"Bakıya qoşun yeritmək əmrini verənlər məsuliyyətdən kənarda qalıb" VİDEO


Etibar Məmmədov: "Həmin təxribatları yaradanlardan biri elə Vəzirovun özü idi”

Bu gün 20 Yanvar faciəsinin 25 illiyidir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil oldu. Hadisə nəticəsində 131 nəfər şəhid oldu, kütləvi həbslər başladı. Həbs olunanlar sırasında Xalq Hərəkatının öncüllərindən, AMİP lideri Etibar Məmmədov da var idi. Etibar Məmmədovun Meydan TV-yə müsahibəsində həmin hadisələrinə ekskurs etdik.

- Etibar bəy, ötən 25 ildə 20 Yanvar faciəsinə müxtəlif yanaşmalar olub. Amma ilk sualımı iki baxış üzərində quracam: Birincisi, sovet ordusu ona görə Bakıya yeridildi ki, 13 yanvar hadisələrinin qarşısını alsın və prosesin davam etməsinə imkan verməsin. İkincisi, 1990-cı ilin aprelində keçiriləcək parlament seçkilərində Xalq Hərəkatının gözlənilən qələbəsinin qarşısını almaq. Sizin bu barədə fikirləriniz necədir?

- 1990-cı ilin hadisələrindən əvvəl, 1989-cu ilin dekabrında bir çox hadisələr baş verdi, iyunun sonunda başlayan yeni mitinq hərəkatı yüksək səviyyəyə çatdı, nəticəsi sentyabrın 16-da Azərbaycanın dövlət suverenliyi haqqında Konstitusiya qanununun qəbulu oldu. Ardınca hakimiyyət geri çəkilməyə məcbur olub, bir sıra qanunlar qəbul etdi və faktiki olaraq AXC-nin gözlənilən parlament seçkilərində qansız, dinc yolla qalib gəlmək imkanı yarandı. Seçkinin keçirilməsi üçün dekabrın 30-da qanun qəbul olunmalıydı, əgər seçki qanunu qəbul olunsaydı, mart ayına seçkilər təyin ediləcəkdi. Ancaq hakimiyyətdə olanlar qanunun qəbul olunacağı təqdirdə seçkini uduzacaqlarını gördüklərindən seçkini pozmaq taktikasını yritməyə başladılar. Nəticədə Cəlilabadda milislə nümayişçilər arasında qarşıdurma yaradıldı və katib rayondan qaçdı. Məsələ Ali Sovetin sessiyasına çıxarıldı və Kommunist Partiyasının birinci katibi Vəzirov bildirdi ki, hadisə araşdırıldığı üçün iclas dayandırılsın. Bunun nəticəsində sessiyanın davam etdirilməsi tələbi aksiyanın bir tələbinə çevrildi. Yanvarın əvvəlindən başlayaraq biz sessiyanın davam etməsi tələbi ilə aksiyalar keçiməyə başladıq. Amma hakimiyyətin sessiyanı keçirmək niyyəti yox idi, çünki sessiyanın keçirilməsi ilə qanun qəbul olunacaqdı və avtomatik olaraq seçkinin vaxtı müəyyənləşəcəkdi.

- Siz hakimiyyət deyəndə yerli rəhbərliyi, yoxsa Moskvanı nəzərdə tutursunuz?

- Yerli rəhbərliyi, təbii ki. Moskva da bu prosesdə iştirak edirdi. Bu baxımdan aksiyalar davam etdi, yanvarın 13-nə mitinqlər təyin olunanda tələblərdən biri və ən əsası sessiyanın davam etdirilməsi, seçkilərin təyin olunmasıydı. Həmin ərəfədə təxribatlar hazırlanmışdı, yanvarın 13-də mitinq keçirilərkən erməni əhalinin içərisində təxribatlar həyata keçirilməyə başladı.

- Bəs Xalq Hərəkatının liderlərində təxribatlar haqqında məlumatlar var idimi?

- Bəli. Yanvarın 11-də daxili işlər naziri, rəhmətlik Aydın Məmmədovun kabintində SSRİ DİN-in müavini Liseaskausla görüşdüm. Ona təxribatların gözlənildiyini dedim və istədim ki, bunun qarşısını almaq üçün bizim fəallarla milislər, o cümlədən, daxili qoşunlar birgə hərəkət etsinlər. O dedi ki, Bakıda 11 min silahlı qüvvələri var və heç bir köməyə ehtiyacları yoxdur, təxribatların qarşısını alacaqlar. Yəni yerli rəhbərlik və Moskva təxribatların olacağını bilirdilər. 13 yanvar hadisələrindən sonra həmin bəhanə yarandı və məqsəd seçkilərin qarşısını almaq idi. Deməli, 13 yanvara qədər İranla sərhədlər sökülmüşdü, yanvarın əvvəlində sosial-demokratlar Əlikram Hümbətov başda olmaqla Lənkəranda hakimiyyəti ələ keçirdilər.

- O zaman Əlikram Hümbətov AXC üzvü deyildi?

- AXC-dən çıxsa da, hərəkata ASDP üzvü kimi gəlirdi. Həmin ASDP üzvü Hümbətov Lənkəranda hakimiyyəti ələ keçirdiyini elan etdi. Yəni "raykom”u qovdu, şəhər sovetini buraxdığını elan edib, öz hakimiyyətini elan etdi.

- SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçov öz memuarlarında yazıb ki, o zaman Azərbaycanda 18 rayonda hakimiyyətlər devrilmişdi...

- Bəli, düzdür.

- Bəs AXC-in məsuliyyəti var idimi?

- Baş verənlər təxribat idi. Xalq Cəbhəsi yeni yaranan qurum olduğundan çoxu hərəkatın adından hərəkət edirdi. Bir çox rayonda katiblərin özü hakimiyyəti təhvil verirdi. Məqsəd hakimiyyətin qeyri-qanuni şəkildə zəbt olunması görüntüsünü yaratmaq idi. Beləliklə, hakimiyyət istədiyi bəhanəyə nail oldu. Adi bir misal, jurnalist Elmira Axundova Rusiyanın "Obşaya qazeta" adlı qəzetində haqqımda oçerk yazmışdı, keçmiş SSRİ-nin sabiq daxili işlər naziri Bakatin də ona cavab vermişdi. Nazir cavabında bildirmişdi ki, Bakıya daxil olmaları qurbanlar bahasına başa gəlsə də, sovet hakimiyyətini, konstitusiya qayda-qanunu bərpa edə bildilər. Onlar artıq hakimiyyətin əllərində olmadığını bilirdilər.

- Deməli, AXC yerlərdə sovet hakimiyyətini artıq sıradan çıxarmışdı?

- Yox, biz real olaraq seçki qanunvericiliyinin qəbul olunmasına və seçki vasitəsilə hakimiyyətin ələ keçirilməsinə hazırlaşırdıq. DTK-nın hazırladığı təxribatlar ondan ibarət idi ki, insanlar qanunsuzluğa təhrik edilsin və silahlı qüvvələrin hərəkətə keçməsinə bir bəhanə yaransın.

- Siz müsahibələrinizdə məsuliyyət məsələsini daim vurğulayırsınız. Rəsmi şəxslərin məsuliyyəti aydındır, xalq da AXC liderlərinə inanırdı və bunun özü də məsuliyyət yaradırdı. Kommunist Partiyasının birinci katibi Vəzirov deyirdi ki, o, aprel seçkilərini nəzərdə tutub, hərəkat liderlərinə tələsməməyi məsləhət görür və onsuz da tezliklə hakimiyyətə gələcəklərini bildirirdi...

- Yox, Vəzirov yalan danışır. Əksinə, o, mənə deyirdi ki, parlamentdə sənə neçə yer lazımdırsa, dostlarını orda yerləşdirəcəm. Bu təklifi verirdi, mən isə onunla alverə gedə bilməzdim. Həmin təxribatları yaradanlardan biri elə Vəzirovun özü idi. Məsuliyyət məsələsinə gəldikdə, heç zaman məsuliyyətdən qaçmamışam və etdiyimi də inkar etməmişəm. Həbs olunanda da dedim ki, bunları mən etmişəm, əgər cinayət varsa, sübut edin ki, əməllərimdə cinayət tərkibi var.

- Mən yenidən Qorbaçovun 20 Yanvar hadisələri barədə söylədiklərinə toxunmaq istərdim. O bildirmişdi ki, hadisələr ərəfəsində sabiq prezident, o zaman Moskvada yaşayan Heydər Əliyevə zəng edib adamlarını meydanlardan yığışdırmağı tələb edib. Bu barədə nə deyə bilərsiniz?

- Bilirsiniz, o zaman kim nəyisə düzgün görmürdüsə, filan hadisəni Heydər Əliyevin adamlarının etdiyini söyləyirdi. Mən Heydər Əliyevi birinci dəfə Moskvada mətbuat konfransı keçirən gün görmüşəm. O vaxta qədər şəxsən tanışlığım yox idi, əlaqəm də olmayıb. Həbs olunanda da müstəntiq zorla boynuma qoymaq istəyirdi ki, sizin Əliyevlə əlaqəniz olub, onun vasitəsilə bu işləri görmüsünüz.

- Bəs ortaya faktlar qoyurdumu?

- Yox, sözdən başqa bir şey deyildi.

- Etibar bəy, yanvarın 22-də Bakını tərk edib Tiflis vasitəsilə Moskvaya uçdunuz. Bakıdan çıxanda heç problemlə qarşılaşmadınız ki?

- Şəhər o zaman mühasirədəydi, komendant saatı olduğundan hər yerdə hərbi postlar var idi. Məni Bakıdan Təcili Yardım Maşınında çıxardılar.

- Moskvaya çatanda Azərbaycan nümayəndəliyində gələcəyinizi bilirdilərmi?

- Yox, heç kəs bilmirdi. Yanvarın 24-də Moskvaya çatanda bizimlə gedən şəxslərdən biri nümayəndəliyi məlumatlandırdı ki, Etibar Məmmədov artıq gəlib, mətbuat konfransına hazırlıq görsünlər. Tədbirdə Moskvada akkreditasiya olunan xarici ölkələrin jurnalistlərinin hamısı iştirak edirdi.

- Konfrans keçirdiyiniz vaxt sabiq prezident Heydər Əliyev və yazıçı-dramaturq Rüstəm İbrahimbəyov də nümayəndəliyə gəlib. Rüstəm İbrahimbəyov sizinlə onunla getmənizi istəyib, amma getməmisiniz. Nə üçün getmədiniz, bəlkə həbsinizin qarşısını almaq olardı?

- Əvvəla, həbs olunmaqdan qorxmurdum. İkincisi, orda bir hadisə baş vermişdi, gənclərdən biri mənim paltomu və şarfımı geyinib maşına oturanda ona atəş açmışdılar. Oğlana heç nə olmadı, sadəcə, saxlayıb aparanda görmüşdülər ki, Etibar Məmmədov deyil. Ona görə Rüstəm müəllimə dedim ki, sizin toxunulmazlığınız kağız üzərindədir, birgə çıxsaq, sizi vura bilərlər. Niyə mənə görə sizin kimi tanınmış adamı vursunlar?! Hava da qaralmışdı, o zaman kiməsə nəsə edəndə, baxmırlar ki, üzərində deputat nişanı var, ya yox. Təhlükəli vəziyyət olduğundan dedim ki, burda qalmağım yaxşıdır, nə olacaqsa, burda olacaq. Gecə saat 2 radələrində nümayəndəliyə hücum oldu və həbslər başladı. Mən nümayəndəliyin sədr müavinin kabinetindəydim, 3-cü mərtəbədə.

- Mətbuat konfransından sonra AXC üzvü Hikmət Hacızadə bəyanat yaymışdı ki, siz cəbhəni təmsil etmirsiniz...

- Bəli, Hikmət Hacızadə AXC-in Moskvadakı təmsilçisi Zöhrab Şamxalova zəng edib bu sözləri demişdi. Amma o, AXC-nin yox, bir adamın sözü idi.

- Etibar bəy, həbs səhnəsi necə oldu, sizi birbaşa Lefortovo həbsxanasına apardılar, yoxsa DİN-nə?

- Birincisi, mühasirə edən adamların hansı qurumu təmsil etdikləri bilinmirdi.

- ALFA deyildimi?

- Onlar heç özlərini bildirmirdi və cinayət işinin materiallarında da mənim həbs olunmağım prosesi göstərilməyib. Dediyim kimi, mən nümayəndiliyin 3-cü mərtəbəsindəydim, kabinetə daxil olub sənədlərimi istədilər, təbii ki, sənəd yox idi.

- Siz Bakıdan çıxanda pasport götürməmişdiniz?

- Yox, Tiflisdə məni gürcü yoldaşlar yola saldılar.

- Gürcü soyadı ilə...?

- Hə, özləri sənədləşdirib verdilər. Nümayəndəlikdən məni aparanda olduğum maşının sağ və solunda maşın vardı. Yolda meşənin kənarında saxlayıb dedilər düş get, amma arxaya baxma. O anda ağlıma çox fikirlər gəldi. Bir neçə addım getdim, dedilər: "Qayıt”. Soruşdum: "Niyə?” Həmin adam cavab verdi ki, telefonla danışırdı, istəmirdi eşidəm. Nəhayət, maşına mindirib Lefortovaya gətirdilər, orda dedim ki, mənimlə birgə saxlanılanları buraxın. Çünki axtardığınız Etibar Məmmədov mənəm. Axı mənə oxşayan bir neçə nəfər də gətirmişdilər. O zaman mənə SSRİ baş prokurorunun müavini Abramovun şübhəli şəxs qismində saxlanmağım haqqında həbs qərarını göstərdilər.

- İstintaq zamanı ilk sual nə oldu?

- Sual vermədilər, eləcə şəxsiyyəti müəyyənləşdirdilər, sənədləşmə apardılar, səhəri istintaq başladı. İlk sual Bakıda baş verən hadisələr haqqındaydı, mən də nə düşündümsə, o cavabı verdim. Mövqeyimin düzgün olduğunu söylədim, bildirdilər ki, sən sovet ordusuna qarşı müqavimət təşkil etmisən. Cavab verdim ki, ordunun Bakıya daxil olmasının qanuniliyini mənə sübut edin, ondan sonra niyə müqavimət təşkil etməyimi soruşa bilərsiniz.

- Siz 1994-cü ildə bəraət aldınız, bəs Azərbaycan dövləti necə, hadisənin günahkarlarını cəzalandırdımı?

- Bakıya qoşun yeritmək əmrini verənlərin hamısı məsuliyyətdən kənarda qalıblar. Onlar SSRİ rəhbərliyidir və bu rəhbərliyə daxildə kömək edənlər olub. Yəni daxildə qərarı əvvəlcədən bilənlər də məsuliyyətdən kənar qalıblar. Ümumiyyətlə, böyük bir cinayət olub, amma sona qədər də açılmayıb və cinayət işi də yarımçıqdır.

- Nə zamansa açılacaqmı?

- 20 Yanvar insanlığa qarşı cinayətdir. Onların da müddəti olmur ki, nə vaxtsa desinlər ki, vaxt qurtardı, bitib.

- Deməli, tarixin öhdəsinə buraxmaq lazımdır?

- Bəli.