Bakı və Tbilisi arasında münasibətlər təkcə iki dövlətin deyil

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın inkişafı, regionda sabitlik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq ruhunda uğurla inkişaf etdiyini vurğulayıblar.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycan və Gürcüstan münasibətləri Cənubi Qafqazda formalaşan ən sabit və strateji tərəfdaşlıq modellərindən biri hesab olunur:

“İki ölkə arasında əməkdaşlığın ən vacib istiqaməti isə şübhəsiz ki, enerji və nəqliyyat sahələridir. Çünki məhz bu layihələr Azərbaycan-Gürcüstan əlaqələrini təkcə ikitərəfli münasibətlər səviyyəsində saxlamır, onu regional və beynəlxalq əhəmiyyətli əməkdaşlıq modelinə çevirir. Azərbaycan uzun illərdir enerji resurslarını dünya bazarına çıxarmaq üçün Gürcüstan üzərindən keçən marşrutlardan istifadə edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Supsa xətti və TANAP kimi layihələr təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşdığı üçün Azərbaycan-Gürcüstan əməkdaşlığının əhəmiyyəti daha da artıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa alternativ enerji mənbələrinə və marşrutlarına daha çox diqqət ayırmağa başlayıb. Bu kontekstdə Cənubi Qafqaz artıq yalnız regional deyil, Avrasiyanın enerji xəritəsində strateji ərazi kimi qəbul edilir. Azərbaycan qazının Gürcüstan üzərindən Avropaya nəqli həm Bakı, həm də Tbilisinin beynəlxalq mövqeyini gücləndirir. Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan və Gürcüstanın əməkdaşlığı Çin-Mərkəzi Asiya-Xəzər-Qafqaz-Avropa xətti boyunca yeni iqtisadi imkanlar yaradır. Bakı-Tbilisi-Qars dəmir yolu bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Dünyada ticarət marşrutlarının yenidən formalaşdığı bir dövrdə bu xətt region ölkələrinin tranzit potensialını artırır və onları qlobal logistika zəncirinin vacib hissəsinə çevirir. Regionda sabitlik məsələsinə gəldikdə isə, Azərbaycan və Gürcüstan əməkdaşlığı Cənubi Qafqazda balanslaşdırıcı amillərdən biri hesab olunur. Hər iki ölkə regional layihələrin təhlükəsizliyi, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açıq saxlanılması məsələsində ortaq maraqlara malikdir. Bu əməkdaşlıq bölgədə qarşıdurmadan daha çox iqtisadi qarşılıqlı asılılıq modelini gücləndirir. Məhz buna görə də Bakı və Tbilisi arasında münasibətlər təkcə iki dövlətin deyil, bütövlükdə regionun sabitliyi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, iki ölkə arasında siyasi dialoqun intensiv olması da xüsusi rol oynayır. Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze arasında keçirilən görüş bir daha göstərdi ki, tərəflər münasibətləri yalnız mövcud layihələr üzərində deyil, gələcək regional əməkdaşlıq perspektivləri üzərində də qurmağa çalışırlar. Bu isə Azərbaycan-Gürcüstan tərəfdaşlığını uzunmüddətli və dayanıqlı edən əsas amillərdən biridir”.