"Bundan sonra Azərbaycan tərəfi bütün təkliflərini Rusiyaya verməlidir"

"Həmin formatda cəmləşən ölkələr öz aralarında belə bir razılıq əldə etsələr, onda Ermənistan nəyə desən qol çəkəcək"

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri baş tutdu. Həmsədrlər - Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andryö (Fransa) Bakıda Azərbaycan Prezidenti İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənovla görüşdülər.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri 17 fevralda Ermənistana yollandılar. Vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyanla və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşlər keçirib. Xatırladaq ki, həmsədrlər Münhendə baş tutan son görüşdə danışıqların gücləndirilmiş prosesinə başlayacaqlarını açıqlayıblar. Həmsədrlərin ortaq bəyanatına görə, bu proseslə münaqişənin sülh yolu ilə həllinə nail olmaq olar.
"Biz tərəfləri israrla dərhal bu prosesə başlamaq üçün siyasi iradə göstərməyə çağırırıq", - deyə bəyanatda deyilir.
Ancaq maraqlıdır ki, həmsədrlər bu səfər boyunca da Ermənistanın Böyük Sülh Sazişi üzərində işə başlamaqla bağlı razılığını ala bilməyib. Xatırladaq ki, rəsmi Bakı deyilən sazişin müddəaları ilə tam razı olduğunu bəyan edib.
Ermənistanın yenidən prosesdən yayınması nə ilə bağlıdır?
Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın Dağlıq Qarabağla bağlı müstəqil qərar vermək səlahiyyəti yoxdur: "Mənə elə gəlir ki, bundan sonra Azərbaycan tərəfi bütün təkliflərini Rusiyaya verməlidir. Çünki onlar nə hava çalırsa, Ermənistan onunla oynayır. Bu problem lokal münaqişə həddindən çıxıb və sözün həqiqi mənasında, qloballaşan konfliktə çevrilib. Böyük Sülh Sazişinin müddəaları Ermənistana da tam sərf edir. Ancaq görürsünüz ki, yayınırlar. Məsələnin başqa tərəfi isə Ermənistan hakimiyyətinin iradəsilə bağlıdır. Sarkisyan hakimiyyəti Qarabağ probleminin dalğası üzərində idarəçiliyə gəlib. Münaqişənin konservləşmiş halda qalması onlara sərf edir. Bilirlər ki, problem həll olunan kimi onlar hakimiyyəti təhvil verməlidir. Böyük Sülh və ya başqa sazişlərə Ermənistanı yiyələri məcbur edib qol çəkdirməlidir. Minsk Qrupu formatında bunun edilməsi mümkün deyil.
Bəli, həmin formatda cəmləşən ölkələr öz aralarında belə bir razılıq əldə etsələr, onda Ermənistan nəyə desən qol çəkəcək".
Məhəmmədəli QƏRİBLİ