"Jurnalistikaya gəldiyimə görə peşman olsam da, olmasam da, bu bir qismətdir"

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

 "Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam etdirən Modern.az saytının bu dəfəki qonaqlarından biri tanınmış yazar Vidadi Ordahallı olub.

"Bakı-Xəbər” qəzetinin əməkdaşı Vidadi Ordahallını iş ehtiyacı jurnalistikaya gətirib: "2002-ci ildə Bakı Slavyan Universitetinin Rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. Daha sonra 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun tarix ixtisası üzrə ixtisasartırma kursunu bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm. 2002-ci ildən jurnalistikadayam.

2000-ci ildən davamlı olaraq mətbuatı izləmişəm. Ancaq jurnalistikaya gəlməyim iş tapmaq xatirinə olub. Lerik rayonu Ordahal kəndində anadan olmuşam. Əslində kənddə müəllim işləyə bilərdim. Sadəcə, Bakıda qalmaq istəyim iş tapmaqdan ötrü məni jurnalistikaya gətirdi. Necə deyərlər, könülsüz olaraq bu sahəyə gəlmişəm. Ötən illər ərzində bir neçə dəfə başqa sahədə işə düzəlməyə çalışsam da, bu alınmayıb.

Jurnalist fəaliyyətinə "İmpuls” qəzetində başlamışam. Daha sonra "Millət”, "Nəbz”, "Yeni İstiqlal”, "İrəvan”, "Birlik Press” qəzetlərində çalışmışam. 2007-2008-ci illərdə Azərbaycan Naminə İctimai Forumunun mətbuat məsələləri üzrə əməkdaşı olmuşam. 2010-cu ilin yanvarından "Bakı-Xəbər” qəzetində çalışıram.

Jurnalistikaya gəldiyimə görə peşman olsam da, olmasam da, bu bir qismətdir.

Onsuz real həyat heç də hər zaman insanın arzusundan asılı olmur. Bəlkə də o dövrdə başqa çıxış yolu yox idi. Nəzərə almaq lazımdır ki, müəyyən fiziki qüsuru olan şəxs üçün Azərbaycanda iş tapmaq elə də asan deyil...”.