Azərbaycan hökuməti, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədə fəaliyyət göstərməsi üçün hüquqi əsasın olmadığına dair rəsmi bildiriş göndərib. Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da keçirilən mətbuat konfransında bildirib ki, USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb.
O qeyd edib ki, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi. Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən deputat Arzuxan Əlizadə bildirib ki, ABŞ-nın Beynəlxalq İnkişaf Agentliyinin fəaliyyəti məlumdur ki, uzun illər ərzində təxminən 80-dən çox ölkədə davam etmişdir: "Bu təşkilat milyardlarla dollar vəsait ayırmış və müxtəlif ölkələrdə qeyri-qanuni fəaliyyətlərlə məşğul olmuşdur. Bildirilir ki, təşkilat bəzi inqilabları maliyyələşdirmiş, hətta Əfqanıstanda heroin istehsalında iştirak etmiş və bu ölkəyə yardım adı altında başqa məqsədlər güdmüşdür”.
A.Əlizadə əlavə edib ki, Azərbaycandakı fəaliyyəti ilə bağlı da mübahisəli məsələlər mövcuddur: "Təşkilatın Azərbaycanda 34 il ərzində müxtəlif qurumlara milyonlarla dollar vəsait ayırdığı iddia edilir. Bununla yanaşı, Azərbaycan torpaqlarının işğalı məsələsində ədalətli mövqe sərgiləmədiyi və heç vaxt bu barədə açıqlama vermədiyi də qeyd olunur”.
Deputatın sözlərinə görə, ABŞ-da Donald Tramp hakimiyyətə gəldikdən sonra bu təşkilatın və digər oxşar qurumların maliyyələşdirilməsini dayandırmaq barədə qərar vermişdir: "Tramp administrasiyasının əsas fiqurlarından biri olan Elon Mask da bu təşkilatı cinayətkar yuva adlandırmış və onun öz nizamnaməsinə uyğun fəaliyyət göstərmədiyini bildirmişdir. Artıq təşkilatın bank hesabları bağlanıb, saytlarına giriş dayandırılıb və Filadelfiyada yerləşən mərkəzi qərargah nəzarətə götürülüb”.
A.Əlizadə vurğulayıb ki, Birləşmiş Ştatların müvafiq qurumları tərəfindən təşkilatın fəaliyyətinə dair audit yoxlamalarına başlanıldığı bildirilir: "Müxtəlif ölkələrdə 27 milyon dollardan çox vəsait qanunsuz istiqamətlərə yönləndirilib. Demokratlar bu qərarla razılaşmasalar da, artıq müvafiq addımlar atılmışdır”.
O, həmçinin qeyd edib ki, Azərbaycanda da təşkilatın fəaliyyəti dayandırılır və ötən illərdə bu qurumun qanunsuz fəaliyyətinə dair xəbərdarlıqlar edildiyi məlumdur: "Bu qərarın ədalətli olduğu düşünülür və onun Azərbaycan-Amerika münasibətlərinə mənfi təsir göstərməyəcəyi qeyd edilir. ABŞ-də də təşkilatın maliyyə əməliyyatları araşdırılır və Azərbaycanda müxtəlif qrant layihələri və digər yollarla ayrılmış vəsaitlərin hara yönləndirildiyi də yoxlanılmalıdır. Bu araşdırmaların nəticələrinin yaxın zamanda açıqlanması gözlənilir”.
Qeyd edək ki, USAID-in Azərbaycandakı fəaliyyəti ilə bağlı müzakirələr 2023-cü ilin sentyabrında Qarabağda keçirilən hərbi əməliyyatlardan sonra intensivləşib. Həmin dövrdə USAID-in rəhbəri Samanta Pauer əməliyyat nəticəsində yüz mindən çox insanın evlərini tərk edərək Ermənistana köçməyə məcbur olduğunu bildirmişdi. Bu açıqlama rəsmi Bakı tərəfindən tənqid edilmiş və USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilmişdi.