Bu gün Azərbaycan Tibb Universiteti tələbələri arasında "İlin ən yaxşı tələbə elmi tədqiqatçısı” adlı müsabiqəyə yekun vuruldu. ATU-nun Tədris Terapevtik Klinikasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş tədbirdə bu müsabiqənin final mərhələsi baş tutdu.
Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun rektoru, millət vəkili Əhliman Əmiraslanov əvvəlcə tədbir iştirakçılarını dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik etdi. Akademik Ə.Əmiraslanov çıxışında gənclərin elmə olan marağını daha da artırmağa ehtiyac olduğunu vurğuladı və qeyd etdi ki, əslində, elmə həvəsi olan gənclərə heç nə mane ola bilməz.
ATU-nun rektoru universitetdə alimlər üçün yaradılan şəraitdən, elmi laboratoriyalarla bağlı gələcək planlardan da söz açdı: "Yaxın vaxtlarda AMEA-nın dəstəyi ilə Kök Hüceyrə mərkəzinin qurulması planlaşdırılır. Eyni zamanda Azərbaycanda əczaçılıq fəaliyyətinin inkişafı üçün bitki xammalı var. Amma dərmanları adətən xaricdən alırıq. Dərman istehsalı üçün xüsusi laboratoriyalar olmalıdır. Əminəm ki, bizim universitetin əczaçılıq fakültəsinin maddi texniki bazasının möhkəmləndirilməsinə nail olacağıq”.
Ə.Əmiraslanov müsabiqədə iştirak edənlərə uğurlar arzuladıqdan sonra müsabiqənin finalına start verildi.
Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru İbrahim İsayev müsabiqənin şərtləri, qaydaları, reqlamentlər haqqında məlumat verdi. Bundan sonra finalçılar təqdimatlarla çıxış etdilər.
Qeyd edək ki, müsabiqənin ilk turunda hər fakültədən 1 tələbə seçilib. Finalda məhz onlar "Ən yaxşı tələbə elmi tədqiqatçısı” adı uğrunda mübarizə apardılar.
Sonda münsiflər heyətinin qərarı ilə müsabiqədə iştirak edən tələbələrdən 4 nəfəri mükafatlandırıldı.