"Mən tarana gedirəm" (Davamı)

(davamı)

Kapitanlardan Murad Əliyev , Mövlud Əliyev, bu sətirlərin müəllifi , Müzəffər Əliyev , Gülağa Məcidov, Kişi Mütəllimov , Firidun Hüseynov, Səhman Rüstəmov , mərhum İbrahim Salayev , Rafiq Əfəndiyev , Ağalar İbrahimov , Elxan Hüseynov , Fizuli Bünyatov və başqaları tələbnamənin və "SOS”-un mətnini hazırlamaq üçün işə başladılar.

Artıq bir sutka idi ki, şəhərdə qırğın davam edirdi.Hərbiçilərlə bizim aramızda münasibət gərginləşirdi.Hərbi donanmada qulluq edən qeyrətli azərbaycanlılar bizə tez-tez məlumat veridilər.

Bir sutka idi ki, biz Sov İKP MK üzvü, SSRİ Müdafiə nazirinin müavini admiral V.V.Sidirovdan dalbadal xəbərdarlıq alırdıq.Təcili olaraq Bakı buxtasını tərk etməyimizi tələb edirdilər.Admirallar telefon əlaqəsinə girərək bizi gah dilə tutur , gah da hədə-qorxu gəlirdilər.

Yanvarın 20-i saat 22.00-da iclasın ikinci hissəsi başlandı.”SOS”-un məzmunu oxundu.Dənizçilərin tələbləri radiotelefon vasitəsi ilə buxtadakı bütün gəmilərin heyətlərini çatdırıldı.

Dənizçilərimizin 5 maddədən ibarət tələbnaməsi Sov İKP Baş katibi M.S.Qorbaçovun , Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarovanın və SSRİ Ali Sovetinin deputatı Q.A.Abbasovun (Neftçi Qurban) ünvanına göndərildi.

Hərbiçilərin rabitə kodundan istifadə edərək "Vosxod”la təcili əlaqəyə girib dənizçilərin tələblərinin Bakının hərbi komendantı general V.S.Dubinyaka verilməsini tələb etdik.”Vosxod”da hərbi qərərgahla əlaqə yaradaraq tələbimizi ora çatdırdı.Qərərgahdan bizə cavab verdilər ki, dənizçilər öz tələblərini komendant V.S.Dubinyaka yox, admiral V.V.Sidirova verə bilərlər.Özü də sabah.

Dənizçilərin tələbnaməsinin mətni belə idi:

Председателю Президиума Верховного Совета СССР

Тов.Горбачеву М.С.

Копия: Председателю Президиума Верховного Совет

Азерб.ССР Э.Кафаровой

Копия:Народному депутату Верховного Совета СССР

Абасову К.А.

Копия:Военному коменданту города Баку

Копия: Народному депутату фронту Азербайджана.

В ночь на 20 января 1990 года командование Вооруженных Сил СССР , по решению Верховного Совета Азербайджанской ССР и Азербайджанского правительства с применением оружия ,тяжелой техники и особо подготовленным контингентом Вооруженных Сил вошло в г. Баку суверенного Азербайджана , тем самым попраны права человека ,суверенитет республики.Пролита кровь тысячи мирного населения , стариков , женщин, детей , молодежи.

...Güclü radiostansiyanın təhlükəsizlik kanalı ilə birinci radioqram bütün dünya efirinə verildi.

Yanvarın 20-si saat 24-də radioqrammanı bütün dünya aldı.Sovet Ordusunun Bakıda törətdiyi qanlı cinayəti artıq ört-basdır etməyə heç bir imkan qalmamışdı.Bütün müsəlman dünyasına qan udduran Yazovun Bakıdakı qanlı cinayətinin üstünü örtmək daha mümkün deyildi.Ola bilsin ki, Yazov öz planında dənizçilərin əlində olan bu güclü silahı nəzərə almamışdı.Ola bilsin ki, onun qanlı cinayəti bir həftə davam edəcəkdi.

Rus hərbiçiləri ilə aramız getdikcə gərginləşirdi.”Vosxod” yenidən bizim qərərgahla –"S.Orucov”la əlaqəyə girdi.İcazə istədilər ki, dənizdən gələn hərbi gəmini hərbi bazaya, yəni Bayıl hərbi limanına buraxaq.Onun gövdə nömrəsi 469 idi.İcazə verdik.

Yanvarın 21-i gecə saat 2-də həmin gəmi gözlənilmədən bizim "Çələkən”-1” gəmisinə iriçaplı pulemyot və avtomatlardan atəş açdı.Təsadüf nəticəsində yaralanan və ölən olmadı.Gəminin aşpazı ,milliyətcə rus olan Nadejda Qonçarova efirə çıxaraq rus ordusunu "faşıst ordusu” adlandırdı.Onun səsini bütün hərbiçilər çox aydın eşidirdilər.O, rus dilində hərbiçiləri yamanlayır, öz iş yerində təsadüfən sağ qaldığını bildirirdi.Bu hadisədən sonra bizimlə hərbiçilər arasında münasibət daha da kəskinləşdi.Sahildən isə heç bir xəbər yox idi.Hərbiçilərlə dənizçilərimiz arasında gərginlik son həddə çatmışdı.Efirdə artıq bir-birimizi qiyabi tanıyırdıq.Fəal kapitanların adlarını hərbiçilər öyrənə bilmişdilər.Odur ki, şərti adları götürməyə məcbur olduq.Mənim şərti adım "Səfər bəy” idi.

Ayın 21-də bizə dəniz qərərgahından 73-cü kanalla Azərbaycan dilində xəbər verdilər ki, gecələr şəhərdən Bayıl hərbi dəniz körpüsünə çoxlu şəhid meyiti gətirri, dənizə tökmək üçün hərbi gəmilərə yükləyirlər.Vətən uğrunda, azadlıq uğrunda şəhid olmuş igid oğulların cəsədini yandırıb izi itirməyə şçalışırlar.Şəhərdən kənara çıxarır, dənizə tökürlər...

Misilsiz faciə törədən "xilaskar ordu”dan hər şey gözləmək olardı.Deməli, bu vəhşilər öz qanlı cinayətərinin üstünü örtmək istəyirlər.

Bu xəbərdən hiddətlənən silahsız dənizçilər son çarəyə-gəmi döyüşünə (tarana) hazırlaşırdılar.Bir neçə gəmi lövbəri qaldıraraq döyüşə hazır dayandı.

"Vosxod”la əlaqəyə girərək xəbərdarlıq etdik ki, əgər hərbiçilər bu işə əl atsalar, biz hərbi gəmiləri öz gəmilərimizlə vurub Bakı buxtasında batıracağıq.Hərbiçilər bizi əmin etməyə çalışırdılar ki, heç bir hərbi gəmi nə limandan çıxacaq nə də limana daxil olacaq.Ancaq bir neçə dəqiqədən sonra "Vosxod” yenidən bizimlə əlaqəyə girərək bildirdi ki, hərbi gəmilərin bir neçəsi buxtadan çıxmalıdır.Özü də bu gəmidə meyitlər yox , hərbiçilərin ailələridir.Onlar Mahaçqala şəhərinə gedirlər.

(ardı var)