Sosial Müdafiə Fondunun əməkdaşlarının səhvlərinin bədəlini pensiyaçı ödəməməlidir.

Əli Orucov

"Millət.az" saytının baş redaktoru

Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb, rütbəcə polkovnikdir. 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib. Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib. Bakı İnzibati Məhkəməsini qərarı ilə Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.

Bu günlərdə məlum olur ki, Azərbaycanın sabiq sənaye-energetika naziri, “AzərKimya” Dövlət Şirkətinin prezidenti və Milli Məclisin sabiq III çağırış deputatı Məcid Kərimov Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Əvvəlki hesablamada səhvə yol verilərək iddiaçıya aylıq 5858 manat köçürülməli olduğu halda, 6631 manat pensiya ödənilib. Artıq ödənilmiş pensiya sabiq deputatdan çıxılır. Belə hallar barədə əvvəllər də mediada məlumatlar yayınlanmışdı. Burda qeyri-adi bir şeylər yoxdur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibatı qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər iki şəxs də, bundan əvvəlkilər də bu hüquqlardan istifadə etməkdə haqlıdırlar. Lakin həmin ekslər vəzifə başında olarkən görəsən sıravi vətəndaşlar üçün həmin hüquqları tanıyıblarmı? Üzərlərinə düşən vəzifələri, dövlətin onlara verdiyi yetkiləri vicdanla yerinə yetiriblərmi? Təəssüflər olsun ki birmənalı cavab vermək çətindir. Azərbaycanda hakimiyyət qolları arasındakı mövcud acınacaqlı durum göz qabağındadır. İndi özləri bərbad günə saldıqları məhkəmələrdən hüquqlarının qorunmalarını istəyirlər. Yaxud da parlamentdə elə qanunlar yaradılmalı, elə qanunlar qəbul edilməlidir ki, vətəndaşların maraqları qorunsun. Onlar üçün bu qanunlar hörümçək toruna çevrilməsin. Tutaq ki, keçmiş hakim Azad Məcidov istədiyini ala bildi və iddiasının təmin edilməsinə nail oldu. Ancaq yüzlərlə pensiyaçının, əlilin, sosial müavinət alanın haqqına girən DSMF-nin heç nə vecinə də deyil. Həmin şəxslər aylarla müxtəlif dövlət orqanlarının, məhkəmə instansiyalarının yollarında ümid, haqq, ədalət axtarırlar. Qapalı üçbucaqda əlində-ovcunda olan qəpik-quruşlarını da nəqliyyata, kağıza-kuğuza xərcləyirlər. Halbuki onların umduğu sadəcə 220-300 manatdır. Hətta bu cüzi məbləği də onlara çox görürlər. 30-40 il yağlı vəzifələrdə işləyərək haqsız varlanan məmurlar isə 5000-6000 manat aylıq pensiyaya qane olmurlar. Az qalır üsyan eləsinlər. Halbuki onlar heç həmin məbləğdən bəlkə asılı da deyillər. Övladları da fəhlə, müəllim, taksi sürücüsü, supermarketlərdə satıcı və sair işləmir. Atalarından həm maddi, əmlak, həm də yüksək postlar, gəlirli vəzifələr irsi olaraq qazanıblar. Əksər məmur, çinovnik tayfası belədir. Onların maraqlarına toxunularsa təhammül etməzlər. Sadə insanlar üçün çeynədikləri qanunları, yasaları dərhal alətə çevrirlər. Onlar öz mənafelərindən başqa heç kəsə sadiq deyillər və dövlətin imkanlarından, gücündən öz korporativ məqsədləri üçün siu-istifadə edirlər. Əlbəttə mən də istəyərəm ki, kimliyindən, sosial mənşəyindən asılı olmayaraq hamının rifah halı yüksək olsun, yüksək əmək haqqı, pensiya və müavinət alsın. Təəssüflər olsun ki, tarazlıq o dərəcə pozulur ki, adam deməyə söz tapmır. Kimisi 220 manatına qane olub, dövlətinin hər zaman yanında, kimisi isə 5000 manat pensiyaya naz edir, dövlət orqanını məhkəmələrə çəkir. Dövlət də gərək öz vətəndaşlarının haqqına girməməlidir.

DSMF-nin köhnədən qalan bir ənənəsi var, verilən pensiyaları müxtəlif bəhanələrlə kəsmək, o cümlədən artıq hesablanma adı ilə oğurlamaq. Zəhmət çəksinlər düzgün hesablasınlar ki, sonradan da verilən pensiyanın yenidən geri insanların əlindən alınmasın. DSMF əməkdaşının səhvinin bədəlini təqaüdçü, pensiyaçı ödəməmlidir. Əlaqədar qurumlar bu yayğın eybəcər halın qarşısnı almaq üçün təcili hərəkətə keçməlidir.