AMİP Lideri Etibar Məmmədovun görkəmli şair-publisist Eldar İsmayılın 75 illik yubleyi münasibəti ilə
Təbriki
Hörmətli Eldar müəllim!
Sizi 75 illik yubleyiniz münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da uğurlar arzulayıram.
Siz, cağdaş Azərbaycan ədəbiyyatına və publisistikasına yeni çalarlar gətirərək böyük bir yaradıcılıq məktəbi yaratmısınız. Sizin əsərlərinizdə həm doğma Vətənmizin tərənnümü, mübarizliyə səsləniş, həm də incə bir nisgil və torpaq həsrəti var. Bu vəhdət, yurd-yuvaya, el-obaya bağlılıq, millət və xalq sevgisi, işıqlı gələcəyə inam hissləri Sizin çoxşaxəli bədii və publisistik yaradıcılığınızın qayəsini təşkil edir. Gərgin zəhmətinizin və parlaq istedadınızın bəhrəsi olaraq müəllifi olduğunuz əlliyə yaxın kitab zəngin bir xəzinədir. Şerləriniz dillərdə əzbər olub, əsərləriniz sevilə-sevilə oxunur. Siz təkcə Azərbaycan xalqı üçün deyil, ümumi Türk toplumu üçün yazan-yaradan, Turan yolculuğu edən ədiblərmizdənsiniz. Bu əvəzsiz xidmətlərinizə görə nüfuzlu mükafatlara, təltiflərə layiq görülmüsünüz.
"Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarınızda odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləriniz, "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarınız, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərləriniz Sizə böyük şöhrət qazandırıb. Jurnalist fəaliyyətiniz "əməkdar jurnalist” fəxri adına layiq görülüb. Bu və digər əsərləriniz gənclərin milli ruhda və hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi üçün qiymətli vəsaitlərdir.
Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz təqdirəlayiqdir. Hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında ön sıralarda olmusunuz. Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında Sizin də əməyiniz var. Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin intişar tapmasında, milli maraqların müdafiəsində onminlərlə silahdaşlarınızla hər zaman bir yerdə, çiyin-çiyinə olmusunuz. Bir ağsaqqal, dünyagörmüş təcrübəli ziyalı kimi partiyada hörmət qazanmısınız, tövsiyə və nəsihətlərinizə həmişə ehtiyac duyulub.
Bu gün də Vətəninə, Xalqına və Dövlətinə yorulmadan, şərəflə xidmət göstərirsiniz. Arzu edirəm ki, tezliklə həsrətində olduğunuz zaman-zaman itirilmiş doğma torpaqlarımıza qayıtmaq, Bütöv və Ciçəklənən Azərbaycanımızı görmək Sizə də qismət olsun. Yaradıcılığınızdakı Vətən həsrəti, Torpaq nisgili aradan götürülsün, Göyçənin və digər Qədim Oğuz Yurdunun qısasının alındığı günün şahidi olasınız.
Sizi bir daha təbrik edir, gümrahlıq və yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Hörmətlə,
Etibar Məmmədov
AMİP Lideri
10 mart 2017-ci il, Bakı şəhəri