Məqsəd, Etibar Məmmədovun özünü tam sıradan çıxartmaqdır

1-ci hissə

Bu ilin 4 iyun gündəmi yaman uzun çəkdi, yaman da çox danışdılar bu haqda, haqqı olan, olmuyan hamı qoşuldu bu xora. Azərbaycanın gə(tiri)ldiyi durumun vahimliyində, mədəni, mənəvi, elmi, iqtisadi, siyasi böhranın əlində can çəkişən məmləkətin qara gününə ağlamalı, dərdlərinə əlac bulmalı olanların bu müdhiş xora, əslində isə bu qədər mənasız və heç bir dərdə dərman olmayan polemikalara niyə bu qədər ciddi-cəhdlə qoşulmalarının özəl, ya da özünəməxsus səbləri olmamış deyil.

Elə bu özəl və ya özünəməxsus səbəblərin hardan və niyə qaynaqlandığını öyrənmək istəyi ilə, bu arada adı hallandırılanların sırasında olan Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevə üz tutdum. Elşad bəy 1993-cü ildə və ondan da xeyli sonralaracan, indi hər yerindən duranın "xəyanət”də, "satqınlıq”da ittiham elədiyi AMİP-in aparıcı simalarından biri olmaqla yanaşı, həm də o dövrdə Etibar Məmmədova ən yaxın adamlardan biri olub.

Bir sözlə, bu böyük xorun içində fərqli bir yanaşma, fərqli fikir eşitmək istəyi ilə Elşad Musayevi sual yağışına tutdum. Söhbətimiz necə alındı, nələrdən danışdıq və BAP sədrinin pəncərəsindən 1993-ün iyunu necə görsənir, eləcə də, bu il bir türlü səngimək bilməyən "4 iyun” müzakirələrinin səbəbləri nədir sualınnın cababı onun dilindən necə səslənir, buyurun Siz də tanış olun.

Elşad bəy, sizinlə diktafon qarşısında görüşməməyimiz bir az uzun çəkdi, nə var nə yox, ümumi vəziyyət necədir?

Əvvəlki kimi sakitçilikdir və ölkənin ümumi vəziyyətində elə bir ciddi dəyişiklik yoxdur.

-Ramazan bayramı gəlib və bu bayramın əsas məziyyətlərindən biri də, oruc tutmaq, kasıblara əl uzatmaq, yetimə-yesirə nəzir-niyaz verməkdi, belə şeylər eliyirsinizmi, daha doğrusu buna imkanınız varmı?

-Vallah, illərdir ki bu suallar verilir və mən bu tip sualları da, onlara verilən cavabları da şablon hesab edirəm. Kimin belə bir savab işlərə qoşulmaq istəyi varsa, Allah qəbul eləsin, kim bu günləri bayram kimi qəbul edirsə, Allah onlardan da razı olsun. Kim də ki, bu şeylərə, hər hansı səbəbdən qoşulmur, ya da qoşula bilmirsə, bu da onların haqqıdır. Ona görə də bütün bu məsələlərə sakit və hörmətlə yanaşmaq lazımdır.

-Siz həm də Böyük Azərbaycan qurmaq hədəfi olan bir partiyanın sədrisiniz və bu iddiada olan bir şəxs kimi soruşdum, yəni bir partiya sədrinin bu bayramın rituallarını həyata keçirə bilmək üçün imkanları yetərlidimi, o mənada? Təbii ki, partiya bir sədrinin bu mənada məsrəfləri adi vətəndaşlardan əhəmiyyətli dərəcədə fərqlənməlidi.

Mən oruc tutmuram, tutanlara da, tutmayanlara da hörmətlə yanaşıram. Qalan da, kim hansı ritualı necə yerinə yetirir, bu onların özlərinin işidir və bu haqda kiməsə hesab vermək zorunda deyil. Belə işlər Allah yolunda və Allaha xatir edilir. Yəni bu ritualların necə yerinə yetirilməsində də, yetirilməməsində də hər kəs tam sərbəstdir. Belə şeylərə də mən çox adi yanaşıram.

-Bu il nəsə 4 iyunla bağlı müzakirələr çox uzun sürdü və hələ də səngimir. Sizcə, bu məsələlər niyə məhz bu il belə qabardıldı?

-Bu məsələ ölkədə ciddi siyasi gərginlik atmosferi yaratmaq cəhdləri ilə bağlıdı. Amma biz bunu sakitcə təhlil elədik. Onsuz da bu məsələlərlə bağlı, uzun illərdir ki, müəyyən mövqe toqquşmaları gedir. Son illərdə bu müzakirələr bir azca səngimişdi, ama indi birdən-birə yenidən bu şəkildə alovlandırılması təsadüfi hal deyil. Açiq və birmənalı deyirəm ki, bu, prezident aparatından gələn göstəriş əsasında həyata keçirilir. Hakimiyyətin bir qolu, illərlə olduğu kimi, bu məsələni bilərəkdən qaldırır. Yəni, bir daha altını çızaraq deyirəm ki, bu, sadəcə bir təsadüfün nəticəsi deyil. Təbii ki, burda güdülən bir neçə məqsədlər və situasiyanı yaradan şərtlər var. Bu şərtlərdən biri də odur ki, hakimiyyətin mövqeyi istər daxildə, istər xaricdə, istərsə də öz içərisində əvvəlki kimi sabit və möhkəm deyil. Ölkənin iqtisadi, siyasi durumu da əvvəlki kimi stabil deyil və çox oynaq hala gəlib. İki ildən sonra keçiriləcək prezident seçkiləri ilə bağlı hakimiyyətin daxilində müəyyən narazılıqlar və naraharlıqlar var. Ona görə də indidən müəyyən tədbirlər görmək istəyirlər. Bu məqsədlə də, bir sıra siyasi qüvvələri sıradan çıxarmaq, bəzilərinin üzəridə indidən basqı qurmaq istəyi var. Ona görə də, mən bu baş verənlərə və xüsusən də iyun hadisələrinin bu cür qabardılmasına sıradan bir təsadüf kimi baxmıram. Proses bilərəkdən və istiqamətləndirilmiş şəkildə həyata keçirilir.

-O zaman, yəni 1993-cü ilin iyun hadisələri vaxtı ölkədə bir sıra ciddi və hesablaşılan qüvvələr var idi. Onlardan biri də, heç şübhəsiz ki, sizin də aparıcı şəxslərindən biri olduğunuz Milli İstiqlal Partiyası idi. Amma indi həmin qüvvələrin hamısı bir kənarda qalıb və danışanların hamısı, əsasən AMİP-dən və onun sərdri olmuş Etibar Məmmədovdan danışırlar, bu nə ilə bağlıdır?

-Bayaq dediyim kimi, bu da təsadüf deyil. Əvvəlla ondan başlayaq ki, nəyə görə yuxarıdan prosesə start verilən kimi, ölkədə olan müəyyən qüvvələr tam hazır vəziyyətdə Etibar Məmmədova, AMİP-ə və sətiraltı olaraq da müəyyən bir regiona qarşı hücuma keçdilər? Bu, açıq şəkildə hiss olunurdu və bu ərəfədə Əli İnsanovun da adı xeyli dərəcədə hallandırıldı. Heç şübhəsiz ki, bu da təsadüfi bir hal deyildi, sadəcə o səbəbdən ki, bu qədər tasadüflərin bir araya düşməsi milyonda bir ya ola, ya da olmaya. Açığı, ölkədə müəyyən səviyyələrdə bir gərginlik yaratmaq istəyi var idi və regiona basqılar hesabına cəmiyyətə bəzi mesajlar da ötürülür. Adətən belə hallarda bir günah keçisi axtarıb tapmaq lazım gəlir ki, onun üzərindən oynanan oyunlarla xalqın arasında  xof yaratmaq münkün olsun. Burada əsas məqsəd də, 2018-ci il seçkilərinə nisbətən rahat gedə bilməkdir. Sirr deyil ki, Azərbaycan müxalifətinin bir xeyli qismi, bu hakimiyyətən asılı vəziyyətdədir və onların maliyyəsi ilə keçinirlər. Bir qisim müxalifət isə ümumiyyətlə qaragüruhdur və heç nə də bilmədiyindən, hansısa işarə olan kimi ümumi "Ura”ya qoşulurlar. Müxalifətin bir qismi də var ki, həqiqətən də düşündükləri odur, elə danışdıqları kimi də fikirləşirlər. O ki qaldı 93-cü il hadisələrinə, həmin vaxt mən AMİP-də aparıcı adam deyildim. Sadəcə aparatın hüquqşünasıydım, Siyasi Şuranın katibiydim, bir də o vaxt Sumqayit Şəhər Təşkilatinin sədriydim. Eyni zamanda mən Binəqədi təşkilatındaydım və əksər proseslər də oralarda gedirdi. Ona görə də kifayət qədər informasiyam var idi və məlumatlı adam idim. Bu baxımdan, hesab edirəm ki, o zamankı proseslər haqda danışmağa və bu proseslər barəsində rəy söyləməyə müəyyən qədər imkanlarım var.

-Bu məsələlərə hələ qayıdacağıq, amma Əli İnsanovun adını çəkdiniz. Sizcə, istənilən aministiya, əfv verilmə ehtimalları gündəmə gələn kimi, bəlli qüvvələr Əli İnsanovu niyə "vururlar”? Bir də, necə bilirsiniz, bu məsələ Əli İnsanovun özüilə bağlıdı, yoxsa, bununla yenə də regiona hansısa mesajlar verilir?

-Bu, birincisi bir başa regiona verilən mesajdı. Eyni zamanda Əli İnsanovun özü ilə də bağlı məsələdir. Gizlin bir şey yoxdur və hər şey də açıq deyilməlidir. Əli İnsanovun da təmsil olunduğu Qərbi Azərbaycan regionu Vəzirovun da, Mütəllibovun da, Elçibəyin dövründə də müxalifətdə qalıb, bu hakimiyyətin əmələ gəlməsində, bərqərar olmasında müəyyən rolu olsa da, sonradan tamamilə sıxışdırılaraq oyundan kənar vəziyyətə salınıb. Ona görə də, növbəti mərhələdə bu qüvvəni tam nəzarətdə tuta bilmək və təzyiq altında saxlamaq üçün bütün bu oyunlar oynanılır. Heç şübhəsiz ki, Əli İnsanovla bağlı baş verənlərin və ona qarşı düzənlənən basqıların bir səbəbi də budur. Eyni zamanda heç bəlli də deyil ki, adam həbsdən çıxandan sonnra nə ilə məşğul olacaq. O, tutaq ki, siyasətləmi məşğul olacaq, ölkənimi tərk edəcək, yoxsa ümumiyyətlə gedib evindəmi oturacaq? Bütün bunlara baxmayaraq Hakimiyyətin də, bəzi müxalif qüvvələrin də içlərində Əli İnsanovla bağlı böyük xof və qorxu var. Ona görə də, Əli İnsanovun həbsxanadan çıxmasını istəməyənlər də var və elə onun ətrafındakı ajiotajı-filanı da o qüvvələr yaradır. Bununla paralel olaraq, təşkil olunan hücumlar, xeyli müddətdir ki, daxildə aktiv siyasətdən çəkildiyini bəyan edən Etibar Məmmədoba qarşıdır. Burda da əsas məqsəd, Etibar Məmmədovun özünü tam sıradan çıxartmaqdır. Bir sözlə, bu arada atılan addımlar əsasən, regiona və AMİP-ə qarşı müəyyən qədər basqılar həyata keçirmək üçündür. Bu oyunların oyunçuları da müxtəlif cinahlardan olsalar da, fərqli siyasi baxışlar sərgiləsələr də, eyni amala xidmər edirlər. Bu arada bir məsələni də mən açıq tekstlə deyirəm ki, Cəbhə hakimiyyətində Elçibəy təmiz adam idi və mən onunla hər hansı münasibətdə olmamışam, haqqında da nəsə demək fikrim yoxdur. Amma o hakimiyyətdə olan aparıcı fiqurlar var idi ki, onlar bu gün də aktiv siyasi fəaliyyətlə məşğul olurlar. Həmin adamların Qərbi azərbaycanlılara qarşı patoloji nifrəti var idi və həmin münasibət bu gün də davam etməkdədir. Son aylarda təşkil olunan bu basqılar zamanı da Elşad Musayev-32onların ya özləri, ya əlaltəları, ya da mirzələri tərəfindən verilən bəzi açıqlamalarda, yazılan yazılarda, sərgilənən münasibət və mövqelərdə bu nifrət göründü. Yəni, aradan illər keçsə də, insanların içərisindəki o regionçuluq hissi itməyib, qalıb və bəzi hallarda, bir az da qabağa gedərək, anti-regionçuluğa çevrilib. Bunlarin bu xəbisliyindən və konkret bir regiona yönəlmiş nifrət hasslərindən hakimiyyət istənilən vaxt öz xeyrinə istifadə edir və növbəti dəfə də bunu etdi.

-Elşad bəy, bir müddət Etibar Məmmədovla işləyibsiniz, ymumiyyətlə onun özündə də regionçuluq varmı ?