ATƏT Minsk Qrupunun canfəşanlığı

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyası İqor Popov, Fransa Stefan Viskonti və Amerika Birləşmiş Ştatları Andre Şofer) bu gün aşağıdakı açıqlamanı yayıblar.
 
Həmin bəyanatı diqqətinizə çatdırırıq:
 
“Həmsədrlər atəşkəsin möhkəmlənməsini məmnuniyyətlə qeyd edir və tərəflərin 9 Noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmaya əməl edilməsini diqqətlə izləyirlər. Həmsədrlər həlak olanların cəsədlərinin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri  və münaqişə nəticəsində köçənlərin yerləşdirilməsi, onlara humanitar yardımın göstərilməsi və zəruri yaşayış şəraiti ilə bağlı davam edən irəliləyişi, habelə bütün bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələri alqışlayır.
 
Həmsədrlər tərəflərə xatırladır ki, qalan problemli məsələlərin həlli və möhkəm sülh, əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün əlavə səylərin tələb olunduğu zəruridir.
 
Bunlara, əsasən aşağıdakılar daxildir: bütün hərbi əsirlərin və digər saxlanılan şəxslərin beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq qaytarılması, münaqişə bölgələrinin minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi; beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin qaldırılması; dini və mədəni irsin qorunması və müdafiəsi; və münaqişənin toxunduğu  icmalar və digər insanlar arasında etimad yaratma tədbirləri arasında birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi.
 
Həmsədrlər ATƏT-in verdiyi mandatın şərtlərini və bütün bölgə xalqlarının sabit, dinc və firavan gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərə yaxşı məlum olan elementlər və prinsiplər əsasında yekun olaraq hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu diqqətə çatdırırlar. 
 
Bu baxımdan həmsədrlər tərəfləri həmsədrlərin egidası altında tezliklə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırırlar.  Həmsədrlər tərəflərin öz prioritetlərini əks etdirən, strukturlaşdırılmış gündəmi nəzərdən keçirmələri və birlikdə razılaşdırmaları üçün həmsədrlərin egidası altında, əvvəlcədən heç bir şərt irəli sürmədən, birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayırlar.
 
Həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri onun səylərinə tam imkan yaratmağa və dəstək göstərməyə çağırırlar. Həmsədrlər, qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr də daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, həmsədrlər, tərəflərə həmsədrlərin səyahət marşrutları ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət etmələrini təmin etmək tələbini xatırladırlar”.

Millət