İranın Azərbaycanla bağlı növbəti təxribatı

İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyalarında Azərbaycan əleyhinə plakatlar qaldırılıb...

Siyasi-şərhçi: “Ermənistan-Azərbaycan münaqişəsində işğalçının yanında olan, təcavüzkara dəstək verərək, hətta ona tonlarla silah-sursat göndərən bir ölkənin dini aksiyalarında belə şüarların səslənməsi, plakatların qaldırılması təəccüblü deyil”.

“Sosial mediada bir neçə belə paylaşımın müəllifinə diqqət edin görəcəksiniz, belə paylaşımların çoxu saxta profillərlə edilib”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı İranın Azərbaycana qarşı atdığı növbəti təxribatçı addımı Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi aprelin 15-də İranda hökumətin təşkil etdiyi “Qüds günü” aksiyalarında Azərbaycan əleyhinə plakatlar qaldırılıb və şüarlar səsləndirilib. Belə ki, aksiyada həm Azərbaycan əleyhinə yazılan şüarlar, həm də “Qüdsə gedən yol Bakıdan keçir” yazılı plakatlar qaldırılıb.

Son günlərdə Azərbaycan və İran rəsmiləri arasında telefon danışıqları və görüşlərin keçirilməsinə baxmayaraq, Tehran tərəfindən yenə də təxribat xarakterli addımların atılması nəyə hesablanıb?

İran-Azərbaycan münasibətlərinin indiki mərhələsini Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Azərbaycanın qəti addımları qarşısında rəsmi Tehranın geri çəkilmək istədiyini, sadəcə özünü məğlub kimi göstərmək istəmədiyini düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, gec və ya tez bu olacaq:

“Qozbeli qəbir düzəldər”, yəni cənub qonşumuz düzəlməyəcək. Nə qədər də özünü səmimi tərəf kimi göstərməyə çalışsa da, əslində hər kəs onu qeyri-səmimi görür, dost sandıqları da, rəqib gördükləri də, düşmənləri də...Bu baxımdan İran tərəfindən belə təxribatların olacağı gözləniləndir və bundan sonra da olacaq. Azərbaycanın qəti addımları qarşısında rəsmi Tehran geri çəkilmək istəyir, sadəcə özünü məğlub kimi göstərmək istəmir. Amma gec və ya tez bu olacaq.

İranın müsəlman ölkəsi kimi də qeyri-səmimiliyi hər zaman özünü açıq şəkildə büruzə verib. Ermənistan-Azərbaycan münaqişəsində işğalçının yanında olan, təcavüzkara dəstək verərək, hətta ona tonlarla silah-sursat göndərən bir ölkənin dini aksiyalarında belə şüarların səslənməsi, plakatların qaldırılması təəccüblü deyil. Bir də aksiyadan həmin fotoları paylaşanlara diqqət edin. Həmin şəxslər öz ölkələrini tərk edib, İrana sığınan və molla rejiminə casusluq edənlərdir. Sosial mediada bir neçə belə paylaşımın müəllifinə diqqət edin görəcəksiniz, belə paylaşımların çoxu saxta profillərlə edilib.

İran tarix boyu Azərbaycanı təhdid edib. Amma Türkmənçay müqaviləsindən, xüsusilə, müstəqillik qazandığımız 1991-ci ildən bu yana heç bir niyyətinə nail ola bilməyib. İndi də elə olacaq. “Qüdsün yolu Bakıdan keçir” mesajı verirlər, “qulaqlarının dibini görərlər...”. Hələ əllərindəki Cənubi Azərbaycanı saxlaya bilsinlər, sonra danışarlar.

Son günlərdə İran-Azərbaycan münasibətlərinin tezliklə düzələcəyi, hətta bunun rüşeymlərinin göründüyü barədə bəzi fikirlərə rast gəlirik. Təbii ki, ölkələrarası gərginllik yaşanan heç bir münasibətlər daimi olmayıb. Bu da daimi olmayacaq. Amma heç bir halda İrana etibar etmək, ehtimad göstərmək qətiyyən olmaz.

Bir məsələni də nəzərə alaq ki, II Qarabağ savaşından sonra Zəngəzur dəhlizinin açılmaması üçün İran hər bir yola əl atır. Onun üçün də bu dəhliz açılana qədər hər an Azərbaycanla gərginlik yaşana bilər. Hətta, rəsmi Tehranın Zəngəzur dəhlizinin açılmaması üçün bu dəhlizin açılmasında maraqlı olan digər dövlətlərlə də gərginlik yaşaması gözləniləndir. Pul şirin bir şeydir, onun üçün də cənub qonşumuz dəhlizin açılması ilə milyardlardan məhrum olacağını yaxşı görür və bununla barışması çətin olacaq. Amma gec-tez barışmağa da məcbur olacaq”.