Arçut Kənd İcmasının “Məşvərət-Məsləhət Məclisi”nin təşkilatçılığı, Arçut Kənd İcmasının “Məşvərət-Məsləhət Məclisi”nin sədri, həkim-alim Akif Daşdəmirovun təşkilati rəhbərliyi ilə 2024-cü ilin may ayının 26-da Bakı şəhərində 450 nəfərin iştirakı ilə təmtəraqlı şəkildə Qərbi Azərbaycanın Pəmbək mahalının Arçut kənd orta məktəbinin 100 illik yubiley tədbiri keçirildi. Tədbirin təmtərağı onun tərtibati işlərində və aparıcılıqda, həmçinin əhatəli iştirakçılıqda özünü göstərdi. Belə ki, tədbir mərasimi zalı və foyeni məzmuna uyğun bəzəyən və yubileyin həkk olunduğu stendlər, çərçivə fotoları, digər əşyalarda öz məzmununu əks etdirdi. Arçutlu memar Şakir Məmmədovun layihəsi əsasında xüsusi qaydada hazırlanmış məktəbin maketi qonaqların və tədbir iştirakçılarının diqqətini xüsusi olaraq çəkdi. Foyedəki əyani vasitələr tədbir iştirakçılarına və qonqalara təqdim olundu. Müəllimlər foyedəki sərgidə nümayiş olunan vasitələr barədə gələn qonaqlara məlumatlar verdilər.
Tədbirin moderatorluğunu əməkdar artist Elnur Hüseynov və televiziya müxbiri Elnarə Qədimova həyata keçirdi.
Tədbir Arçut Kənd İcmasının sədri Rəfayət İsmayılov tərəfindən açıldı. Ardınca “Şuşam” xor kamerasının ifasında himnimiz səsləndi və “Baharlı yurdum” mahnısı ifa olundu. Şəhidlərimizin və dünyasını dəyişmiş müəllim və şagirdlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Milli Liderimiz Heydər Əliyevin və ölkə başçımız möhtərəm İlham Əliyevin qəhrəmanlıq, məktəb, elm və təhsillə bağlı, qayıdış konsepsiyası ilə əlaqəli çıxışlarından ibarət video-çarxa baxıldı, nitqləri dinlənildi. Məktəbin uzun müddət direktoru vəzifəsində işləmiş Əliyev Məhəmməd Abbas oğlu video-çarx vasitəsi ilə xeyir-dua verdi. Orta məktəbin qocaman müəllimlərindən və şagirdlərindən olan Yusif Qazıyev, Hacı Çəltikov, general-leytenant İnayət Xəlilov, Məcid Məşədiyev, Səyyad Rəfiyev, Zahid Canayev, Arçut Kənd İcması “Ağsaqqallar Şurası”nın sədri Əflatun Məmmədov çıxış edərək məclisin əhəmiyyətindən danışdılar və təşkilatçılara və bu tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdilər.
Tədbir iki hissədən ibarət idi: Birinci - rəsmi hissə, ikinci – bədii hissə. Rəsmi hissədə əsasən Arçut kənd orta məktəbinin tarixi və fəaliyyəti barədə orta məktəbdə müəllim işləmiş Məcid Məşədiyev, məktəbin tarix müəllimi və məktəbdə muzey təşkil etmiş Səyyad Rəfiyev, digər müəllim Zahid Canoyev müxtəlif mövzularda məruzə və təqdimat çıxışları etdilər.
Məktəbi qızıl medalla bitirmiş həkim Sədi Qurbanov maraqlı xatirələrini bölüşdü. Eyni zamanda mərasimə qatılan qonaqlara söz verildi. Qonaq kimi Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və Böyük Qarakilsə İcmasının sədri, BDU-nun professoru Zahid Cəfərov çıxış edərək tədbir iştirakçılarını təbrik etdilər və tədbirin əhəmiyyətini vurğuladılar.
Bədii hissə maraqlı kompozisiya ilə start götürdü. Məclisə təşrif buyurmuş “Xan” rəqs qrupu maraqlı şou nümayiş etdirdi. Ardınca məktəbin yetirməlri olmuş Fatma Süleymanovanın şeirinə Qələndər Cinoyev tərəfindən bəstələnmiş “Arçut Eli” mahnısının təqdimatı oldu və ilk dəfə müğənni Yeganə Zahidqızı tərəfindən səsləndirildi. Daha sonra kənd aşıqları və şairləri Məhərrəm Orucov, İbrahim Dağlaroğlu və Habil Rəcəbov tərəfindən şeirlər söylənildi, saz havası dinlənildi. Ürək sözləri bildirildi. Arçut kənd məktəbinin məzunlarından Tahir Məmmədov, həkim Tamilə Qurbanova maraq kəsb edən məzmunda çıxışlar etdilər.
Bədii hissənin axarında “Məktəb illəri” mahnısının sədaları altında zala məktəbin maketi təqdim olundu. Maket kompozisiyası tədbir iştirakçıları arasında xüsusi rəğbət qazandı. Yüksək alqışlarla qarşılandı. Sonra məktəbin 100 illiyi ilə əlaqədar hazırlanmış tort kəsildi. Məclisin sonuna yaxın “Son zəng” səhnəsi təqdim edildi. 1987-1988-ci və 1988-1989-cu tədris ilinin məzunları və şagirdləri Bəxtiyar Vahabzadənin “Son zəng” şeirini səsləndirib, rəmzi olaraq son zəngi vurdular.
Tədbir iştirakçıları foyedə qoyulmuş “Xatirə kitabı”na ürək sözlərini yazdılar. Həmçinin foyedə çəkiliş aparan tele-müxbirin maraqlı suallarını cavablandırdılar.
Qeyd edək ki, Yubley tədbirinin təşkilində “Ardıc Hərəkatı” da dəstək verib
Millət