Sərt ritorika davam edir

İranın xarici işlər naziri Abbas Ərqaçi bildirib ki, İranla bağlı məsələlərin hərbi həlli yoxdur.

"İran təhdidlər qarşısında möhkəm dayanır və boyun əymir, bununla yanaşı, İranla hörmət dilində danışanlar eyni cavabı alırlar”, - deyə o vurğulayıb.

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, açıqlamanı əslində diplomatiyaya qapının tam bağlanmadığını göstərən mesaj kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, İran bir tərəfdən sərt ritorika nümayiş etdirir, digər tərəfdən isə qarşılıqlı hörmət şərti ilə danışıqlara hazır olduqlarını vurğulayır:

"Əslində, İran və ABŞ arasında etimad mühiti aradan qalxıb. Amma tərəflər genişmiqyaslı müharibənin nəticələrinin çox ağır olacağını bildikləri üçün diplomatik kanalları tam bağlamaq istəmirlər. Xüsusilə də nüvə proqramı və regional təhlükəsizlik məsələlərində məhdud anlaşma ehtimalı hələ də qüvvədədir.

İranın xarici işlər naziri Abbas Əraqçı da məhz bu səbəbdən dəfələrlə “İran nüvə proqramının hərbi həlli yoxdur” deməklə diplomatik həll yollarına işarə edir və bunu ən məqbul variant hesab etdiklərini göstərir. Əraqçı uzun müddət nüvə danışıqlarında iştirak etmiş təcrübəli diplomatdır. Tehran hazırda həm təzyiq göstərmək, həm də paralel olaraq danışıqları bərpa etmək istəyir. Burada əsas məqsəd birbaşa müharibə riskindən yayınmaq və strateji maraqları qorumaqdır.

Çünki regionda cərəyan edən proseslər göstərir ki, Fars körfəzi, Hörmüz boğazı və regional silahlı qüvvələr ətrafında gərginlik çox yüksəkdir. Kiçik bir insident tərəflər arasında böyük müharibənin başlanmasına səbəb ola bilər. Düzdür, tərəflər arasında sərt ritorika davam edəcək. Amma pərdəarxası danışıqlar və vasitəçilər, xüsusilə Oman, Qətər və bəzi Avropa kanalları vasitəsilə əlaqələr saxlanılacaq. Çünki həm Tehran, həm də Vaşinqton başa düşür ki, regional müharibə enerji bazarından tutmuş qlobal iqtisadiyyata qədər çox ciddi risklər yaradır".