AMİP Fransa ilə əlaqələrin kəsilməsinə çağırır

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Fransa Senatının qondarma Dağlıq Qarabağın tanınması haqda qətnaməsini pisləyib və tələb edib:
 
- Fransanın dərhal ATƏT Minsk Qrupu həmsədrliyindən, eləcə də Minsk Qrupu üzvlüyündən çıxarılması ilə bağlı hüquqi prossedura başlanılsın;
 
- Azərbaycanın Fransadakı səfiri geri çağırılsın, Azərbaycandakı Fransa səfirinin etimadnaməsi ləğv edilsin;
 
- Fransa Senatının məlum qətnamənin lehinə səs vermiş 305 nümayəndəsinin Azərbaycana girişinə ömürlük qadağa qoyulsun;
 
- Azərbaycanda fəaliyyət göstərən 50 fransız şirkətinin, eləcə də fransız məktəblərinin ölkəmizin ərazisindəki fəaliyyətinə yenidən baxılsın;
 
 
 
- Fransa istehsalı olan məhsulların ölkəmizə girişinə qadağa qoyulsun;
 
- Fransa ilə bütün siyasi, mədəni, iqtisadi və humanitar əlaqələr dayandırılsın.
 
Bu tələblər AMİP-in bugünkü bəyanatında öz əksini tapıb. Partiya birmənalı olaraq bəyan edir ki, bu qərar Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı Fransa Senatı tərəfindən düşünülərək, planlı şəkildə həyata keçirilmiş siyasi qəsddir. "Bu hal bütün dünyanın gözü qarşısında Fransa Senatının separatizmi və terroru dəstəkləməsinin əyani sübutudur. Azərbaycan Milli İstiqlal Partiyası bu qərarı 1992 –ci ildə Azərbacan dövlətinin BMT tərəfindən tanınmış ərazi bütövlüyünə qarşı atılmış siyasi akt kimi qəbul edir”, - bəyanatda deyilir.
 
"Tarixində görünməmiş qətliamlar törətmiş bir ölkə Azərbaycan və Türkiyə əleyhinə əsassız ittihamlarla çıxış edərək bu cür bir qətnamələr qəbul etməkdənsə yaxşı olardı ki, Əlcəzair, Tunis, Mərakeş, Çad, Qobon, Kamerun, Ruanda, Cibuti, Kamboca və Vyetnamda törətdiyi soyqırımlara qiymət versin, eləcə də BMT Baş Assambleyasının qətnamələrinə və Qoşulmama Hərəkatının qərarlarına uyğun olaraq müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirsin”, - bəyanatda vurğulanır. -0-