Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı: Regionda sülhə, sabitliyə və ümumi rifaha böyük töhfə
Dövlət başçısı İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində dünyanın ən mühüm siyasi-iqtisadi mərkəzlərindən olan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq və xüsusən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bölgəyə və ölkəmizə səfəri barədə mülahizələr aparacağıq.
Azərbaycan hər zaman xarici ölkələrlə, beynəlxalq və regional təşkilatlarla bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olub. Təbii ki, ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də bu prinsip əsasında inkişaf etməkdədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfərini də həm ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar. Həm də bu səfər Azərbaycanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qalib ölkə kimi qarşılaması baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Məhz buna görə də dövlət başçımız Azərbaycan Televiziyasına müsahibəsi zamanı sözügedən səfəri yüksək qiymətləndirərək, bunu Avropa İttifaqı–Azərbaycan siyasi əlaqələrinin inkişafında irəliyə doğru atılmış addım olmasını diqqətə çatdırıb: “Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Mən Avropa İttifaqına çoxsaylı səfərlər etmişəm. Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər etmişlər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tusk Azərbaycanda səfərdə idi. İki ildən sonra cənab Şarl Mişel – yeni sədr regional səfər çərçivəsində Azərbaycana səfər edir. Bu, nəyi göstərir? Onu göstərir ki, biz əməkdaşlıq üçün çox gözəl zəmin yaratdıq. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır”.
Diqqət yetirilməli olan mühüm nüanslardan biri də Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun “Dağlıq Qarabağ” və ya “status” sözlərini dilə gətirməməsi təkcə Ermənistanda deyil, dünyanın hər yerindəki ermənilərdə, xüsusən Azərbaycana, Türkiyəyə, Gürcüstana və İrana ərazi iddialarını körükləyən diaspor təşkilatlarına sarsıdıcı zərbə olmuşdur. Eyni zamanda, cənab Mişel İrəvanda olarkən Ermənistanla sərhədə dair “mübahisəli ərazilər” sözlərini işlətmişdi.
Prezident İlham Əliyev sözügedən müsahibə zamanı jurnalistin sualını cavablandırarkən qeyd edib ki, Ermənistanın məyusluğu davam edəcək: “Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə mövzu ilə bağlı saytımıza açıqlamasında bildirib ki, Aİ bizim üçün yaxın tərəfdaşdır və təbii ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri də Avropa ilə tərəfdaşlığımızın mühüm göstəricisidir: “Məlumdur ki, əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Məsələn, Avropa İttifaqına üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir və bu şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi ilə müasir texnoloji innovasiyaların ölkəmizdə tətbiq olunması dövlətimizi inkişafa aparan amillərdən biridir. Avropa İttifaqı ölkəmizin həm də əsas ticarət tərəfdaşıdır. Hazırda ticarətimizin 40 faizinin Avropa İttifaqı ilə aparılması olduqca təqdirəlayiq məsələdir və hesab edirəm ki, bu amil gələcəkdə daha geniş tərəfdaşlığa imkan yaradacaq. Bu göstərici, həmçinin bizim iqtisadi fəaliyyətimizin də miqyasını nümayiş etdirir. Eyni zamanda, enerji təhlükəsizliyinin təmin olunması da Avropa İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir.”
Partiya sədri vurğulayıb ki, yaxın gələcəkdə reallaşdırılması gözlənilən nəhəng nəqliyyat-infrastruktur layihələri də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Bildiyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra ötən il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranır. Bu kontekstdə daha genişmiqyaslı əməkdaşlıq üçün də yeni imkanlar yaranıb.
Müsahibimiz əlavə edib ki, səfər çərçivəsində reallaşan görüşdə Avropa İttifaqı Prezidenti və Azərbaycan Prezidentinin gələcəyə baxış vizionunda bir sıra müsbət meyillər müşahidə olundu. Bu baxımdan görüşdən çıxarılan nəticə də ondan ibarətdir ki, bütövlükdə Azərbaycan regionda daha çox sabitliyin, təhlükəsizliyin təmin olunması üçün bir daha öz mövqeyini dünyaya çatdırmış oldu. Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycanın yüksələn xətt üzrə inkişaf edən münasibətləri regionda sülhə, sabitliyə və ümumi rifahımıza böyük töhfələr verəcək. “İki sahil”
Millət