Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı
-Əziz Qardaşım, Prezident cənab İlham Əliyev.
Pakistanın Baş naziri cənab Şahbaz Şərif.
Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti.
Azərbaycanlı qardaşlarım.
Sizləri ən səmimi hisslərimlə, hörmət və sevgi ilə salamlayıram.
Zəfər Günümüzün beşinci ildönümündə sizinlə bərabər olmaqdan böyük xoşbəxtlik duyuram. İlham Əliyev qardaşıma zərif dəvətinə görə təşəkkürlərimi bildirirəm. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi sevgilərini gətirdim.
Bu qürur günümüzdə inanıram ki, hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun! Allah Azərbaycanı və Türk dünyasını neçə belə Zəfərlərə qovuşdursun! Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm.
Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizi - Azərbaycanın igid övladlarını bir daha rəhmətlə yad edirəm. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını, inşallah, cənnət etsin.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə təsvir edirdi:
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin.
Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm.
İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır.
Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır.
Bilirsiniz ki, əslən qarabağlı olan böyük bir şairimizi 45 gün əvvəl haqq dünyasına yola saldıq. Mərhum Yavuz Bülent Bakiler Qarabağ həsrətini bu misralarla dilə gətirmişdi:
Torpağına bayraqlarla girə bilərəm,
Qara sevdalılar kimi həsrətəm Qarabağa.
Uğrunda ölə bilərəm.
Bir gün bitərsə hər şey Qarabağı görmədən.
İstəmərəm orkestr, böyük əklillər.
Allahım, ruhuma bir az sükun ver.
Üstümə oxunmuş bir ovuc müqəddəs
Qarabağ torpağından sərpilsə yetər.
İllərlə şairlər Qarabağ üçün həsrət dolu belə şeirlər yazmışlar. İlham qardaşımın qətiyyətli liderliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək könüllərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında əmin-amanlıq, inkişaf, sülh, rifah və azadlıq var. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da güclənməkdə davam edəcək.
Əziz dostlarım, hörmətli qonaqlar, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik. Ermənistanın Baş naziri cənab Paşinyanın da bu yolda atdığı cəsur addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv mövqeyi ilə bölgədə əmin-amanlığı və sülhü bərqərar edəcək davamlı bir müqavilə ilə nəticələnəcək.
Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşürsə, inşallah, bunu etməkdə davam edəcəyik. Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk.
Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram.
Əziz qardaşlarım, Azərbaycan Qarabağ başda olmaqla bölgənin bərpasında və yenidən qurulması, xalqın təhlükəsiz şəkildə geri qayıtması, yox edilən mədəni və dini mirasın bərpası üçün böyük səylər göstərir. Qarabağa İlham qardaşımla birlikdə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də bir qismində iştirak etdiyi səfərlərimiz oldu. Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik.
Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk. Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm.
“Rəbbim yar və yardımçınız olsun!” deyirəm. Bu düşüncələrlə Vətən müharibəsində al qanları ilə torpağı sulayan əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimi bildirirəm.
Eynilə, 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusən şöhrəti ilə ün salmış şəhid Ənvər Paşanı və qardaşı Nuri Killigil Paşanı bir daha ehtiramla yad edirəm. Fürsətdən istifadə edərək 9 Noyabr – Dövlət Bayrağı Gününüzü də ürəkdən təbrik edirəm. Hamınızı ən səmimi hisslərimlə salamlayıram. Sağ olun, var olun, Allaha əmanət olun!