ATU-da ağ ciyər köçürülməsi ilə bağlı konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Azərbaycan və Türkiyənin tanınmış mütəxəssislərinin iştirakı ilə "Dünyada ağciyər nəqli” mövzusunda konfrans keçirilib.

Tədbirdə ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, tibb elmləri doktoru, prof. Çərkəz Cəfərov və Türkiyənin Yedikule Göğüs Hastalıkları ve Göğüs Cerrahisi Eğitim ve Araşdırma Hastanesi Göğüs Cerrahisi Uzmanı, prof. Dr. Adnan Sayar məruzə ilə çıxış ediblər.

Tədris Cərrahiyyə Klinikasının konfrans zalında keçirilən tədbirdə Prof. Çərkəz Cəfərov "Traxeya və baş bronxlarda aparılan rekonstruktiv bərpa əməliyyatları", Adnan Sayar isə "Ağciyer Tümör cərrahiyyəsinin prinsipləri və irəli ağciyər rezeksiyonları” mövzusunda çox faydalı və maraqlı mühazirələri səsləndiriblər.

Döş qəfəsi cərrahiyyəsi və ağciyər transplantasiyası üzrə tanınmış mütəxəssis, Erzincan Universitetinin uzmanı Adnan Sayar dünyada ağciyər xərçəngi ilə bağlı durumu açıqladı. Onun sözlərinə görə, xərçəngin bu növü əsasən kişilərdə daha çox rast gəlinir. Professor son 2 ildə ağ ciyər xərçəngindən əziyyət çəkən 23 xəstəsinin olduğunu bildirib. Professorun sözlərinə görə, hazırda Türkiyədə 6 tibb müəssisəsində ağciyər köçürülməsi üzrə əməliyyatlar aparılır: "Bizim mərkəzdə hər il 15-ə yaxın ağciyər transplantasiyası üzrə əməliyyat keçirilir. İlk belə əməliyyat 2005-ci ildə baş tutub”. Qonaq Tədris Cərrahiyyə Klinikasında yaradılan şəraiti yüksək qiymətləndirərək, gələcəkdə bu klinikada ağ ciyər köçürülməsi əməliyyatlarının həyata keçirilməsi üçün əməkdaşlığa hazır olduqlarını bildirdi.

ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri Çərkəz Cəfərov isə traxeya və baş bronxlarda aparılan bərpa əməliyyatları haqqında danışıb. Onun sözlərinə görə, son illər 70 nəfərə yaxın xəstədə belə əməliyyatlar icra edib.

Tədbirdə ATU-nun mütəxəssisləri və həkim-rezidentlərlə yanaşı, Elmi-tədqiqat Ağ ciyər xəstəlikləri institutunun əməkdaşları da iştirak edirdilər. Sonda qonaqlar tədbir iştirakçılarının suallarını cavablandırdılar.