Qiyməti cərrahdan çox o klinikaya rəhbərlik edən sahibkar qoyur

Aydın Əliyev: “Bunun başlıca səbəbi dövlət xəstəxanaları ilə özəl klinikalar arasında olan qiymət fərqi ilə bağlıdır”

Məlum olduğu kimi, Azərbaycanda səhiyyə xidmətləri arasında ən bahalısı cərrahiyə əməliyyatlarıdır. Belə əməliyyatların məbləği hər kəs üçün əlçatan deyil. Xüsusən də özəl klinikalarda. Xidmətlər isə xəstəxanalara görə dəyişir. Vətəndaşlar deyir ki, hətta həkimlər belə cərrahiyə qiymətlərini öz istədikləri kimi müəyyənləşdirirlər. Bu isə haqlı olaraq xəstələrin, onların yaxınlarının narazılığına səbəb olur.

Sözügedən məsələdə ən təəccüblü məqam odur ki, eyni cərrahiyə əməliyyatlarını həkimlər fərqli qiymətə edir. Yəni eyni əməliyyat müxtəlif xəstəxanalarda fərqli qiymətlərə başa gəlir. Halbuki, əməliyyat eynidir. Bunun isə nə hüquqi, nə də tibbi əsası var. Məsələn, öd kisəsi əməliyyatı bir yerdə 400 manata, digərində 1000 manatadır. Düzdür, hər bir həkim göstərdiyi əməyin müqabilində pul tələb edə bilər, ancaq bu, bu qədər kəskin fərqlə olmamalıdır.

Eyni cərrahiyə əməliyyatları arasında bu qədər kəskin fərq nə dərəcədə doğrudur? Ekspertlər bunun səbəbini nə ilə izah edir?

“Qiyməti cərrahdan çox o klinikaya rəhbərlik edən sahibkar qoyur”
Sözügedən məsələyə aydınlıq gətirən Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, tanınmış həkim Aydın Əliyevin fikrincə, cərrahiyə əməliyyatlarında fərqli qiymətlər müxtəlif səbəblərdən olur: “Təəssüflər olsun ki, cərrahiyə əməliyyatlarında fərqlər var. Bu əməliyyatlar eyni olsa da aradakı fərq daha kəskindir. Heç şübhəsiz ki, bu dərəcədə böyük fərqin olması doğru deyil. Ancaq bunun başlıca səbəbi dövlət xəstəxanaları ilə özəl klinikalar arasında olan qiymət fərqi ilə bağlıdır. Məsələ ondadır ki, özəl tibb klinikaları həm də bir sahibkarlıq subyektidir. Orada qiymətləri sahibkar müəyyən edir. Özəl klinikaların təchizatında, tibbi aparatlarda fərqlər olur. Elə özəl klinikalar var ki, bu səbəbdən orada xidmətlər baha başa gəlir. Ancaq elə klinika var ki, adı özəl olsa da təchizatı, tibbi avadanlıqları elə də üstün deyil. Lakin klinikanın statusundan sui-istifadə istifadə edərək cərrahiyə əməliyyatını baha qiymətə edirlər. Yəni belə hallar da var. Ancaq istənilən halda xəstəxanalar, özəl klinikalar insaflı olmalıdılar. Bir məqamı unutmaq olmaz ki, qiyməti cərrahdan çox o klinikaya rəhbərlik edən sahibkar qoyur. Dövlət xəstəxanalarında problem odur ki, pasiyentlər çox vaxt öz hüquqlarını tələb etməyi bacarmır. Tibbi sığortanın adını bilirik, amma tələb etmirik. Ona görə də bütün bunlar nəzərə alınmalıdır. Nəzərə alınmadıqda kim necə istəyir o cür qiymət oxuyur”.