Şəhid Elbrus Hüseynovun xatirəsi əbədiləşdirildi

Şəmkir rayonunun Çaparlı kəndində Vətən müharibəsində şəhid olmuş Elbrus Hüseynovun xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Park-Abidə Kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH əməkdaşları, şəhid ailələri,  rayon ictimaiyyəti, gənclər, kənd ziyalıları və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən Rəşad Tağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdikləri qəhrəmanlıqdan bəhs edərək, İkinci Qarabağ müharibəsindəki qələbəmizin tarixdə əbədi qalacağını fərəh hissi ilə vurğulayıb. 

İcra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” ifadəsi əməldə, yəni 44 günlük Vətən müharibəsində, döyüş meydanında öz təsdiqini tapdı. Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədalətin zəfəri idi. Prezidentimiz bizə sevinc və qürur hissləri yaşatdı, biz artıq qalib dövlətin vətəndaşlarıyıq. Xalq-iqtidar birliyi Azərbaycanın gələcək inkişafına güclü zəmin yaradır. Bu birlik və həmrəylik isə ölkəmizin bundan sonra da uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.


Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Eyni zamanda tədbir çərçivəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhid Abdürrəhmanov Hafiz Xalid oğlu və Məmmədov Vüsal Aydın oğlunun medalları ailə üzvlərinə təqdim olunub.
RİH başçısı tədbirin sonunda şəhidlərimizin ailə üzvləri ilə görüşüb, onların qayğıları, problemləri ilə maraqlanıb.
Şəhid ailələri çıxışlarında istər 44 gün ərzində, istərsə də müharibədən sonrakı dövrdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə bütün şəhid və qazi ailələri adından Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Millət