, şəhid ailələrini, qaziləri, Vətən müharibəsi iştirakçılarını və doğma torpaqlara qayıdan sakinlərimizi səmimi qəlbdən təbrik edirəm.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların qanı bahasına qazanılmış Qələbəmiz, Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində Zəngilan yenidən həyat qazanır. Zəngilanın şəhər günü mübarək olsun!

Zəngilanın gələcəyi parlaq, xalqımız firavan, Azərbaycanımız güclü olsun!

Arzuxan Əli-zadəMilli Məclisin deputatı