Bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə yalnız dividentlər gətirə bilər

Mayın 15-də müxalifət partiyaları ilə hakimiyyət təmsilçilərinin növbəti görüşü keçiriləcək. Sayca üçüncü dəfə keçiriləcək görüşdə müzakirə ediləcək məsələlər barədə ətraflı məlumat verilməsə də, Birinci Avropa Oyunları ərəfəsində belə bir görüşün keçirilməsi əhəmiyyətli hesab edilir. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə "OLAYLAR”-a verdiyi müsahibədə həmin görüşdən olan gözləntilər, eləcə də Birinci Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı nümayiş etdirilən haqsız münasibətdən danışıb.

-Yusif bəy, mayın 15-də müxalifət partiyalarının hakimiyyət nümayəndələri ilə növbəti görüşü keçiriləcək. Belə bir həssas məqamda hakimiyyət nümayəndələri ilə görüşün keçirilməsini necə dəyərləndirirsiniz?

-Azərbaycan Milli İstiqlal Partiyasının sədri olaraq əvvəldən də belə bir görüşün keçirilməsinə pozitiv mövqe bildirmişəm. Müxalifətdəki siyasi təşkilatların bir çoxu, xüsusilə AMİP bəyanat verib ki, bütün məsələlər dialoq, görüş vasitəsilə həll edilməlidir. Artıq indiyə kimi iki görüş keçirilib. Həmin görüşlərdə kifayət qədər ciddi məsələlər ortaya qoyulub. Bu sıraya seçki mühitinin formalaşması, siyasi partiyaların təkmilləşməsi, onların durumunun yaxşılaşdırlması, ofislərlə təmin olunması kimi məsələlər daxildir. Bütün bu məsələlərlə bağlı tərəflər öz pozitiv fikirlərini bildiriblər. Məlumat üçün qeyd edim ki, mayın 15-də baş tutacaq görüşlə bağlı Azərbaycan Milli İstiqlal Partiyasında müəyyən müzakirələr aparılacaq. Növbəti görüşdə də kifayət qədər ciddi məsələlər qaldırılacaq. Ümumiyyətlə, bu kimi dialoqlar məhsuldar olmalıdır. Siyasi təşkilat olaraq istərdik ki, üçüncü və ya dördüncü görüşdə ölkədəki siyasi partiyaların fəaliyyəti ilə əlaqədar ortaya real sənəd qoyulsun. Bu gün təkcə vətəndaş cəmiyyəti deyil, eləcə də siyasi partiyalarda birliyə ehtiyac duyulur. Həmin birlik nümayiş etdirilməli, onun beynəlxalq təqdimatının keçirilməlidir. Bu gün Azərbaycanda bütün siyasi qüvvələrin bir arada olması, bu hadisələrə vaxtında, adekvat, bir yerdə cavab verməsinə ehtiyac var.

- Birinci Avropa Oyunlarının Bakıda keçirilməsini AMİP necə qarşılayır?

-Birinci Avropa Oyunları ilə bağlı AMİP olaraq bizim fikrimiz pozitivdir. Hesab edirəm ki, bu oyunların Azərbaycanda keçirilməsi ölkəmizə yalnız dividentlər gətirə bilər. Bu həm siyasi, həm iqtisadi dividentlər olacaq. Eyni zamanda bu oyunlar vasitəsilə ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ problemi barədə dünya ictimaiyyəti bir daha məlumatlandırılacaq, həm Avropa, həm də dünyaya Azərbaycan dövlətinin təqdimatı keçiriləcək. Birinci Avropa Oyunlarını bir monitorinq kimi qəbul edərdim. Bununla biz biləcəyik ki, dostlarımız və ya düşmənlərimiz kimdir. Eyni zamanda idmanı siyasətə qatmaq istəyənlərin kimlər olduğunu biləcəyik. Bununla da Azərbaycana qarşı qərəzli mövqedən yanaşan dövlətləri görəcəyik.

-Azərbaycan Milli İstiqlal Partiyası Avropanın əksər siyasi partiya və təşkilatları ilə yaxından əməkdaşlıq edir. Partiya Azərbaycana qarşı nümayiş etdirilən haqsız münasibətlərə cavab olaraq Avropadakı tərəfdaşlarına əsl reallığın nədən ibarət olduğunu çatdırırmı?


-Biz Azərbaycan Milli İstiqlal Partiyası olaraq hər zaman Azərbaycanın haqlı mövqeyini Avropadakı tərəfdaş təşkilatlara çatdırırıq. Bu istiqamətdə Avropa Xalq Partiyası, eləcə də digər təşkilatlarla yaxından əməkdaşlıq edirik. Biz Azərbaycandakı vəziyyət, ölkəmizin haqq mövqeyini onlara çatdırırıq. Məlumat üçün deyim ki, bizim partiya olaraq bir çox dövlətlərin, Böyük Britaniya, İsveç və digər Avropa ölkələrinin parlamentləri, eləcə də hakim partiyaları ilə yaxşı münasibətlərimiz var. Həmin dövlətlərin idmançıları da Birinci Avropa Oyunlarında iştirak edəcəklər. Onu da qeyd edim ki, bir müddət əvvəl İsveç parlamentində qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edilmişdi. Artıq həmin qətnamənin qeyri-qanuni olması və qüvvədən düşməsi barədə İsveç parılamentinin qərarı da var. Təbii ki, burada söhbət hansısa bir dövlət və ya həmin dövlətin parlamenti, siyasi partiyası ilə əməkdaşlıqdan getmir. Əsas odur ki, Avropadakı bütün siyasi təşkilatlarla münasibətlər qurulsun və Azərbaycanın haqlı mövqeyi onlara çatdırılsın. Bu istiqamətdə AMİP hər zaman fəal olub. Bu gün Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal altındadır. Təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar işğal faktının aradan qaldırılmasına deyil, Azərbaycana qarşı təzyiqlərə üstünlük verirlər. Həmin təşkilatların istəyi ondan ibarətdir ki, Azərbaycan Ermənistanla iqtisadi münasibətləri tənzimləsin, ondan sonra torpaqların azad edilib-edilməyəcəyi məsələsinə baxıla bilər. Onlar Azərbaycanın barışdırıcı mövqedən çıxış etməsini təklif edir, işğal faktı ilə barışmağımızı təklif edirlər.

-Bu arada Avropa Parlamentinin Birinci Avropa Oyunları ilə bağlı çağırışını necə dəyərləndirirsiniz?


-Hesab edirəm ki, siyasi məhbus hesab edilən bəzi insanların işlərinə yenidən baxıla bilər. Məlum olduğu qədər Prezident Administrasiyasında da bu məsələlərlə əlaqədar müvafiq komissiya da yaradılıb. Düşünürəm ki, siyasi məhbus hesab edilən vətəndaşların məsələlərinə yenidən baxılsa yaxşı olar. Çünki Azərbaycana qarşı yönəlmiş qeyri-obyektiv, haqsız təzyiqlər də bununla əlaqədardır. Ümumiyyətlə, Azərbaycanın haqq yolda olduğu bütün beynəlxalq təşkilatlara çatdırılmalı və Birinci Avropa Oyunlarının yüksək səviyyədə təqdimatı keçirilməlidir.


Süleyman İsmayılbəyli