Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı
-Mənim əziz qardaşım, Prezident İlham Əliyev.
Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan.
Əziz qardaşım, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx həzrətləri Əl Məktum.
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti.
Azərbaycanlı qardaş və bacılar.
Hörmətli rəsmilər, xanımlar və cənablar.
Salaməleyküm, günortanız xeyir olsun.
Əziz qardaşım Prezident İlham Əliyevə belə bir sevinc dolu münasibətlə mənə etdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Pakistan xalqının səmimi salamlarını azərbaycanlı qardaş və bacılarına çatdırıram. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin beşinci ildönümünü qeyd edirik.
Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər.
Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir.
Xanımlar və cənablar, bu il avqustun 14-də Hindistanla dördgünlük mübarizədə tarixi zəfərimizi – Maarka-e-Haqqı qeyd etmək məqsədilə sürəkli alqışlarla İslamabadda Pakistanın Silahlı Qüvvələri ilə birlikdə fərəh hissi ilə marş altında keçən Azərbaycan və Türkiyənin hərbi kontingentləri yadıma düşür. Bu gün ürəyim fəxarət hissi ilə dolur.
Xanımlar və cənablar, çünki mən böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını burada görürəm. Uşaqlıq xatirələrim göz önünə gəlir. O zaman, mərhum atam 1947-ci ildə Pakistanın yaranması ilə nəticələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bu gün sizin təbəssümlü simanızı və sevinc dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha qəlbimdə canlanır.
Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şeirində yazırdı:
“Birlik qarşısında dayanır nə qılınc, nə strategiya!
İnamın alovu zəifləyəndə isə bu birliyin bütün telləri titrəyir!”.
Mən bu misraları indi ingilis dilində söyləyirəm. İqbal öz tarixi şeirində bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır, çünki onlar qəhrəman mücadiləsinə həvəs verir.
Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq.
Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu.
Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu. Feldmarşal Səyid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar Silahlı Qüvvələri düşmənin burnunu ovdu, düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələr endirdi.
Hava Qüvvələri Marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında Vətənin müdafiəsi üçün səmaya qalxan və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin çox müasir yeddi təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar.
Əslində, Pakistan azərbaycanlı və türkiyəli qardaşları kimi, sülhə çalışır, lakin heç kəsdə şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına alsın.
Xanımlar və cənablar, bu gün keçmişimizi xatırlamaqla bərabər, gələcəyimizə də böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan güclü şəxsi sadiqliyinizin böyük rəmzidir.
Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bu gün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kim ola bilər?! Bütün qonaqlarla yanaşı, bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən onun uzaqgörən rəhbərinə böyük iftixarla baxdığımı qeyd etməliyəm.
Xanımlar və cənablar, əsl qələbə təkcə döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır.
Əziz qardaşım Prezident İlham Əliyev, Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək, Sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır.
Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürümü bildirməliyəm. Məhz Prezident Trampın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu, əsas müharibəyə imkan verilmədi və milyonlarla insanın həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu.
Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanıstanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, Qətər dövlətinin iştirakı ilə baş tutdu. Bu, həm çətin, həm də asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü, sınaqdan keçmiş qardaşlıq əlaqələrinin əsl təzahürüdür.
Xanımlar və cənablar, bu gün Zəfəri qeyd etdiyimiz bir vaxtda, biz, həmçinin şəhidləri yad etməliyik. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixində və yaddaşında qalan fəsli yazdı. Bu gün cəsur oğul və qızlarımızın qanı və canı sayəsində azad olmuş zəngin Qarabağ torpaqlarında gözəl xarıbülbül yenə çiçək açır və sülh ümidi gətirir.
Qoy, Uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin.
Yaşasın Pakistan-Azərbaycan dostluğu!
Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu!
Sağ olun.